“Reuters”in məlumatı təsdiqini tapmadı

Avropa şirkətləri enerji layihələrindən uzaqlaşmır



Avropa şirkətləri Azərbaycanın enerji layihələrini tərk edir. Fransanın "Total” və Almaniyanın E.on şirkətlərinin Transadriatik Qaz Kəməri (TAP) layihəsindən çıxacağı bildirilir. Şirkətlərin layihəni tərketmə səbəbləri isə açıqlanmır. Şirkətlər də hələlik heç bir şərh vermir.

Həmçinin gözlənilir ki, yaxın vaxtlarda Norveç şirkətinin direktorlar şurası, ümumiyyətlə, "Şahdəniz”dəki payını, habelə "Əsrin müqaviləsi”ndəki payını satmaq barədə qərar verə bilər. "Şahdəniz” konsorsiumu bu yataqdan hasil olunacaq qazın Avropaya TANAP və onun davamı olaraq TAP marşrutu ilə nəqlini seçəndən sonra "Statoil” və "Total” elan etdilər ki, təqribən 10 milyard avroya başa gəlməsi gözlənilən TANAP layihəsində yer almayacaqlar. İndi isə Fransa şirkəti və onun alman ortağı TAP-dan da imtina edirlər.

Avropa şirkətlərinin strateji əhəmiyyəti olan enerji layihələrindən çəkilməsinin arxasında siyasi məqamların dayanması barədə hələlik məlumatlar yoxdur.

Məsələyə artıq aydınlıq gətirildiyini deyən Neft Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban "Şərq”ə söyləyib ki, bu, şayiədən başqa bir şey deyil: "Məlumatı "reuters” agentliyi yayıb. Bu da təsdiqini tapmadı”.

ARDNŞ-nin investisiya departamentinin rəhbəri Vaqif Əliyevin açıqlamasına gəlincə, ekspertin sözlərinə görə, adıçəkilən şəxs qeyd edib ki, uzunmüddətli infrastruktur layihələrində şirkətlər layihələri tərk edə bilərlər, eyni zamanda daxil də ola bilərlər: "Hesab edirəm ki, sözügedən şirkətlər layihəni tərk etsələr də, bu, TAP-ın səmərəliliyinə zərbə vurmayacaq”.

Ayyət Əhməd