Şagirdlər də hərbi hissəni gəzəcək?

Ekspertlər məktəblilərə vətənpərvərlik hissinin aşılanması ilə bağlı fərqli fikirdədirlər




Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmış, polkovnik-leytenant Təranə Məmmədova Bakı Şəhəri üzrə Təhsil İdarəsinə baş məsləhətçi gətirilib. Bu barədə T.Məmmədova özü məlumat verib. Təhsil sahəsində işləməyin çox yaxşı olduğunu deyən hərbiçi xanım 21 illik təcrübəsinə əsasən vətənpərvərlik dərslərinin təşkilində məktəblərə yardımçı olacağını bildirib: "Etiraf edək ki, hazırda məktəblərdə vətənpərvərlik səviyyəsi aşağıdır, ona görə də bu istiqamətdə işləmək lazımdır. Bu baxımdan hərbi hissələrlə əlaqələrimizi genişləndirməyi düşünürük. Artıq bununla bağlı yeni planlar var. Məqsədimiz gənc nəslin vətəni sevməsi, vətənə bağlı olmasını təbliğ etməkdir”. Həqiqətən vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdəndir. Ona görə, bu hissin böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyələnməsi təlim-tərbiyə işinin ən vacib istiqamətlərindən sayılır.

Xüsusən, Azərbaycanın müharibə şəraitində olması gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılmasını labüd edir. Təhsil ekspertləri T.Məmmədovanın iradlarını dəstəkləsələr də, onun çıxış yolu kimi irəli sürdüyü təklifi məqbul hesab etmirlər. Təhsil üzrə ekspert Nadir İsrafilovun sözlərinə görə, sovet dönəmində ibtidai hərbi hazırlıq məsələlərinə son dərəcə böyük önəm yetirilirdi. Yəni hərbi-vətənpərvərlik işi bütövlükdə təlim-tərbiyə prosesinin prioritet sahəsi sayılırdı. Amma indi bu sahədə vəziyyət acınacaqlıdır: "O vaxt müstəqil olmayan Azərbaycan ərazisində hərbi idman oyunları, "TİR”lər, könüllü hərbi vətənpərvərlik idman cəmiyyətləri fəaliyyət göstərirdi. Lakin nədənsə, 90-cı illərin sonlarından etibarən bu məsələlərə diqqət azalmağa başladı. Buna əsas səbəb kimi isə Sumqayıtda baş verən partlayışlar göstərildi. Təhsil Nazirliyinin keçmiş rəhbərliyi bunu əsas gətirib orta məktəblərdə hərbi kabinetləri ləğv etdi. Məktəblərdə təlim silahları yığışdırıldı və tədris proqramlarında dəyişiklik edildi. İbtidai hərbi hazırlıq fənni gənclərin

çağırışaqədərki hazırlıq fənni ilə əvəz olundu. Ancaq bu dərsliklər də qeyri-peşəkarlar tərəfindən yazıldı. Bu dərsliklərin əsasını demək olar ki, mülki müdafiə məsələləri təşkil edirdi. Dəyişiklik böyük narazılığa səbəb oldu, amma nazirliyin keçmiş rəhbərliyi bunu belə əsaslandırdı ki, biz totalitar ölkə deyilik. Hərbiyə diqqət yetirmək elə də vacib deyil. Ona görə də, indiki vəziyyət yarandı. Düşünürəm ki, mövcud problemi aradan qaldırmaq üçün daha təsirli vasitələrdən istifadə etmək məqsədəuyğun olar”. Digər bir təhsil eksperti Nabatəli Qulamoğlu da deyir ki, vətənpərvərliyi təbliğ etmək üçün hərbi hissələrlə ciddi əlaqəyə ehtiyac yoxdur. Vətəndaşa milli ruhun aşılanması prosesi hələ körpə yaşlarından həyata keçirilməli, məktəblərdə davam etdirilməli və təkmilləşdirilməlidir: "Vətənpərvərlik duyğusu insanlara ailədə, orta məktəbdə, daha sonra isə cəmiyyətdə aşılanır. Tərbiyə prosesini tənzimləyən bu üç mərhələdə vətənpərvərlik hissinə yiyələnməyən şagird heç vaxt vətənpərvər ola bilməz. Bu gün Qarabağ qazisinə olan münasibəti görən şagirddən vətənpərvər olmasını gözləmək olarmı? Fikrimcə, cəmiyyətimizdəki mövcud problemləri həll etməsək, şagirdlərimiz vətənpərvər ruhda yetişməyəcəklər”. Daxili Qoşunların keçmiş sözçüsünün təhsil sahəsinə gətirilməsini məqbul saymayan ekspert hesab edir ki, şagirdlərin hərbi hissələri gəzməsi müsbət nəticə verməyəcək: "Vətənpərvərlik kitabla, nəzəriyyə ilə tədris olunmur. Bu duyğunu yalnız böyüklər öz əməlləri və addımları ilə yeniyetmələrə aşılayırlar. Körpəlikdən vətənpərvər ruhda tərbiyələnməyən şagird bütün hərbi hissələri gəzsə belə, heç vaxt vətənini sevməyəcək. İlk nöbvədə cəmiyyətin özünü tərbiyələndirmək lazımdır. Çünki ordu cəmiyyətin bir parçasıdır. Ordunun özündə də ciddi problemlər, mənəvi boşluqlar var. Mənəviyyatsız hərbiçi şagirdlərə hansı vətənpərvərlik hissini aşılayacaq?”.

Hərbi ekspert, polkovnik-leytenant Üzeyir Cəfərov isə yaxın dostu T.Məmmədovanın təklifini dəstəkləyir: "Təranə xanımı yeni təyinat münasibəti ilə təbrik edirəm. Onun təhsil sahəsinə gəlməsi bizi sevindirir. Çünki gəldiyi ilk gündən kifayət qədər ciddi və aktual məsələlərə toxunur. Çox düzgün qeyd edir ki, təhsil müəssisələrində hərbi vətənpərvərlik sahəsində çox ciddi boşluqlar var. Buna görə də, həmin problemlər vaxt itirmədən aradan qaldırılmalıdır. Ola bilsin, bəzilərinə bu iş asan gəlir. Amma düşünürəm ki, məsələ olduqca qəlizdir. Bu prosesi pedaqoji sahə ilə hərbi sahəni yaxından bilən insanlar həyata keçirməlidir. Çox istərdim ki, T.Məmmədova nazirlik qarşısında məsələ qaldıraraq, ölkənin bütün orta məktəblərində çağırışa qədər hərbi hazırlıq dərslərinin peşəkarlar tərəfindən keçirilməsi təklifini nazirin diqqətinə çatdırsın. Hərbi hazırlıq dərsləri kimlərinsə dostuna, qohumuna həvalə olunmamalıdır. Əgər təhsilin başında duranlar həqiqətən bu sahədə irəliləyiş istəyirlərsə, onda mütləq təklif olunanı qəbul etməlidirlər”. Şagirdlərin hərbi hissələrə getməsi və orda müəyyən təlimlər keçməsini önəmli faktor sayan ekspert SSRİ zamanı bu təcrübənin olduğunu bildirib: "Təəssüflər olsun ki, müharibə şəraitində olmağımıza baxmayaraq, müstəqil Azərbaycanda bu praktikadan istifadə olunmur. Ümid edirik ki, Təranə xanım özü kimi peşəkarları ətrafına yığaraq və mövcud problemlərin aradan qalxması üçün əlindən gələni edəcək”.

Hərbiçi Şahin Zamanov da orta məktəb-hərbi hissə əməkdaşlığının müsbət nəticə verəcəyini düşünür. Onun sözlərinə görə, bu sahədə mütəşəkkil işlər görülməlidir: "Əgər torpaqlarımız işğal altındadırsa, məktəblilər də, tələbələr də vətənpərvər olmağa borcludur. Bu işlərin həyata keçirilməsində Səfərbərlik İdarəsi xüsusilə fəal olmalıdır. Çünki idarənin funksiyası ölkənin müharibəyə keçid məsələsini təmin etməkdən ibarətdir. Şagirdlərin hərbi hissələrə aparılması məsələsi də kifayət qədər zəruridir. Bunun üçün müvafiq icazə olmalıdır. Məktəb rəhbərliyi uşaqları hərbi hissələrə özbaşına apara bilməz. Ancaq belə səfərlərin çox müsbət cəhətləri olacağını düşünürəm. Bir də sovet dövründə şagirdlər arasında keçirilən hərbi oyunlar bərpa olunmalıdır. Bu cür oyunlarla şagirdlər müharibənin səsinə, gedişinə az da olsa öyrəşə bilirlər. Biz müharibə şəraitində yaşayırıq, torpaqlarımızın 20 faizi işğal altındadır. Bu səbəbdən həm təbliğatımızı aparmalı, həm də gənclərimizi döyüş ruhunda tərbiyə etməliyik. Əgər gənclərin hərbi hazırlığına orta məktəblərdə nail olsaq, onlar gələcəyin gözəl əsgəri olacaqlar. Zabit bildirir ki, hərbi hazırlıq dərslərinin səviyyəsi də artırılmalıdır: "Bu dərsləri deyən şəxslər yüksək hərbi biliyə malik hərbçilər olmalıdır”.

İsmayıl