Ana və uşaq ölümləri...

İctimaiyyət nümayəndələri kimi günahkar bilir?
Jalə Əliyeva: “Hər şeyi dövlət strukturlarından gözləmək düzgün deyil. Hər birimiz yanımızdakı qadına daha düzgün yol göstərməklə ona yardımçı olmalıyıq”




Təranə Həsənova: "Biz müsəlmanlar eləyik ki, bıçaq sümüyə dirənməyincə müayinəyə getmirik. Çox rast gəlmişəm, qadınlar hamiləliyin son aylarında həkimə gedirlər”

Sevinc El-Sevər: "Bizdə qadınlar adətən hamiləliklərini planlaşdırmırlar. Toydan bir ay keçər-keçməz hamilə qalmasalar, ciddi əndişə keçirirlər”

Azərbaycanda son günlər ana, uşaq ölümü ilə bağlı xəbərləri tez-tez eşidirik. Hətta son aylar ölkə mediasının gündəmində daha çox ana ölümləri mövzusu dayanıb. Elə həftə olmur ki, "daha bir ana ölümü...” başlığı ilə xəbərlə rastlaşmayaq. Adətən bölgələrdən gələn bu sayaq xəbərlər paytaxta da ayaq açıb. Ölkəmizin üstünü qara bulud kimi alan bu bəlaya həkim savadsızlığı, ana məsuliyyətsizliyi, preparat çatışmazlığı... kimi səbəblər sadalansa da, xəbərlərin gündən-günə artımı problemin qlobal səviyyədə olmasından xəbər verir.

Bəzi ekspertlər hesab edir ki, ana ölümləri tarixin başqa dönəmlərində də sıx yaşanıb. Amma indi bu xəbərlərin artması sırf kampaniya xarakteri daşıyır. Bir ara əsgər ölümlərinin sayı artdığı kimi indi də sıra ana ölümlərindədir. Bir daha xatırladaq ki, bu, sadəcə versiyalardan biridir. Amma ölkədə geniş vüsət alan problemin görünən və görünməyən tərəfləri var.

Qeyd edək ki, Azərbaycanda növbəti ana və uşaq ölümü qeydə alınıb. Bu dəfə ana və uşaq ölümü faktı Suraxanı rayon 3 saylı Doğum evində baş verib.

Analar ölür, həkimlər işini bilməməkdə ittiham olunur. Bəs ictimaiyyət nümayəndələri kimi günahkar bilir?

Milli Məclisin deputatı, mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva uşaq ölümlərinin daha çox ucqar rayonlarda qeydə alındığını bildirib: "Ucqar bölgələrdə tibb ocaqlarının az olması, doğum evlərinin olmaması və ya şəraitinin mövcud standartlara cavab verməməsi bu göstəricini daha da artırır. Bununla yanaşı, dünyaya gələcək körpələrdə qüsurun vaxtında müəyyən edilməməsi, pasiyentlərin xəstəxanaya zamanında çatdırıla bilməməsi də bu kimi halları qaçılmaz edir. Bəlkə də orta əsrlərdə bu məsələlər o qədər də aktual olmazdı. Dünya bu gün o qədər qloballaşıb ki, atmosfer o qədər çirklənib ki, qadın həm özünü, həm də dünyaya gələcək körpəsini qorumağa borcludur. Bəzən bu hallar ailələrin özünün məlumatsızlığından da irəli gəlir”.

J.Əliyeva məlumatsızlığın aradan qaldırılması üçün treninq-seminarların təşkil edilməsini vacib sayıb: "Bu məsələdə qeyri-hökumət təşkilatlarının da üzərinə böyük məsuliyyət düşür. Hər şeyi dövlət strukturlarından gözləmək də düzgün deyil. Hər birimiz yanımızdakı qadına daha düzgün yol göstərməklə ona yardımçı olmalıyıq”.

"İnsan həyatına qarşı həkim heç bir məsuliyyətsizlik edə bilməz”

Qadın Krizis Mərkəzinin məsləhətçi həkimi Təranə Həsənova isə hesab edir ki, ana ölümlərinin sayı artmayıb, sadəcə, həddindən artıq qabardılıb. Əvvəllər bu hadisələr qabardılmırdı. Ona görə insanlar bunu hiss etmirdi: "2003-cü illə 2013-cü ili müqayisə etsək görərik ki, dəqiq artım yoxdur. Mən bunun səbəbini həkim məsuliyyətsizliyində görmürəm. İnsan həyatına qarşı həkim heç bir məsuliyyətsizlik edə bilməz. Doğuş elə bir prosesdir ki, bunun baş ağrısı ilə böyük fərqi var (?). Mətbuatda həkim məsuliyyətsizliyi fikri qabardılır. Ancaq mən bununla razı deyiləm. O ki qaldı səbəblərə, bunu ekstrogenital xəstəliklərlə izah edə bilərəm.

Mərkəz məsləhətçisinin sözlərinə görə, ana ölümlərinin səbəbi öncədən bilinməyən xəstəliklərlə bağlı olur. Məsələn, qadın qara ciyərində, böyrəyində problem olduğunu bilmir, hamilə qalır. Hamiləlik zamanı həkimə mütəmadi getmir. Nəticədə xəstəlik üstələyir. Doğuş zamanı ölümlə nəticələnir. Və yaxud da sonradan məlum olur ki, qadın hepatit imiş. Müayinə olunana qədər hepatit xəstəliyinin daşıyıcısı olduğunu bilmirmiş. Biz müsəlmanlar da eləyik ki, bıçaq sümüyə dirənməyincə müayinəyə getmirik. Çox rast gəlmişəm, qadınlar hamiləliyin son aylarında həkimə gedirlər. Soruşanda ki, niyə indi gəlmisən? Deyir "mənə evdə dedilər ki, biz ancaq doğuş zamanı həkimin yanına getmişik. Günün həkimdə keçəcək? O da sənə firma dərmanları yazacaq”. Səbəbi burada axtarmaq lazımdır”.

"Əksər ana ölümlərinin səbəbi xəstəlik daşıyıcısı olan analardır”

Təranə Həsənova hamiləlik zamanı bir dəfə də olsun həkimə getməyən insanlara da rast gəlib: "Sonda qadın doğmağa gəlir. Müayinə olunur və onda hepatit aşkarlanır. Hepatitin isə artıq elə bir mərhələsi aşkar olunur ki, qaraciyərdə dağılma prosesi gedir. O qadını heç kim xilas edə bilməz. Dünyanın heç bir yerində, heç kim bunu bacarmaz. Səbəbi burada axtarmaq lazımdır. Hamı deyir ki, həkim məsuliyyətsizliyidir. Həkim tutulsun. İnternetdə gedən şərhləri də oxuyuram və mənə gülməli gəlir. Elə bil kimsə qrip olub, onu sağaltmaqdan gedir söhbət. Bəs, onu törədən səbəb harda qaldı? Qısası, ana ölümlərinin əksəriyyətinin səbəbi ekstrogenital xəstəliklərdir, onların daşıyıcısı olan qadınlardır”.

Bəzən doğuşdan sonra dünyasını dəyişən qadının qan xərçəngi olduğu halların ortaya çıxdığını vurğulayan Təranə Həsənovanın sözlərinə görə, ekstrogenital xəstəliklər yaşdan asılı olmur. Həm 25 yaşındakı qadında, həm də 42 yaşındakı qadında ola bilər: "Çox az qisim qadın doğuş vaxtı olan qanaxmaya görə dünyasını dəyişir. Bunun da özünün səbəbləri var. Bəzən doğuşdan sonra dünyasını dəyişən qadının qan xərçəngi olduğu məlum olur. Bundan əlavə, Azərbaycanda laboratoriyalar bərbad gündədir. Həkimin yanına gələn qadın hansısa laboratoriyadan nəticə gətirirsə, onun düzgünlüyünə nə qədər əmin olmaq olar? Bəlkə də həmin laboratoriyanın müdiri özü çətinliyə düşsə, gedib xarici ölkədə analiz verər. Problemin kökü var. Lazım olan patologiya vaxtında laboratoriyada aşkarlana bilirmi? Adicə sidiyi gedib 5-6 laboratoriyada analiz etdirin, hər birindən ayrı cavab alacaqsınız. Həkim kimi bunlar hamısı mənim əlimin altından gəlib keçir. Bu ölümlərin səbəbləri hədsiz dərəcədə çoxdur. İnsanların sağlamlıqları əldən gedib. Xarici görünüşləri sağlam görünsə də, sağlam deyillər. Hamiləlik isə bunu daha da kəskinləşdirir. Sonda da bədbəxtliklər baş verir”.

Gənc yazar Sevinc El-Sevər isə üstümüzü alan bəlanın səbəbini əksər hallarda həkimlərimizin səhlənkarlığında görür:
"Tibb sahəsində müəyyən çatışmazlıqlar var. Qadın məsləhətxanalarında xüsusilə qüsurlar çoxdur. Hamilə qadınlar daimi kontrolda saxlanmalı, lazım olanda sahə həkimləri evlərdə yoxlamaya getməlidirlər. Amma çox zaman sahə həkimləri hamilə qadınlara pulsuz baxmaq belə istəmirlər. Maddi vəziyyətinə görə qadın məsləhətxanalarına getməyən hamilə qadınlar var. Hətta ev şəraitində dünyaya uşaq gətirənlər var. Amma səbəb təkcə bu deyil. Bizdə qadınlar adətən hamiləliklərini planlaşdırmırlar. Toydan bir ay keçər-keçməz hamilə qalmasalar, ciddi əndişə keçirirlər. Bu, bizim mental dəyərlərimizdən irəli gəlir. Hətta qadın üçün dünyaya uşaq gətirmək həyatı bahasına başa gələcəksə belə, o, bunu istəyir. Doğrudur, hər bir qadının ana olmaq haqqı var, bundan gözəl arzu ola da bilməz. Amma bədbəxtliklə nəticələnəcək addımı atmaq da doğru deyil, məncə. Mən bir qadın tanıyırdım. Üç qızı vardı. Oğlan övladı dünyaya gətirmək istəyirdi. Həkimlər qadağan edirdi, amma o, israrla bunu istəyirdi. Sonu da çox pis nəticələndi. Bəzi hallarda adamlar həkimlərin xəbərdarlıqlarına inanmır, inanmaq istəmirlər. "Hər şey Allahın əlindədi” deyə özlərinin və körpələrinin həyatını taleyin ümidinə buraxırlar. Nəticədə həkimlərin yaxası əldə qalır. Ümumiyyətlə, ana olmağa hazırlaşan qadınlar lazımi tibbi prosedurlardan və analizlərdən keçsələr, həkim rəyi alsalar, daha yaxşı olar. Bununla gələcək problemlərin qarşısını qabaqcadan almaq olar. Mən özüm üç uşaq dünyaya gətirmişəm. Bu problemləri yaşamışam. Hamiləlik müddətində bəzən elə problemlər ortaya çıxır ki, həmin problemləri hamilə olmamışdan qabaq aradan qaldırmaq mümkün olur”.

Şəymən