Rusiya səfiri Azərbaycanda təhlükəli çağırışlar edir

Zəlimxan Məmmədli: “5-ci kolon”un aktivləşməsi və səfirin özünü ortaya atması da Kremlin “düyməyə” basması ilə əlaqəlidir”
Qabil Hüseynli: “Digər etnik azlıqlardan daha çox məhz ruslar dövlət strukturlarında təmsil olunurlar”


Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Bakıda yaşayan rus icması ilə keçirilən görüşdə ölkəmizdə yaşayan rusdilli gənclərin ölkənin elm, biznes və dövlət strukturlarında mühüm postlar tutmasının çox vacib olduğunu bəyan edib. Rus icmasına çağırış edən səfir deyib ki, Rusiya xaricdə yaşayan həmvətənlərə böyük diqqət ayırır. Doroxin əmin edib ki, səfirlik bundan sonra da Azərbaycandakı rus diasporuna dəstək verəcək.

Doroxinin çağırışına münasibət bildirən DAK-ın İdarə Heyətinin üzvü, "Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli səfirin çağırışını təbii qarşılasa da, müəyyən riskli məqamların olduğunu istisna etmir: "Bu cür çağırışa qadağa qoya bilmərik. Çünki eyni şeyi biz də Gürcüstanda yaşayan soydaşlarımıza deyirik. Hətta bəzi hallarda onlardan dövlət strukturlarında təmsil olunmağı tələb edirik. Çünki milliyətindən və dinindən asılı olmayaraq istənilən ölkənin vətəndaşı konstitusiyanın verdiyi imkanlardan bəhrələnərək seçkili və hakimiyyət orqanlarında təmsil oluna bilər. Bu, onun qanuni haqqıdır. Ancaq indiki dövrdə Rusiyanın Qafqaza, xüsusilə də Azərbaycana yönəlik siyasəti aqressivdir. Rusiya açıq şəkildə öz imperiya missiyalarını bu və ya digər formada diktə etməyə çalışır. Xüsusən, son zamanlar bu sahədə ciddi fəallıq hiss olunur. "5-ci kolon”un aktivləşməsi və səfirin özünü ortaya atması da Kremlin "düyməyə” basması ilə əlaqəlidir. Yəni rusların Azərbaycandakı hədəflərini diplomatik dillə sübut etməyə ehtiyac yoxdur. İnsanlar anlayır ki, Rusiyanın siyasi dairəsi Azərbaycanın demokratik dünyaya inteqrasiya etməsinə qarşı çıxır və ölkəmizi öz təsiri altında saxlamağa çalışır”.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli səfirin çağırışını əslində açıq olan bir qapını döymək kimi dəyərləndirib. Politoloqun sözlərinə görə, Azərbaycan milli azlıqların, qeyri-türklərin həm icra hakimiyyətində, həm də parlamentdə təmsil olunmalarına hər cür imkan yaradır: "Məsələ burasındadır ki, rusların bir ayağı qaçaraqdır. Gizlətsələr də, onların çoxunun ikili vətəndaşlığı var. Yəni ruslar bərkə-boşa düşən kimi Azərbaycanı tərk edərək Rusiyaya gedə bilərlər”. Q.Hüseynli qeyd edir ki, Doroxinin müraciəti rusları fəallaşdıra bilməyəcək. Çünki ruslar passiv topluluqdur: "Səfirin çağırışı yersizdir. Mixail Zabelin səfirin çağırışı ilə hərəkətə gəlib deputat seçilməyib ki? Azərbaycan dövləti ona qayğı göstərərək, rus icmasının nümayəndəsi kimi parlamentdə təmsil olunmasına şərait yaradıb. Azərbaycanda diskriminasiya yoxdur. Tolerantlıq mühiti hökm sürür. Hazırda bürokratik aparatın müxtəlif vəzifələrində kifayət qədər rus var. Elmdə, biznesdə, tibbdə, təhsildə xeyli sayda ruslar fəaliyyət göstərir. Digər etnik azlıqlardan daha çox məhz ruslar dövlət strukturlarında təmsil olunurlar. Hətta elə sahələr var ki, orda çalışan ruslar yerli əhalini də üstələyir. Özü də onlar Azərbaycanda ağır işlərdə yox, yüngül işlərdə, yüksək vəzifələrdə çalışırlar. Sadəcə onların siyasi partiyası yoxdur”.

İsmayıl