Kran körpüyə ilişdi, nöqsanlar üzə çıxdı

Bəzi yerlərdə körpülər, yeraltı və yerüstü keçidlər tələbata uyğun tikilməyib





Salyan şossesində çökən yerüstü piyada keçidi şəhər infrastrukturunda xeyli nöqsanlara yol verildiyini üzə çıxardı. Məlumdur ki, Səbail rayonu, Salyan şossesinin Şıx ərazisindən keçən hissəsində tikilmiş yerüstü piyada keçidi yükqaldırıcı maşının zərbəsindən uçub. Bu da birinci dəfə deyil. Bir müddət əvvəl analoji hadisə Biləcəri körpüsünün altında baş vermişdi.

Kranlı maşın körpünün altından kəçərkən kran körpüyə ilişmişdi və körpünün bir hissəsi uçmuşdu. Təbii ki, burada ilk növbədə qaldırıcı kranlı avtomobil sürən sürücülərin qeyri-peşəkarlığı söhbət mövzusudur. Sürücü idarə etdiyi avtomobilin hündürlüyünü bilməli və onu körpünün hündürlüyü - yəni, avtomobil ötürmə qabiliyyəti ilə düzgün hesablamalıdır. Nəhayətdə, maşını hara gəldi, sürmək olmaz. İkinci vacib məqamsa, şəhərdə tikilən körpülərin, yeraltı və yerüstü piyada keçidlərinin uyğun yerlərdə inşa edilib-edilməməsidir. Məsələn, şəhər sakinləri və xüsusən də avtomobili idarə edənlər hələ də anlaya bilmir ki, "20 Yanvar” metrostansiyası qarşısında o boyda körpü tikildiyi halda niyə o ərazidə daim tıxac yaşanır. Həm də şəhərə giriş istiqamətində. Maraqlıdır ki, şəhərə giriş istiqamətində körpünün altında hərəkət iflic olduğu saatlarda körpünün üzəri ilə "yellər oynayır”. Eyni vəziyyət axşam saatlarında şəhərdən çıxış istiqamətində də yaşanır. Xırdalan və Masazır yolunda tıxac yaranır, körpünün üstündə isə istəyirsən lap tankla gəz. Bunlar şəhər infrastrukturunun nöqsanlı qurulmasının nəticəsi deyilmi?

Nəqliyyat məsələləri üzrə Ərşad Hüseynov hesab edir ki, bəzi yerlərdə körpülər, yeraltı və yerüstü keçidlər tələbata uyğun tikilməyib:

- Götürək, Babək prospektinin "Ramstore”nin qarşısına çıxan hissəsini. Bilirsiz ki, orada həmişə avtomobil sıxlığı yaşanır. Hətta əvvəlcə orada yerləşən Audit Palatasının binasını da sökdülər, başqa evləri də köçürdülər ki, yol genişlənsin. Amma buna baxmayaraq orada yenə tıxaclar olur. Çünki yol qovşağı düzgün qurulmayıb. Xətai prospektindən "Montin” istiqamətinə gedən avtomobillərlə Babək prospektindən gələnlər biri-birilə eyni yolda toqquşur. Üç-dörd istiqamətdən hərəkət edən avtomobillər bir yolda kəsişir. Əlbəttə, tıxac yaranacaq. Orada yeraltı avtomobil keçidi də inşa edilib. Amma yenə də tıxacdır. Çünki keçidə enmək üçün avtomobillər həmin kəsişmə yolu keçməlidirlər. Ümumiyyətlə, körpülərin əksəriyyətində üst yol alt yola nisbətən boş olur. Körpü tikintisində məqsəd tıxacların aradan qaldırılması olduğu halda, əksinə vəziyyət yaranıb. Körpülərin alt hissəsi ilə daha çox maşın hərəkət edir, nəinki üst hissəsi ilə. Piyada keçidlər də belədir. Bəzən piyada keçidləri elə ərazidə tikirlər ki, orada keçidə ümumiyyətlə ehtiyac yoxdur. Piyadaların hərəkətini zolaqlar və işıqfor vasitəsilə tənzimləmək tamamilə mümkündür. Elə yerüstü piyada keçidləri var ki, gün ərzində 5-10 adam oradan keçə, ya keçməyə. Amma elə yollar var ki, piyadalar yolu keçə bilmir, hər tərəfdən avtomobillər şütüyür, bir keçid yoxdur ki, piyada rahatlıqla yolu adlasın. Məsələn, Qaraçuxur qəsəbəsində, "Qartal” heykəlinin önündə, dördtərəfli hərəkət var, piyadalar üçünsə, bir dənə də keçid yeri qoyulmayıb. Salyan şossesində uçurulmuş yerüstü körpünün də ancaq istirahət mərkəzinə gələnlər tərəfindən istifadə olunduğu deyilir. O zaman sual yaranır ki, bu keçidin tikintisinə nə ehtiyac vardı? Körpülər, keçidlər layihələndirilərkən avtomobillərin və piyadaların hərəkət sıxlığı nəzərə alınmalıdır. Sürücülərlə bağlısa, onları işə götürən müəssisə məsuliyyət daşıyır. Sürücü bilməlidir ki, hansı yolla maneəsiz hərəkət edə bilər. Onlara qaldırıcı kranla davranış qaydaları, təhlükəsizlik məsələləri başa salınmalıdır. Professional sürücülər işə qəbul edilməlidir. Sürücü görmür ki, körpünün və ya keçidin hündürlüyü nə qədərdir, oradan qaldırıcı kran keçər, yoxsa yox?! Həm də, dəfələrlə irad tutulub ki, kranlı avtomobillərlə şəhərdə hərəkət edərkən kran bükülmüş vəziyyətdə olmalıdır. İndi hər cür müasir texnikalar var. Sovet vaxtı deyil ki, kranı dikəldib şəhər boyu hərəkət edirlər. Dəfələrlə deyilib ki, şəhər infrastrukturu nəzərə alınaraq ağır tonnajlı maşınların, tikinti texnikasının hərəkətinə ciddi diqqət yetirilməlidir. Amma hər dəfə deyilir, danışılır, bir nəticə hasil olmur.

Əlavə edək ki, uçurulmuş yerüstü keçidlə bağlı dünən bəzi təfərrüatlar məlum olub. Milli.Az-ın xəbərinə görə, həmin yerüstü keçid "Grand park” istirahət-yaşayış kompleksinə mənsub olub. Kompleksdən bildirilib ki, həmin keçid hələ istifadəyə verilməmişdi. "Keçidin giriş-çıxışı niyə küçəyə yox, kompleksə açılırdı” sualına isə cavab verilməyib.

Keçidin uçması ilə bağlı Səbail Rayon Polis İdarəsində istintaq aparılır. İşi araşdıran müstəntiq Qüdrət Əliyev Milli.Az-a açıqlamasında bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma maddəsi ilə iş başlanıb və araşdırma aparılır. İstintaqın gedişində keçidin qanuni və ya qanunsuz tikilməsi ilə bağlı məsələlər də araşdırıla bilər.

Keçidin hansı səbəbdən ümumi deyil, bir kompleks üçün tikilməsi ilə bağlı "Azəryolservis” ASC də hələ ki, heç bir münasibət bildirməyib.

Daxili İşlər Nazirliyi isə Bakıda piyada keçidinin uçması ilə bağlı dünən rəsmi məlumat yayıb. Nazirliyin saytında yer almış məlumatda bildirilir ki, iyunun 2-si, saat 19 radələrində Səbail rayonu Salyan şossesində Şabran rayon sakini Tofiq Balabəyov idarə etdiyi "MAZ” markalı yükqaldırıcı kranı piyada keçidinə vurub. Nəticədə keçid aşaraq hərəkətdə olan Bakı şəhər sakini İlkin Hüseynovun idarə etdiyi "Mercedes” markalı yük avtomobilinin üzərinə düşüb. İ.Hüseynov xəstəxanaya yerləşdirilib.

Məlahət Rzayeva