Rövşən Əkbərovun xidmət yeri dəyişdiriləcək

3-cü Ordu Korpusunda aparılan yoxlamalar təbii prosesdir




Müdafiə Nazirliyinin tabeliyində olan hərbi birləşmələrdə kütləvi yoxlama tədbirləri Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərova da çatıb.

Müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən, Rövşən Əkbərovun komandiri olduğu 3-cü Ordu Korpusunda gözlənilmədən yoxlamalara başlanılıb. Nazirliyin Baş İnspeksiyası tərəfindən aparılan yoxlamalar, qoşun növünün bütün istiqamətləri - maddi-texniki təminat, döyüş hazırlığı və digər sahələr üzrə həyata keçirilir.

Qeyd edək ki, sözügedən korpusda bir müddət əvvəl də yoxlamalar aparılmışdı. Bu mənada 3-cü Ordu Korpusuna yenidən və qəfildən baxış ictimaiyyətdə təəssüf doğurmaya bilməz. Hətta yayılan bəzi məlumatlara görə, milli qəhrəmanla bağlı çox ciddi faktlar var və bu, nazirin diqqətinə çatdırıldıqdan sonra təcili yoxlamalara başlanılıb.

Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov isə hesab edir ki, Müdafiə Nazirliyinin 3-cü Ordu Korpusunda apardığı yoxlamalar Rövşən Əkbərovun yaxın günlər üçün nəzərdə tutulmuş təyinatı ilə bağlıdır: "Yoxlama sözündən çəkinmək lazım deyil. Sadəcə olaraq, sabiq nazirin dövründə hərbi birləşmələrdə, hərbi hissələrdə bu cür yoxlamalar aparılmadığı üçün bu gün yeni nazirin göstərişi ilə hərbi hissələrə baxış istər-istəməz cəmiyyətdə xof yaradır. Bəziləri hətta bunu hərbi əməliyyatlara hazırlıq dönəmi kimi də dəyərləndirir. Halbuki nazirlik əməkdaşları mütəmadi olaraq Silahlı Qüvvələrdə yoxlamalar aparmalıdır, hansı ki, Zakir Həsənov Müdafiə naziri təyin olunduqdan sonra bu proses davam edir”. Bu yaxınlarda da Rövşən Əkbərovun komandanlıq etdiyi hərbi hissələrdə yoxlamaların aparıldığını vurğulayan ekspertin sözlərinə görə, budəfəki yoxlamalar ordunun döyüş hazırlığı, maddi-texniki döyüş təminatından daha çox general-leytenantın xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar həyata keçirilir. 3-cü korpusdakı real vəziyyətlə bağlı sənədlər hazırlanır, təlim-təslim aktları həyata keçirilir.

Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərov ordunun tanınmış yüksək rütbəli zabitlərindədir. Ü.Cəfərovun da xatırlatdığı kimi, o, 3-cü Ordu Korpusundan əvvəl uzun müddət 1-ci Ordu Korpusunun komandiri olub. Ekspertin sözlərinə görə, sözügedən korpusda baş verən bir sıra neqativ hadisələrdən dolayı prezidentin sərəncamı ilə sabiq komandir Çingiz Şəfiyevin rütbəsi əlindən alındı və bir sıra vəzifəli şəxslər cəzalandırıldı. Sonradan isə həmin hərbi birləşməyə komandanlıq Rövşən Əkbərova etimad edildi. Mənə elə gəlir ki, bu ay ərzində general-leytenantın xidmət yeri yenidən dəyişdiriləcək deyə, lazımi sənədlər qaydaya salınır: "Sözsüz ki, paralel olaraq, hərbi hissələrə də, narazılıq və şikayət doğuran sahələrə də baxış keçiriləcək. Elə bu gün (dünən)

nazirin Brüssel səfəri başa çatacaq. Çox güman ki, Zakir Həsənov ölkəyə qayıdandan sonra da Silahlı Qüvvələrdə bir sıra kadr dəyişiklikləri həyata keçiriləcək və yaxın günlərdə də bununla bağlı ictimaiyyətə lazımi məlumatlar veriləcək”.

Heç kəsə sirr deyil ki, Azərbaycanda ordu sistemi ilə bağlı ən çox narazılıq doğuran faktlar məhz 3-cü Ordu Korpusunda qeydə alınır. Əsgər intiharları, "dedovşina”, əsgərin öz xidmət yoldaşlarına, bəzi hallarda isə komandirlərinə güllə atması, az qala həmin korpus üçün gündəlik yaşam tərzinə çevrilib. Həftə ərzində Milli Ordumuzla bağlı aldığımız üzücü xəbərlərin yarıdan çoxu, məhz həmin korpusun tabeliyində olan hərbi hissələrdən gəlir ki, bu da ölkə ictimaiyyətində yetəri qədər narahatlıq doğurur. 3-cü Ordu Korpusunda aparılan yoxlamaların bu cür xoşagəlməz halların azalmasına nə dərəcədə töhfə verəcəyinə gəldikdə isə, hərbi ekspert hesab edir ki, az da olsa, Nazirliyin Baş İnspeksiyası tərəfindən hərbi hissələrdə aparılan yoxlamalar nöqsanların aradan qaldırılmasında müsbət təsir göstərəcək: "Azərbaycan ən ağır hərbi birləşmə, məhz 3-cü Ordu Korpusudur. Murov dağı, Tovuz, Qazax, Gədəbəy, Gəncə regionlarında yerləşən hərbi hissələrin hamısı bu Korpusa tabedir. Ən ağır relyefi olan hərbi birləşmədir. Orada qeydə alınan nöqsanların çoxluğunda insan faktoru ilə yanaşı, başqa məsələlər də var. Konkret sualınıza gəldikdə isə sözsüz ki, hərbi hissələrdə aparılan yoxlamalar təsirsiz ötüşmür. Ən azından, komandirlərin məsuliyyəti artır, bir qədər öz vəzifə borclarına vicdanla yanaşırlar. Yəni bu cür yoxlamalar hərbi hissə komandanlığına unutduğu vəzifə borclarını xatırladır. Bu mənada hesab edirəm ki, 3-cü Ordu Korpusundakı yoxlamalar da müsbət effekt göstərəcək və baş verə biləcək faciələri bir qədər arxa plana keçirəcək. Amma bu nəticələrin genişmiqyaslı olacağını da zənn etmirəm. Çünki bu günə qədər həmin korpusda xoşagəlməz hadisələr çox olub. Komandirlər vaxtında profilaktik tədbirlər görmədiyi üçün saysız nöqsanlar aşkarlanıb”.

Ü.Cəfərovun sözlərinə görə, hazırkı yoxlamalar 3-cü Ordu Korpusuna yeni təyinat alacaq komandanlıq üçün də bir növ fəaliyyət sahəsi olacaq.

Şəymən