Bahalaşmanın səbəbləri çoxdur

Siqaretin qiymətinin qalxması iqtisadi amillərlə bağlıdır



Dünəndən Azərbaycanda siqaretin və tütün məmulatlarının pərakəndə və topdansatış qiymətləri qalxıb. Virtualaz.org-un yaydığı məlumatda, siqaret və tütün məmulatlarının markasından asılı olaraq 10-30 qəpik bahalaşdığı bildirilib. Bundan başqa, xaricdə istehsal olunan saqqızların da qiyməti qalxıb. Belə ki, "Orbit”, "Dirol” və başqa markalı saqqızlar dünəndən 20 qəpik baha satılır. Ticarət obyektlərinin satıcıları bildiriblər ki, onlar bütün digər məhsulların qiymətinin artacağını da istisna etmirlər.

Məlumat üçün bildirək ki, Azərbaycanda siqaretə tələbat ildə 11 milyard (stok) ədəddir. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Şərq”ə bahalaşmanı bir neçə amillə əlaqələndirib: "Siqaretin qalxmasına səbəb dünya bazarında qiymətlərin artması, inhisarçı şirkətlərin qiyməti süni qaldırması və ya super-marketlərdə məhsullarını ön sıralara qoymaq üçün sahibkarlardan böyük pul tələb olunması göstərilə bilər. Yəni sonuncu qeyd olunan səbəb odur ki, böyük marketlərdə kassanın yanına siqaretlər qoyularaq satılır, buna görə həmin market sahiblərinə çox böyük məbləğdə ödənişlər edilir. Bu pullar heç bir yerdə qeydiyyata alınmır. Nəticədə o gəlirlər vergidən kənar birbaşa mənimsənilir. Ölkədə siqaretə tələbatın təxminən 70 faizinin yerli istehsal, digər 30 faizi idxal hesabına ödənilir. Ümumiyyətlə, bazarın bu seqmenti olduqca çirklənib. Burada təkcə keyfiyyətli siqaret yox, aksiz markası olmayan və ya qaçaqmalçılıq yolu ölkəyə gətirilən siqaretlər də özünə yer tapıb. Bununla yanaşı, mövcud boşluqlardan istifadə edərək yalançı, elektron siqaretlər də bazara yol açıb”.

Nazirlər Kabinetinin marketlərin quruluşuna dair 94 saylı qərarının təsdiq olunmasına baxmayaraq belə işlər davam etdirilir. Lakin Azərbaycanda siqaretə tələbatın artdığına görə qiymətlərin qalxmasını düşünmürəm. Saqqızların bahalaşmasına da münasibət bildirən E.Hüseynov bu növ məhsullarda da qiymət artımlarının yuxarıda qeyd edilən problemlərdən olduğunu qeyd edib: "Həmçinin gömrük rüsumlarında da hər hansı dəyişikliklərlə bağlı ola bilər”.

İqtisadçı Samir Əliyev isə siqaretin bahalaşmasını iqtisadi baxımdan şərh edib: "Bahalaşmanın olacağı gözlənilən idi. Siqaretlərin bir hissəsi Rusiya və Belarusiya kimi xarici ölkələrdən gətirilir. Qeyd olunan ölkələrdə siqaretin qiyməti son dövrlər qalxıb. Məsələn, Rusiya hər il siqaretin qiymətini artırmağı planlaşdırır. Yəni təxminən bu ölkədə hər il siqaretin qiymətinin 15-20 faiz artması nəzərdə tutulub. Çünki hökumət bu məsələyə diqqəti artırıb. Hazırda adıçəkilən ölkədə minimal qiyməti (46 qəpik) 21 rubldur. Gələn il isə bunun 25 rubla (55 qəpik) çatması planlaşdırılır. Hətta Rusiya hökuməti bununla bağlı xüsusi proqram hazırlayıb, qəbul edəcək. Əgər proqram qəbul edilərsə, siqaretin qiyməti 55 rubla çata bilər, bu təxminən 1,04 dollar (1.22 manat) təşkil edir. Nəticədə bu ölkədə qiymət qalxdığı zaman onu idxal edən dövlətdə də qiymət istər-istəməz qalxacaq.

Digər tərəfdən isə mövcud olan monopoliyadır. Çünki onlar hətta xaricdən idxal olunan məhsulların belə qiymətinin artırılmasına çalışırlar”.

Vüqar Şahinoğlu