Çimərlik zamanı gəldi

Dənizə girənlər bəzi bilgilərə sahib olmalıdır ki, faciə yaşanmasın




Çimərlik mövsümü başlayar-başlamaz dənizdə boğulma halları artır. Bir müddət əvvəl Lənkəran, srağagünsə Neftçala sakini çimərlikdə boğulub. Deməli, dəniz əhalinin ən çox sevdiyi və sağlamlıq baxımından hədsiz xeyirli istirahət növü olmaqla, təəssüf ki, bəzən ölüm kabusuna da çevrilir. Dənizdə boğulmaların əsas günahkarı isə çox zaman insanlar özü olur. Qadağalara, xəbərdarlıqlara, hava şəraitinə məhəl qoymadan dalğalar qoynuna atılanlar, bununla öz əcəllərini yaxınlaşdırdıqlarının fərqinə varmırlar. Halbuki, çimərlik mövsümü başlamazdan öncə, hansı çimərliklərin yararlı, hansının yararsız olması barədə rəsmi məlumatlar verilir, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidməti dənizin çimərlik hissəsinin sərhədlərini göstərir, lakin insanlar bunlara əhəmiyyət vermirlər. Xüsusən də küləkli havalarda dənizə girmək məsləhət görülmür və hətta qadağandır da. Məsələn, srağagün hava yağışlı və küləkli idi, amma belə bir şəraitdə Neftçala sakini Mərdəkan çimərliyində dənizə baş vurub, nəticə isə faciəli olub.

Çimərlik mövsümünün getdikcə genişləndiyini nəzərə alaraq əhalinin diqqət yetirməli olduğu məqamları gündəmə gətirmək istəyirik.

Sərxoş vəziyyətdə çimmək olmaz

Təcrübə göstərir ki, boğulma halları adətən çimmək qaydalarına riayət edilmədikdə baş verir. Çimərliklərdə istirahət edən insanların bir çoxu müvafiq tələblərə riayət etmədən istirahətlərini özləri başa düşdükləri kimi qurmağa çalışır. Ancaq əhali bunu bilməlidir ki, qeyri-qanuni sahil ərazilərindən çimərlik kimi istifadə edilməsi qadağandır. Yalnız müşahidə qülləsi, xilasetmə məntəqəsi, peşəkar xilasediciləri və avadanlıqları olan çimərliklərdən istifadə olunmalıdır. Bu barədə FHN-in saytında da məlumat verilir. Məlumatda bildirilir ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq yenə də bir çox vətəndaşlar sağlamlıqlarını təhlükə qarşısında qoyaraq qeyri-qanuni çimərliklərdə, nəzarətsiz zonalarda çimmək arzusunu gerçəkləşdirirlər ki, bu da sonu bəlli olan faciələrə gətirib çıxarır. Valideynlər tərəfindən uşaqların nəzarətsiz buraxılması, sərxoş vəziyyətdə bir çox insanların suya girməsi, havanın küləkli olmasına məhəl qoyulmaması, xilasedicilərin qanuni tələblərinə laqeyd yanaşılması, səhhətində problem olan vətəndaşların çimərliklərə gəlməsi narahatçılıq doğuran məsələlərdəndir.

Çimərliyə gələn adam nələrə diqqət etməlidir:

- Çimərlik ərazisində uşaqları nəzarətsiz qoymaq olmaz.

- Çimmək üçün ayrılmamış yerlərdə çimmək qadağandır.

- On üç yaşına çatmamış uşaqlara yalnız valideynlərin və yaxud yaşlı adamların müşayiəti ilə çimərlikdən istifadə hüququ verilir.

- Çimmə zonasının işarələnmiş sərhədlərindən kənarda çimmək qadağandır.

- Sahil sahəsini və suyun dibini müxtəlif cisimlərlə (şüşə və konserv bankaları, plastik kütlə və ərzaq tullantıları və s.) zibilləmək qadağandır.

- Çimərliklərin ərazisinə su nəqliyyat vasitələrinin: qayıqların, kiçik gəmilərin və s. (xilasedici üzgü vasitələri istisna olmaqla) daxil olması qadağandır.

- Spirtli içkilər gətirib içmək, sərxoş halda çimərlikdə gəzmək və çimmək qadağandır.

- Çimmə zonasında balıq ovlamaq qadağandır.

- Texniki qurğuların və xəbərdarlıq nişanlarının üstünə dırmaşmaq, xüsusi təyinatlı vasitələrə (hava ilə doldurulan gödəkçə və döşəklər, xilas dairələri və döşlükləri) aid edilməyən üzən cisimlərdən istifadə etmək, suda kobud hərəkətlərə yol vermək olmaz.

Müxtəlif növ gəmi, qayıq, sal, barja, körpü və digər texniki qurğulara üzüb yanaşmaq, körpü, sal, bərə, kater, qayıq və digər qurğu və vasitələrdən suya tullanmaq qadağandır!

- Hər bir vətəndaş xilasedicilərin çağırış və tələblərinə riayət etməlidir!

Boğulma təhlükəsi yaranıbsa, "panika”ya düşməyin

Allah eləməmiş, əgər birdən çimərlikdə kiminsə batmaq təhlükəsi ilə üzləşdiyini görsəniz, ona ilk yardım göstərə bilərsiniz. Bunun çox sadə yolları var. Birincisi, suda batan insanı xilas edərkən özünüzü qorumaq və sahilə sağ-salamat çatmaq ən əsas işdir. Batan insana kömək edərkən sizin əsas məqsədiniz onu sahilə ən təhlükəsiz yolla çıxartmaqdır. Bu zaman şəraitə uyğun olaraq təhlükəsiz yolu seçin: imkan varsa, sahildə qalın, boğulana əlinizi, taxta parçası, budaq və ya kəndir uzadın. Bu zaman çalışın ki, tarazlığınızı elə saxlayasınız ki, boğulan adam sizi suya çəkməsin. Ancaq tam şəkildə suya girmək zərurətinin yaranmasına əmin olduqdan sonra bunu edin. Boğulan insanı sudan çıxararkən çalışın ki, onun başı döş qəfəsindən aşağı olsun. Sahilə çatdıqda isə təxirəsalınmaz şəkildə yardım göstərməyə çalışın. İlk tibbi yardımın göstərilmə ardıcıllığı boğulmanın növündən asılıdır. Bu iki cür olur: batan insan göy rəngdə və yaxud ikinci halda-ağ rəngdə olur. Göy rəngdə boğulma növündə boğulan insan suda dərhal batmır, suyun üzərində qalmağa çalışır. Bu zaman nəfəs alarkən çox miqdarda su udur ki, bunun nəticəsində mədə dolur və buradan da ağciyərlərə keçir. Bu zaman hava çatışmazlığından bədən göyərməyə başlayır.

Bəzən insanlar sadəcə, "panikaya” - təşviş və həyəcana qapıldıqlarından boğulma hadisəsi daha tez baş verir. Təşvişə düşən, qorxan, həyəcan keçirən insan özünü xilas etmək üçün demək olar ki, heç bir cəhd etmir. Onun mənasız, lazımsız hərəkətləri əksinə, boğulma riskini daha da artırır. Boğulma təhlükəsi yaşayan insan gərək bacardıqca özünü toparlasın, fikrini cəmləsin və ətrafına nəzər yetirməyə başlasın. Bəlkə lap yaxınlıqda ona kömək olacaq bir insan və ya vasitə var. Boğulma təhlükəsi ilə üzləşmiş və ya bunu zənn edən insan köməyə çağırış etməlidir.

Boğulan adamın bədəni göy rəngə çalırsa, təcili olaraq suyu onun tənəffüs yollarından çıxartmaq lazımdır. Bunun üçün bir dizinizi qatlayıb zərərçəkmişi diziniz üstə elə qoymalısınız ki, onun döş qəfəsinin aşağı hissəsi dizinizə söykənsin, baş və bədənin yuxarı hissəsi aşağıya doğru sallansın. Sonra isə bir əlinizlə onun ağzını açıb, o biri əlinizlə kürəyinə vurmalısınız. Bədənindən suyu çıxartdıqdan sonra onu kürəyi üstə çevirib düz bir yerdə uzatmaq lazımdır. Bint və ya əl dəsmalı ilə zərərçəkmişin ağız nahiyəsinin ətrafını qumdan təmizləyin. Reanimasiya tədbirlərini tətbiq edin, süni nəfəs verin, ürəyin qapalı masajını edin.

Mənasız mərcləşmə və içki

Psixoloq Samir Əhmədov "Şərq”ə açıqlamasında bildirdi ki, suda boğulma halları çox zaman gənclərin öz aralarında mənasız mərcə girməsi, yaxud da spirtli içki qəbul edilməsi nəticəsində baş verir:

- Bilirsiz, insana "bu sənə ziyandır, bunu etmə” dedikcə, ona doğru qaçır. Bu, insan psixologiyasıdır. Siqaret qutularının da üzərinə "siqaret çəkmək sağlamlığınıza ziyandır” xəbərdarlığı yazılır. Bu qədər siqaret çəkənin hansını bu sözlər zərərli vərdişdən indiyədək döndərib? Heç kimi. Eləcə də "Küləkli havada çimərliyə getməyin” tipli xəbərdarlıqların heç bir müsbət təsiri yoxdur. Bu cür məsələlərdə ancaq maarifləndirmə işlərinə üstünlük verilməlidir. İnsanlara başa salınmalıdır ki, küləkli havada dənizə girməyin sonu nə ilə nəticələnə bilər. İnsanlara faktlar, indiyədək baş vermiş faciəli hadisələr barədə məlumat verilməlidir. İnsanın səhlənkarlığının, boş, mənasız yerə mərcə girib küləkli havada, yaxud qadağan olunmuş zonada çimməyin, təhlükəli akrobat hərəkətləri ilə dənizə tullanmağın hansı faciələrə yol aça biləcəyinə dair bilgilər verilməlidir. Bu, gəncliyin psixologiyasıdır. 4-5 dost yığışıb çimərliyə gedir, əylənmək istəyirlər, mərc kəsirlər ki, kim daha uzağa üzər, kim daha çox suyun üzündə qalar, eləcə də dalğalı dənizdən kim qorxur, kim qorxmur. Belə mərclər də çox zaman faciə ilə nəticələnir. Çimərliyin ikinci ən böyük düşməni spirtli içki və hədsiz qida qəbul etməkdir. Ümumiyyətlə, çimərliklərdə, dəniz sahilində spirtli içkilərin satışı qadağan edilməlidir. Baxın, FHN xəbərdarlıq edir ki, çimərlik ərazisinə spirtli içki gətirmək, sərxoş halda dənizə girmək qadağandır. Amma bütün çimərliklərdə kafe və restoranlarda spirtli içki satılır. Bu, non-sensdi. Özləri deyir, içib dənizə girməyin, bu tərəfdən isə çimərlikdə araq, pivə satılır. Pivənin özü də zərərli içkidir. Başğarısı, ürəkbulanması verə bilər. Belə vəziyyətdə dənizə baş vurmaq əsl dəhşətdir. Spirtli içkilərin satışı mütləq şəkildə dəniz kənarından yığışdırılmalıdır. Çimərlikdə həddindən artıq qida qəbul etmək də yaramaz. Qədərindən artıq qida mədəni ağırlaşdırır, bəzi insanlar yeyib-içib dənizə çimməyə girir. Bu, qətiyyən yolverilməzdir. Mədəsi, qarnı dolu adam sizcə, normal qaydada üzə bilər? Təbii ki, yox. Yemək ona ağırlıq edəcək. Bu, nə tibbi, nə də təhlükəsizlik baxımından məqbuldur. Çimərliyə mümkün qədər yüngül qidalar aparılmalıdır. Hətta maye, su qəbulunda da ölçü gözlənməlidir. Digər tərəfdən, mən fikir vermişəm ki, qadağan olunmuş zonalar ödənişli çimərliklərdə qeyd olunur, mühafizə zolağı göstərilir. Amma ödənişsiz çimərliklərdə mühafizə zolağı deyilən bir şey yoxdu. Əhali bildiyi kimi çimir, üzə bildiyi qədər üzür. Əlbəttə, bu çox təhlükəlidir. Ödənişli, ödənişsiz, çimərliklərə fərq qoyulmamalıdır. Hər birində insanların təhlükəsizliyi təmin edilməlidir. Birincisi, yaxşı olar ki, çimərliyə gedən, dənizdə çimmək arzusunda olanlar əvvəlcə, üzməyi az da olsa öyrənsinlər. Üzə bilənlərsə, lovğalanıb dərinə getməsinlər. Bir çox hallarda dənizdə boğulanlar məhz üzməyi bacaranlar olur, sadəcə özlərinə arxayın olub, güclərini düzgün hesablaya bilmirlər. Dənizdə təhlükə ilə üzləşmiş insan ilk növbədə qorxu hissini özündən kənar etməyə çalışmalıdır. Belədə sudan quruya çıxmaq şansı daha artıq olar.

Məlahət Rzayeva