Nüfuzu qalmayıb: Ona görə bələdiyyə seçkilərinə maraq tamam azalıb





Bu ilin dekabrında Azərbaycanda bələdiyyə seçkiləri baş tutacaq. Marafona təxminən 6 ay qalsa da, siyasi təşkilatlarda aktivlik müşahidə olunmur. İqtidarla yanaşı, müxalifət düşərgəsində də passivlik hökm sürür. Siyasi qurumlar seçkiyə maraq göstərmirlər. Demək olar ki, heç bir partiya seçkilərlə dair yerlərdə təbliğat- təşviqat işi aparmır.

Ola bilər ki, hansısa partiya müəyyən addımlar atsın, amma bu, gözəçarpacaq səviyyədə deyil. Müxalif təşkilatlar seçkinin əhəmiyyətsizliyini və perspektivsizliyini qeyd edirlər. Bəziləri belə bəyanatlar səsləndirirlər ki, bələdiyyənin səlahiyyətləri artırılmasa, marafona qatılmayacaqlar. Müxalif təşkilatların bu cür soyuqqanlı yanaşması ictimaiyyətdə də etiraz doğurur. İnsanlar siyasi təşkilatlarımızın marafona qardaş Türkiyədəki kimi ciddi hazırlaşmalarını istəyir.

Azərbaycanda bələdiyyələrin nüfuzunun çox aşağı olduğunu deyən tarix elmi üzrə fəlsəfə doktoru, Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı "Şərq”ə bildirib ki, adıçəkilən struktur güclü səlahiyyətə malik deyil. Onun sözlərinə görə, bu orqana verilən səlahiyyətlər ikili xarakter daşıyır: "Elə statuslar mövcuddur ki, onu bələdiyyələrlə yanaşı, icra strukturlarına da tapşırıblar. Belə olan halda icra rəhbərləri bələdiyyə sədrlərinin həmin səlahiyyətdən istifadəsini məhdudlaşdırır. Əlindəki statuslardan faydalanmağa imkan vermir”.

Ekspertin qənaətincə, bələdiyyələrin səlahiyyətləri ayrılmalıdır: "İcra ilə bələdiyyələrin səlahiyyətləri üst-üstə düşməməlidir. Bələdiyyələrin müstəqil səlahiyyətlərinin olmaması nüfuzlarının aşağı salınmasına gətirib çıxarır”.

Müxalif təşkilatların seçkilərə münasibətinə gəlincə, ekspert qeyd edib ki, müxalifətin yeganə yolu seçkidir: "Müxalifət həmişə fəal olmalıdır. Nöqsanları tənqid edərək aradan qaldırılmasını tələb etməlidir”.

İqtidarın daxilində bu seçkiyə marağın zəiflədiyini deyən M.Zülfüqarlı vurğulayıb ki, bələdiyyələrə münasibət əvvəlki kimi deyil: "Əvvəllər bələdiyyə üzvü olmaq istəyənlər çox idi. İndi belə hal müşahidə olunmur. Torpaq satqısı barədə neqativ hallara görə bələdiyyə sədrlərinə cinayət işinin qaldırılması belə bir məcraya gətirib çıxardı. Məsələn, bir icra başçısı dönəmində seçilən bələdiyyə sədri həmin başçısı dəyişiləndən sonra təftiş olunur. Cinayət məsuliyyətini də birbaşa sədrlər daşıyır. Bələdiyyələrin nüfuzunu qaldırmaq üçün qanunun aliliyini təmin etmək və səlahiyyətlərini artırmaq lazımdı. Belə olarsa, iqtidar və müxalifət nümayəndələri fəal iştirak edəcəklər”.

Türkiyədəki bələdiyyə seçkilərinə diqqət çəkən ekspertin fikrincə, qardaş ölkədə bələdiyyə seçkisi əsas sayılır: "Bu seçkilərdə qalib gələn partiya parlament seçkilərində də qalib gələ bilir”.

Ayyət Əhməd