Bütün icra başçıları biri-birinə bənzəmir

Fazil Mustafa və Aydın Mirzəzadə çox razılıq edirlər



Son illər bəzi bölgədən seçilmiş deputatlarla rayon icra başçıları arasında problemlər yaşanır. Milli Məclisin bəzi üzvləri deputat seçildikləri bölgələrdə yerli məmurlarla dil tapa bilmir. Bunun əsas səbəbi icra hakimiyyətlərinin başçıları tərəfindən deputatlara ciddi maneələrin törədilməsidir. Məhz, bu əngəllər səbəbindən bəzi parlamentarilərimiz deputat seçildikləri rayonlarda işləyə bilmirlər. Müxtəlif zamanlarda bəzi millət vəkillərinin media nümayəndələri ilə söhbəti zamanı yerlərdə icra başçısı - deputat münasibətlərinin gərgin olduğunu etiraf etdiyinə dair iddialar da var.

Deputatlar bildirirlər ki, rayonlarda seçicilərimin problemlərinin həlli ilə maraqlananda, bu, bəzi yerli məmurların xoşuna gəlmir. Özlərini işlədikləri rayonların sahibi kimi aparan İcra Hakimiyyətinin başçıları heç kimi saymır, hətta deputatları belə yaxın buraxmaq istəmirlər. Millət vəkilləri deyirlər ki, öz seçicilərinin problemlərinin həllilə məşğul olarkən icra başçıları bunu qısqanclıqla qarşılayır, dolayı yollarla maneçilik törətməyə çalışır, məsələni süründürməçiliyə salırlar, yəni rayonların "kiçik padşahları” elə hesab edirlər ki, deputatlar onların işinə müdaxilə edir. Bəzi rayonlarda isə deputatların icra strukturlarından asılı olması barədə məlumatlar var.

Bir sıra rayonlarda tərəflər arasında münasibətlərin münaqişə həddinə çatdığı qeyd olunur. Araşdırmalar göstərir ki, yerlərdən deputatlara ünvanlanan şikayətlər əsasən sosial problemlərlə əlaqədardır. Həmin problemlərin isə rayon icra hakimiyyətlərindən qaynaqlandığı heç kimə sirr deyil. Görünən odur ki, icra başçısı ilə "dostuq” deyən millət vəkillərinin sayı çox azdır.

Onu da deyək ki, bəzi millət vəkillərinin bölgələrə buraxılmadığı söyləntiləri də yayılmaqdadır. Modern.az-ın araşdırmalarına görə, Gəncədə də İcra Hakimiyyətinin başçısı ilə bu şəhərdən seçilən deputatlar arasında olduqca sərin münasibətlər hökm sürməkdədir. Bundan başqa, Xaçmaz, Goranboy, İmişli, Qusar, Yevlax rayonunda, Mingəçevir, Sumqayıt kimi şəhərlərdə də icra başçılarının həmin bölgələrin deputatlarını eşitmək istəmədiklərinə dair yetərli məlumatlar var. Yerlərdə məmurların deputatlara bu cür soyuq münasibəti sonda vətəndaşa ziyan vurur. Adi bir problemini həll etməyə çalışan rayon sakini bu cür münasibətlərin nəticəsində iki tərəf arasında get-gələ düşür.

Millət vəkili Fazil Mustafa isə seçildiyi Sabunçu rayonunda icra başçısı ilə hər hansı bir problemin olmadığını bildirib: "Hazırda bu məsələlər hakimiyyətin kadr siyasətinin hansı bölgədə, nə dərəcədə uğurlu olub-olmamağından asılı olaraq tənzimlənir. Millət vəkillərinin də səlahiyyətləri bəllidir, icra başçılarının da. Konkret olaraq, Sabunçu rayonunda bizim icra başçısı ilə hər hansı bir şəkildə problemimiz olmayıb. İcra hakimiyyəti tərəfindən millət vəkilinin qaldırdığı məsələlərə, həmçinin şikayətçilərin şikayətlərinə dərhal operativ reaksiya verilir. İcra başçısına müraciət olunan kimi orqanın müvafiq qurumları həmin işin araşdırılmasına və yerində həllinə dərhal göstəriş verirlər. Bu isə onun göstəricisidir ki, son dərəcə qarşılıqlı səviyyəli münasibətlər mövcud olan yerdə problem yaşana bilməz. Mən hesab edirəm ki, Sabunçu rayon icra başçısı bu məsələdə olduqca nümunəvi bir icra başçısı sayıla bilər. Çünki rayon daxilində olan hansısa problem ortaya çıxırsa və yaxud da illik hesabatlar olursa, mütləq millət vəkilinin də orada mövqeyi səslənir. Millət vəkilinin tənqidinə dərhal reaksiya verilir. Bu, olduqca müsbət bir haldır. Qarşılıqlı normal münasibətlər olduqda heç bir ziddiyyət ortaya çıxmır. Millət vəkilləri və icra başçıları qarşılıqlı şəkildə bir-birlərinə kömək etməlidir. Millət vəkili həmçinin, öz funksiyasını yerinə yetirərək, seçiciləri narahat edən problemləri aradan qaldırıb, onların həllinə nail olmalıdır. Və əgər bu problemlərə yerli icra orqanları mənfi münasibət göstərib məsələni qulaqardına vurarlarsa, bu halda ciddi şəkildə vətəndaşın hüquqları pozulmuş olar. Şükürlər olsun ki, Sabunçu rayonunda ilk vaxtdan etibarən millət vəkili və icra başçısı münasibətlərində heç bir gərginlik olmayıb. Və bizim münasibətlərimizdə vətəndaşı narazı sala biləcək heç bir addım atılmayıb”.

Millət vəkili Aydın Mirzəzadə də yayılan məlumatların tam əksinə olaraq, icra başçıları ilə millət vəkilləri arasında münasibətlərin normal olduğunu və əksər hallarda bu münasibətlərin möhkəm dostluğa əsaslandığını deyib: "Bu günə qədər hər hansısa deputatın seçildiyi bölgənin icra başçısı ilə pis münasibətdə olduğunu eşitməmişəm və şahidi də olmamışam. Konkret olaraq, özümə gəldikdə isə mənim təmsil etdiyim Mingəçevir şəhərinin başçısı ilə münasibətlərim kifayət qədər yüksək səviyyədədir. Hətta deyərdim ki, Azərbaycanda ən yaxşı deputat - icra başçıları arasında münasibət, məhz Mingəçevir şəhərindədir. Millət vəkili olduğum bütün dönəmlərdə başçıların hər biri ilə əlaqəm olub. O cümlədən də hazırkı başçı Niyaz Bayramovla çox yaxşı münasibətim var. Demək olar ki, biz hər gün biri-birimizlə əlaqə saxlayır, şəhərlə və ya hansısa bir problemlə bağlı məsləhətləşir, müzakirələr aparırıq. Ayda azı bir-iki dəfə Mingəçevirdə oluram. Seçicilərlə görüşdən əlavə müntəzəm olaraq şəhərdə keçirilən bütün tədbirlərə şəxsən N.Bayramov tərəfindən dəvət alıram. Tədbirdən əvvəl də, sonra da başçı ilə görüşüb söhbətləşirik. Biz hər birimiz öz vəzifəmizə məsuliyyətlə yanaşmaqla bahəm, həm də biri-birimizə qarşı xoş insani münasibətlər bəsləyirik. Seçicilərimin mənə zəngləri və ünvanlanan məktublarda yer alan problemlərlə bağlı da tez-tez fikir mübadiləmiz olur. Şəhərlə bağlı hansısa problemin həllinə nail olmaq üçün birgə fəaliyyət proqramlarımız olur. Ötən ilin aprel ayında Mingəçevirə səfəri zamanı şəhər qarşısında ölkə başçısının qoyduğu öhdəliklərin yerinə yetirilməsi istiqamətində həm icra başçısı, həm də digər deputat həmkarım Əli Hüseynli ilə mən birlikdə iş aparırıq. Bizim münasibətlərimizdə heç bir problem yoxdur və ola da bilməz. Hesab edirəm ki, deputat - icra başçıları arasındakı münasibətlər, məhz bu cür də olmalıdır. Hər bir icra hakimiyyəti başçısı və qanunvericiliklə seçilən deputat təmsil etdiyi bölgənin, ümumilikdə isə dövlətin möhkəmlənməsi üçün əl-ələ verməli və sosial problemlərin həllində öz töhfəsini verməlidir”.

Qeyd edək ki, millət vəkili digər bölgələrdən parlamentdə təmsil olunan həmkarlarının da icra başçıları ilə münasibətlərinin normal olduğunu və heç bir narazılıq eşitmədiyini bildirib və mətbuat orqanlarında bəzi millət vəkillərinin bölgələrə buraxılmaması iddialarının da haradan qaynaqlandığından xəbərsiz olduğunu deyib.

Şəymən