Aqşin Yenisey: “Daha içki ilə qurtardım”

“Həkimlər deyir ki, 50 qram da, lap bir butulka da içsən, elə orada da qalacaqsan”



Bu günlərdə bir çoxlarımızı düşündürən bir məsələ var: "Aqşin Yenisey necədir? Sağalıb, görəsən?” Gənc şairin oxucuları, sənət dostları, media nümayəndələri, ictimaiyyət xadimləri onun səhhəti ilə bağlı yaşadığı problemdən çox narahatdır. Hətta səhhəti ilə bağlı ciddi problemlər yaşayan, xərçəngdən əziyyət çəkən böyük şairimiz Vaqif Səmədoğlunun da müsahibənin ortasında qəflətən "Aqşinə nə olub” sualı bunun isbatıdır.

Demək ki, öz yaradıcılığı, öz qələmi ilə Aqşin Yenisey insanların diqqətini özünə cəlb edə bilib. Birmənalı şəkildə deyə bilərik ki, Aqşin xəstəxanaya düşdükdən sonra onun sağlamlığı ilə bağlı məlumatlar mətbuatın gündəmini "zəbt” elədi. Onu istəyən və istəməyən hər kəs sosial şəbəkədə şairin durumunu müzakirə predmetinə çevirdi. Kimi şairin xəstələnməsini üzüntü ilə qeyd edib, ona Allahdan şəfa dilədi. Bəziləri isə şair barəsində insanlıqdan uzaq statuslar yazaraq az qala Aqşin Yeniseyin ağır günlərini bayramla qarşıladılar. Buna isə şairin öz yazılarında dinimizə sataşması ilə bəraət qazandırdılar. Amma hər şeyə rəğmən bir neçə gün öncə ölümlə pəncələşən gənc şairimiz ayaqda qalmağı bacardı. Bu gün şairlə əlaqə saxlayıb səhhəti və müalicəsinin gedişiylə maraqlandıq. O, indi özünü sağlam və yaxşı hiss edir. Ən əsası isə odur ki, amansız serroza qarşı mübarizədə qərarlı görünür. Bəli, bu sözləri bizimlə söhbətində, məhz şairin özü deyib:

- Orqanizmim müalicəyə qarşı reaksiya verib. Səhhətimdə müsbətə doğru xeyli irəliləyiş var, gün keçdikcə özümü daha da yaxşı hiss edirəm. Xəstəxanaya düşdüyüm gündən bəri xeyli yaxşılaşmışam. Mərkəzi Gömrük Xəstəxanasına köçürüldükdən sonra psixoloji olaraq da rahatlıq tapmışam. Çünki burada hər cür şərait yaradılıb, müalicə prosesi də çox yüksək səviyyədədir. Bura digər xəstəxanalardan dəfələrlə yaxşıdır. İndi əvvəlki günlərə nisbətən rahatlıq tapmışam.
İlk günlər sarılığın əlamətləri yetərincə şiddətli idi. Gözlərimin, dərimin rəngi sapsarı idi. Demək olar ki, artıq onlar yoxa çıxmaq üzrədir. Qaraciyərimin yuyulma prosesi də effektivdir. Qarnımda yığılmış suya görə bir az narahatlıq var idi, suyu çəkirlər deyə, o narahatlıq da yavaş-yavaş yox olur. Sistemlər köçürülür, qaraciyərimi yuyurlar. Əgər belə sürətlə irəliləyiş olsa, yəqin ki, beş-altı günə buradan çıxacağam. Bundan sonra iynə-dərman yazacaqlar, evdə müalicə almağa davam edəcəyəm. Analizlərdən sonra həkim özü də mənə dedi ki, qanımda olan zəhərlənmə xeyli azalıb.

Müalicəniz nə qədər davam edəcək?

- Hələ ki, dəqiq heç nə deyə bilmərəm. Bu barədə məndə dəqiq məlumat yoxdur. Həkimlər də bir söz demir. Hazırda müaciləmin birinci hissəsi uğurla davam edir. Yəqin ki, ikinci hissə mənim üçün o qədər də çətin olmayacaq. Əsas məsələ kritik vəziyyətdən çıxmaq idi ki, çox şükür həmin günlər artıq geridə qalıb. Allahın, dövlətin köməkliyi ilə ağır vəziyyətdən çıxmışam. Sözün açığı, müalicəmin yekunu barədə danışmaq üçün çox tezdir. Ola bilsin ki, həkimlər vəziyyətimi müzakirə edəndə qərar qəbul edəcəklər, amma mənə heç nə demirlər. Durumumun yaxşılaşmasına baxmayaraq, həkimlərin son sözü budur ki, bir müddət xəstəxana rejimində yatmalıyam və müalicəmi almalıyam.

Hələ durumu ağırkən, Aqşin Yenisey xəstəxanaya düşəndə həkimlər onun sağalacağı ilə bağlı ümidsiz idi. Şairin yaxınları da mətbuata verdiyi açıqlamalarında şairin xəstəliyinin ağır olduğunu, onun sağalması üçün Aqşinin mütləq əməliyyat olunmasını, bunun üçün də xaricə aparılmasını iddia edirdilər. Amma şairin özü artıq əməliyyata heç bir ehtiyac qalmadığını və serroza, sadəcə, müalicə ilə qalib gələcəyini deyib:

- Vəziyyətim ağırlaşanda ilk olaraq məni "Semaşko” kimi tanıdığımız 1 saylı Şəhər Klinik Xəstəxanasına yatırıblar. Haradasa, 4 gün orada qaldım. Həmin vaxt mənə dedilər ki, durum ağır olduğu üçün qaraciyər transplantasiyasına ehtiyac var. Buna səbəb kimi də qaraciyərimin bir hissəsində konkret olaraq, serrozun əlamətlərinin olduğunu göstərdilər. Ancaq həm "Semaşko”da, həm də burada bir neçə günlük müalicədən sonra qaraciyərimin əməliyyat məsələsi gündəmdən çıxdı. Hazırda heç transplantasiyanın adını da anan yoxdur. Yəni orqanizmim edilən müalicələrə müsbət reaksiya verdiyi üçün türklər demiş: "O konu kapandı”.

- Bəs, ziyarətinizə necə, gələn-gedən varmı? Yaxınlarınızın, dostlarınızın sizinlə görüşünə həkimlər tərəfindən hansısa əngəllər yoxdur ki...

- Heç bir problem yoxdu. Mərkəzi Gömrük Hospitalında görüş vaxtı iş günlərində saat 18:00-dan 21:00-a kimi, bazar günləri isə 14:00-dan 21:00-a kimidir. Gəlmək istəyən dost-tanış mənə zəng edir və mən də onlara həmin vaxtları deyirəm. Hətta gələnlərə də deyirəm ki, ancaq özünüz gəlin. Nə evdən yemək gətirin, nə də dükan-bazardan bir şey alın. Onsuz da ki, heç nə keçirmirlər. Xəstəxananın özünün hər şeyi var. Hətta bura köçürüləndə özümlə burada geyinmək üçün yüngül pal-paltar və digər vacib əşyalar götürmüşdüm. Amma həkimlər hamısını bir çantaya yığıb, əlimə verdilər ki, qardaş, apar bunları evinə. Sağ olsunlar, hər kəs sağlamlığımla maraqlanır. Gələnlər gəlir, gəlməyənlər də telefon vasitəsilə əlaqə saxlayır. Hər kəsə minnətdaram.

- Xəstəliyiniz sosial medianı əməlli-başlı silkələdi. Siz, xəstəxanada ağrı-acılar çəkən zaman ünvanınıza heç də xoş olmayan sözlər deyildi. Hətta sizə qarğış yağdıranlar da oldu ... "Sənə bu da azdır”, "cəzanı çəkirsən”, "bu adam islam və Allah düşmənidir, qardaşlar. Dua edin ki, ayağa qalxmasın”. Bu şərhlər qarşısında sözünüz...

- Mən o statusların heç birini ciddiyə almıram. Bütün bu deyilənlər, sadəcə cəfəngiyyat, xurafatdır. Savadsız adamların həyata baxış tərzidir. Əgər, ayağım sınıb xəstəxanaya düşsəydim də, yenə haqqımda həmin sözləri yazacaqdılar. Çünki xalqımız xurafatla böyüyüb. Hələ uşaq vaxtlarımdan bu günə qədər də kənddə "filankəsin oğlu orucluq ayında içki içdiyinə görə, dağdan yıxılıb, qol-qıçı sındı”, yaxud da "filankəs məhərrəmlikdə içdiyi üçün ilan sancdı, öldü deyirdilər”. Bizim xəmirimiz bununla yoğrulub. Biz bir xalq olaraq, elmlə böyüməmişik deyə, bu gün də elmi yaxına buraxmaq istəmirik. Çünki elmlə yetişmək insandan zəhmət, enerji tələb edir. Biz isə tənbəl olduğumuz üçün hər şeyin bir ucunu Allaha bağlayırıq. Mən gündə 3-4 butulka araq içim, qaraciyərim serroz olsun. Burada Allahın nə günahı var? Axı niyə hər şeyi öz ağılları kəsdiyi yerə yozurlar, başa düşə bilmirəm? Allah hər kəsi yaradanda ona sağlam orqanizm verib. Biz də könüllü şəkildə öz orqanlarımızı məhv etməklə məşğuluqsa, buna Allah neyləsin? Tutalım ki, biri zəhər içib, yaxud da özünü asıb intihar edir. İndi işimizi-gücümüzü atıb, onu müzakirə edək, Allahın ayağına bağlayaq ki, gördünüz, filan vaxt Allah haqqında artıq-əskik danışırdı. Axırda da Allahın səbr kasası daşdı və ona zəhər içizdirib, ya da ipini çəkib öldürdü. Odur ki, haqqımda deyilən, yazılan həmin o fikirlərə heç bir əhəmiyyət vermirəm və insan orqanizmindən, elmdən xəbəri olmayan insanların boşboğazlığı hesab edirəm.
İnsanın öz orqanizminə bilərəkdən vurduğu zərbələrdən, içkidən söz düşmüşkən, şairin bundan sonra içkiyə olan münasibətini də öyrəndik. "Yəqin ki, bundan sonra araq butulkasına yaxın getməzsiniz” sualımızın cavabında şair istəsə belə, buna məcbur olduğunu deyib:

- Sözsüz ki, içki ilə qurtardım. Bundan sonra istəsəm də, içə bilmərəm. Odur ki, daha içməyi istəməməyə məcburam. Həkimim mənə deyib: "Səni tamamilə sağaldacağıq. İki aydan sonra özünü tam sağlam hiss edəcəksən. Amma nə badə artıq sağalmışam deyib, dilinə spirtli içki vurasan. 50 qram da, lap bir butulka da içsən, elə orada da qalacaqsan... Bir sözlə, bundan sonra sənin içki içməyin külün altında olan közün üstünə benzin tökmək kimi bir şeydir. Birdən-birə alışıb, yandıracaq. Əgər yenidən dilinə içki vuracaqsansa, bəri başdan sən bizi incitmə, biz də sənin bədənini dəlik-deşik etməyək. Get, hara qədər çatdıra bilirsən iç... İncəldiyi yerdə də qopacaq”. Təbii ki, bu sözlərdən sonra sağlamlığımın qeydinə qalmağa və içkini tərgitməyə məcburam.

Şəymən