Direktorlar niyə sınağa çəkilmir?

Müəllimlər imtahanlardan narazılıq edir





Müəllimlərin sınaq qiymətləndirilməsinə sayılı günlər qalır. Təxminən 1 həftədən sonra Bakı şəhəri üzrə orta ümumtəhsil məktəblərinin müəllimləri imtahan verəcəklər. Məlumdur ki, təhsil nazirinin imzaladığı əmrə əsasən 10-12 iyun tarixlərində müəllimlərin sınaq imtahanları keçiriləcək. Bununla əlaqədar müəllimlərdən müəyyən narazılıqlar eşidilir. Müəllimlərin narazılığı qiymətləndirmənin aparılması ilə deyil, imtahanların keçirilmə metodu ilə bağlıdır.

Müəllimlər sual edir ki, bir halda ki, onlar sınaq attestasiyasından keçirilir, niyə məktəb direktorları, tədris hissə müdirləri, məktəb psixoloqları imtahandan azaddır. Halbuki direktorların da, tədris hissə müdirlərinin də dərs saatları var (6-11 saat) və onlar da sıravi müəllim kimi sinifə daxil olur. Müəllimin şagirdə ötürməyə biliyinin olub-olmaması, yaxud hansı səviyyədə olması yoxlanırsa, niyə də direktorlar və tədris hissə müdirləri yoxlamadan kənar qalmalıdırlar?

Digər məsələ, imtahan test tapşırıqlarının kimlər tərəfindən, harada, necə hazırlanmasıdır. Müəllimlər onlar üçün test tapşırıqları hazırlayan şəxslərin peşəkarlığına, təcrübəsinə, bilik və savadına necə əmin olmalıdır, bir halda ki, bu şəxsləri tanımırlar. Nəzərə alsaq ki, hazırda Təhsil Nazirliyi strukturunda cavan kadrlar çoxluq təşkil edir, belə çıxır ki, müəllimləri keçmiş şagirdləri imtahan edəcək. Burada deyiblər; bugünkü cücə dünənki fərəyə cip-cip öyrədir.

Deyilənə görə, imtahan tapşırıqlarının hazırlanmasında Təhsil Problemləri İnstitutu və Kurrikulum Mərkəzinin əməkdaşları tərəfindən hazırlanır. Lakin bu əməkdaşların heç öz fənlərini düz-əməlli bilmədikləri iddia edilir. Bununla yanaşı, nə üçünsə, test tapşırıqlarını hazırlamaq prosesinə orta məktəb müəllimləri də cəlb edilib. Məktəb direktorları müəyyən fənn müəllimlərinə suallar tərtib etməyi tapşırıb. Müəllimlər buna görə onlara heç bir əməkhaqqı ödənmədiyini də deyirlər və haqlı olaraq belə hesab edirlər ki, kiminsə işini onlara pulsuz icra etdirirlər.

Üçüncü məsələ, qiymətləndirmənin kimlər tərəfindən və hansı üsulla aparılacağıdır. Bununla bağlı da konkret mövqe ortada yoxdur. Dördüncü məsələ, 30 min müəllimin harada və necə imtahan verəcəyi və imtahanların məxfiliyinin qorunmasına zəmanətin olmamasıdır. Müəllimlər test tapşırıqlarının hazırlanması və imtahanların nəticələrinin yoxlanması prosesində qapalılıq şəraitinə tam əməl ediləcəyinə əmin deyillər. Artıq indidən müəllimlərə imtahan test tapşırıqlarını "təklif edənlər” də var. Başqa bir məqam, sınaq qiymətləndirməsinə hazırlıq müddətinin çox qısa olmasıdır. Müəllimlər "bu gün əmr imzalandı, sabah imtahan günü təyin edildi” prinsipinə qarşıdırlar. Bəzi müəllimlərin fikrincə, sınaq qiymətləndirilməsinin imtahan götürmək sahəsində artıq çoxillik təcrübəyə malik və sınanmış TQDK-ya həvalə edilməsi daha düzgün olardı. Bir halda ki, TQDK buraxılış, qəbul imtahanlarını uğurla həyata keçirir, dövlət qulluğuna qəbul imtahanları aparır, müəllimlərin qiymətləndirilməsinin bu quruma həvalə edilməsi daha məqbul sayılardı və obyektivliyə də şübhə edilməzdi.

Müəllimlər hesab edir ki, təhsil sahəsində aparılan bir sıra islahatlar, "yeniliklər” kimi bu sınaq qiymətləndirilməsi də Dünya Bankının maliyyələşdirilməsi əsasında həyata keçirilir. Və bu səbəbdən də sınaq qiymətləndirilməsini sadəcə, "tədbir xatirinə tədbir” sırasına aid etmək olar.

Göründüyü kimi, sınaq qiymətləndirmə ilə bağlı xeyli mübahisəli məqamlar və cavabı gərəkən suallar var.

Təhsil Nazirliyi hazırda, yəni imtahanqabağı ciddi məşğul olduğundan qaldırılan məsələlərə münasib bildiyi vaxtda cavab vermək hüququna malikdir. Hələliksə, təhsil eksperti Nabatəli Qulamoğlunun fikirlərini təqdim edək.

N.Qulamoğlu "Şərq”ə açıqlamasında sınaq qiymətləndirilməsi ilə bağlı TN-ə dəvət edildiyi və təkliflərini orada bildirdiyini dedi:

- Məni dəvət etmişdilər ki, prosesə qiymət verim, mən də fikirlərimi bildirdim. Dedim ki, bir az zaman məhdudiyyəti var. İmtahana hazırlıq prosesi üçün zaman çox qısadır. Amma bir məsələ var ki, bu, bir sınaq imtahanıdır. Gələcəkdə keçirilməsi planlaşdırılan attestasiyaya hazırlıq mərhələsidir. Diaqnostik məqsəd daşıyan sınaq yoxlamasıdır. Bu sınaq yoxlamasının nəticəsi olaraq heç bir müəllim işdən kənarlaşdırılmayacaq, heç bir müəllimin dərs saatları əlindən alınmayacaq. Yəni müəllimlərin bu sınaq yoxlamasından çəkinmələrinə əsas yoxdur. Sadəcə, Təhsil Nazirliyi özü üçün müəyyənləşdirmək istəyir ki, görsün bankında nə var, nə yox. Dedim ki, çox tələsik icra olunan prosesdir. Ancaq cavabları bu oldu ki, biz sadəcə, məlumat toplayırıq.

Məktəb rəhbərliyinin sınaq imtahanından azad edilməsi isə yalnız təşkilatçılıq naminədir, çünki məktəb rəhbərliyi prosesin təşkilində iştirak edir. Amma bu o demək deyil ki, məktəb direktorları toxunulmazdır. Zaman gələcək onlar da attestasiya olunacaq. Mən isə belə hesab edirəm ki, məktəb direktorları yalnız pedaqoji deyil, həm də siyasi fiqur olduqları üçün sınaq qiymətləndirilməsindən azad ediliblər. Hələ ki, istəmirlər, onların xətirlərinə dəysinlər. Test tapşırıqlarının hazırlanmasına gəlincə, məncə, bu işi nazirlik özü həyata keçirməlidir. TQDK-nın test nümunələrini müəllimlərinin imtahanına salsalar, bəlkə 10 faiz müəllim imtahandan çıxa bilər. 60 faiz o test tapşırıqlarını yerinə yetirə bilməyəcək. Amma test tapşırıqlarının hazırlanmasında əldə olan test nümunələrindən istifadə etmək olar, müəyyən dəyişikliklər etmək şərtilə. Bu, elə də çətin iş deyil. Müəllimlərin test tapşırıqlarının hazırlanmasında iştirakı isə köünllü olmalıdır. Heç kim müəllimi buna məcbur edə bilməz. Yoxlamanı isə maşınlar həyata keçirəcək. Burada insani amil, subyektivliyə imkan verilməsi ehtimalı sıfırdır. Bilirsiz, hər bir işdə olduğu kimi, burada da çatışmayan cəhətlər var. Əsas budur ki, müəllim özünü sınaqdan keçirəcək. Müəllim əksinə, razı olmalıdır ki, qoy məni yoxlasınlar, şagird qarşısında üzüqara olmayım. Öz fənnini bilən, savadlı müəllim üçün burada qorxulacaq bir hal yoxdur. Döşünə döyən müəllim imtahandan keçirilməsinə sevinməlidir, çünki burada onun biliyi üzə çıxacaq. Şagird qarşısında da, valideyn qarşısında da üzüağ olacaq. Yəqin ki, zaman keçdikcə müəllimlərin qiymətləndirilməsi prosesində də təkmilləşmələr aparılacaq, əyər-əskiklər aradan qaldırılacaq.

Məlahət Rzayeva