Əsəd qalib çıxacaq

Rəsmi Vaşinqton seçki marafonunu “demokratiyanın parodiyası” adlandırıb



Uzunmüddətli savaş paliqonuna çevrilmiş Suriyada ötən günlərdə prezident seçkiləri baş tutub. 50 ilə yaxın dövrdə ilk dəfədir seçki bülletenində birdən artıq namizədin adı var. Hazırkı dövlət başçısı Bəşər Əsədə qarşı iki tanınmayan opponenti, Maher al-Hajjad və Hassan al-Nuri marafona qatılıblar. Amma beynəlxalq bloklar hakimiyyət dəyişikliyinin gözlənilmədiyini iddia edirlər.

B.Əsədin yenidən dövlət başçısı olacağını proqnozlaşdırırlar. Bildirirlər ki, Amerika seçkilərə müşahidəçi qismində nümayəndə göndərməyib. Rəsmi Vaşinqton marafonu "demokratiyanın parodiyası” adlandırıb. Seçkiləri isə hazırkı rejiminin müttəfiqləri olan Şimali Koreya, İran və Rusiyadan olan müşahidəçilər izləyir. Bu baxımdan hesab edirlər ki, B.Əsəd qeyd-şərtsiz yenidən dövlətin başına gətiriləcək. Məlumatlara görə, bu işdə B.Əsədə daha çox Moskva lideri Vladimir Putin dəstək verəcək.

Münaqişə bölgəsindəki seçkiləri şərh edən Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli "Şərq”ə açıqlamasında qeyd edib ki, indiki seçkilərə qədər B.Əsədi hakimiyyətdən uzaqlaşdırmaq istəyirdilər: "Amma kimyəvi silahların istifadəsindən imtina etmə xəttini seçdikdən sonra onu devirmək fikrindən daşındılar. Bu uğura görə, Kimyəvi Silahların Ləğvi üzrə qurum Nobel mükafatı da aldı. Bundan sonra Əsəddə özünəinam yarandı. Göstərilən təzyiqlərə baxmayaraq hakimiyyətdə qala bilir”.

B.Əsədin özünü legitim prezident kimi təqdim etdiyini söyləyən ekspert bildirib ki, hadisələrin başında onun özü dayanır: "Lakin Əsəd bunları inkar edir. Suriya xalqının onu müdafiə etdiyini dilə gətirir. Ona qarşı döyüşənlərin suriyalılar olmadığını söyləyir. Həmin insanları xarici qüvvələrin aləti kimi təqdim edir. Bu şəkildə fikirlər səsləndirir. Əsəd özünü qanuni dövlət rəhbəri sayır. Çox ciddi sosial dayaqlara malik olduğunu iddia edir.

Politoloq hesab edir ki, Əsəd uduzsa da, postunu qanuni şəkildə tərk etməyəcək: "Onun qalib olması ehtimalı daha böyükdü. Bu baş verməsə, seçkilərin yekunu ondan xəbər verəcək ki, plan öncədən razılaşdırılıb. Amma onun məğlub olma ehtimalı çox azdı. Seçkilərə gedibsə, seçkilərdə məğlub deyil, qalib kimi çıxmaq niyyəti var”. Ekspertin sözlərinə görə, Suriyada demokratik və şəffaf seçkilərin keçirilməsi barədə söylənilənlər uydurmadan başqa bir deyil: "Hazırkı reallıqlar fonunda seçkilərin ədalətli keçəcəyini düşünmək sadəlövhlük olardı”.

Ayyət Əhməd