Bakını bürüyən toz fəsadlar yarada bilər

...Mütləq əhalinin xəbərdar olunması məsləhətdir



Son günlər Bakı və Abşeron yarımadasında müşahidə olunan tozlu hava şəraiti Türkmənistandan hərəkət edən hava kütlələri ilə bağlıdır. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.

U.Tağıyeva həmçinin açıqlamasında bildirib ki, 2-3 gündür şərq axınlarının üstünlüyü müşahidə olunur: "Artıq bir neçə gündür, şərq istiqamətli külək əsir. Türkmənistandan sahilyanı ərazilərə nisbətən tozlu hava kütlələri daxil olur. Bu, özünü daha çox Abşeron yarımadasında göstərir. Zəif

külək müşahidə olunduğundan həmin toz kütlələrinin səpələnərək dağılması hələlik mümkün olmur”.

Bəs, bu halın insanların səhhətinə təsiri necədir?

Tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq”ə açıqlamasında bildirib ki, belə havada xəstəliyə tutulma riski tozun tərkibindən asılıdır: "Əgər radiasiya xarakterli toz deyilsə, ciddi xəstəlik yarada bilməz. Tozun xarakteristikasından asılıdır.

Əgər havada kifayət qədər tozlanma varsa, hətta mikroskopik olsa belə, ən azından qoruyucu maskalardan istifadə edilməlidir. Ona görə ki, qıcıqlandırıcı tozlar nəfəs yoluna düşməsin. Çünki bunların əksəriyyəti müxtəlif zərərli tozlardır və nəfəs yollarını qıcıqlandıraraq xroniki bronxit və digər xəstəliklər əmələ gətirə bilər. Sonradan həmin toksidli maddələrin qana sorulması imkanları da istisna deyil.

Siklon və ya hansısa burulğan şəklində bu tozların bizim atmosferə daxil olması ehtimalı qaçılmazdırsa, mütləq əhalinin xəbərdar olunması məsləhətdir. İctimai yerlərdə gəzərkən, açıq havada olarkən qoruyucu maskalardan, respiatorlardan (ağız və burun qoruyucu) istifadə etmək lazımdır. Bu qoruyucu vasitələr ən azı tozun nəfəs yollarına keçməsinə mane olur”.

A.Qeybulla tozlu hava şəraitinin uzun müddət davam etməyəcəyini də ehtimal edib: "Müəyyən müddət üçün sakinlərə tozlardan qorunmaq tövsiyə olunur.

Hesab edirəm ki, meteorologiya üzrə məsul qurumlar məsələ ilə bağlı insanlara tövsiyə xarakterli açıqlamalar verməlidirlər”.

Vüqar Şahinoğlu