Bazar boşalır

İndi insanlar daha çox 21 min dollarlıq avtomobilə üstünlük verirlər




"Avro-4” avtomobil standartlarının tətbiqindən sonra ölkədə idxal olunan avtomobillərin sayı artmayıb. Əksinə, Azərbaycana gətirilən avtomobillərin sayında azalma müşahidə olunur.

"APA-Economics”in məlumatına görə, Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, may ayında minik maşınlarının sayında azalma qeydə alınıb: "Amma mənə elə gəlir ki, bazar boş qalmayacaq. Azərbaycana gətirilən maşınlar yalnız ilinə görə ölkəyə idxal olunmur. Orada maşınlar müayinədən keçir. Yoxlamalarda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları ilə birgə lazımi nəzarət tədbirləri həyata keçirilir”.

Qeyd edək ki, Azərbaycan adam başına düşən avtomobil sayına görə siyahıda Avropa ölkələrindən, hətta, MDB ölkələrinin əksəriyyətindən geridə qalır.

"Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin sədri Ramil Osmanlı isə "Şərq”ə açıqlamasında ölkənin iqtisadi inkişafının avtomobil istifadəçisi üzrə göstəricilərinə uyğun gəlmədiyini önə çəkib: "Proses hələ uzun müddət davam edəcək. Hökumətdə təmsil olunan ayrı-ayrı qruplar və millət vəkilləri respublikada bu gün nəqliyyat infrastrukturunun yaxşı vəziyyətə gətirilməsini, standartlara uyğunlaşdırılmasını Azərbaycana idxal olunan maşınların sayının azaldılmasında görürlər. Nəticədə ardıcıl olaraq "Avro-4” standartların tətbiqi, Mərkəzi Bankın avtomobil kreditləri ilə bağlı qəbul etdiyi qərarlar qəbul edildi. Hesab edirəm ki, bu, avtomobil bazarına və idxalına mənfi təsir göstərəcək. Bu sahədə fəaliyyət göstərən sahibkarların fəaliyyətinə qadağan edəcək addımlar normal hal deyil”.

R.Osmanlı təklif edib ki, ölkədə avtomobil idxalını stimullaşdırmaq lazımdır: "Tədricən Azərbaycana idxal edilən avtomobillərin ilinin yenilənməsi prosesi gedir. Bu, bilavasitə avrostandartla əlaqəli deyil. Eyni zamanda zövqlər və alıcılıq qabiliyyətinin artımı ilə bağlıdır. Orta statistik azərbaycanlı buna qədər Rusiya istehsalı olan avtomobil almaq imkanına malik olan və ya ili köhnə olan xarici avtobil alıcısı kimi bazara daxil olurdu. İndi isə həmin imkana malik azərbaycanlı mövcud iqtisadi potensialı orta rəqəmlə götürsək, təxminən 20-21 min ABŞ dolları civarında qiymətləndirilir. Yəni orta imkana malik alıcılar artıq söylənilən qiymətə olan maşınları almağa üstünlük verirlər. Bu da ya ili yeni olan, istismarda olmayan, ya da çox az istifadə edilən avtomobillərin alınmasına imkan verir. Sözügedən prosesləri tənzimləməyin özü belə təhlükəlidir. Çünki bu, sırf, iqtisadi məsələdir, bazar iqtisadiyyatının tərkib hissəsidir. Bazar özü-özünü tənzimləyir. Bazarın tənzimlənməsi isə iqtisadi münasibətlər zəmnində olduqca riskli tendensiyadır”.

Vüqar Şahinoğlu