“Ayağa qalx, Azərbaycan!”

Xəlil Rza Ulutürkün yaradıcılığında ana dilə məhəbbət, istiqlalçılıq, vətənpərvərlik vəsf olunub




Azərbaycan, Vətən, millət məfhumlarını ən gözəl şəkildə qavrayan və bütün əsərlərində təbliğ edən görkəmli şəxslərdən biri də Xalq şairi, azadlıq carçısı, istiqlalımızın mücadilə siması Xəlil Rza Ulutürk olub. Akademik Bəkir Nəbiyevin "İstiqlal şairi”, professor Əlizadə Əsgərlinin "Milli ideal mücahidi” adlandırdığı Xəlil Rza doğma Azərbaycanını canından əziz tutan, Vətəninə sevgisini təkcə sözü ilə deyil, əməli ilə də sübuta yetirən vətənpərvər insan, başqalarına örnək ola biləcək güclü şəxsiyyət idi. Ədəbi fəaliyyətə 50-ci illərin sonlarından başlayan Xəlil Rza Ulutürkün yaradıcılığı üçün ən səciyyəvi xüsusiyyət millilik olub. Həmçinin, onun əsərlərində ana dilinə məhəbbət, vətənpərvərlik, mübarizəyə çağırış ruhu, türkçülük, milli şüur və milli kökə bağlılıq ideyaları da güclü inikas etdirilib. Xəlilin parlaq istedadı dövrün ziyalılarının nəzərindən qaçmayıb. Onun Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olması, ədəbiyyatşünas-alim Cəfər Xəndanın, Xalq şairi Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə və Mirzə İbrahimovun başçılığı ilə keçirilən "Gənclər günü” məşğələlərində fəal iştirak etməsi Xəlil Rzanın şair kimi püxtələşməsinə, təfəkkür və düşüncəsinin formalaşmasına ciddi təsir göstərib.

Ancaq Xəlil Rzanın milli ruhunu ram etmək üçün onu milli mühitdən uzaqlaşdırmaq məqsədilə Moskvaya göndəriblər. Burada da tale onu müstəqil ruhlu, demokratik təfəkkürlü ziyalılarla, məşhur sənət adamları ilə qarşılaşdırıb. Rastlaşdığı adamlar onun mübariz ruhuna təsir göstərib və məddah yox, milli şair olmağında böyük rol oynayıb. Beləliklə, Uluturk hələ 60-cı illərin əvvəllərində sənətdə, poetik idealında milli şairlik kredosunu təyin edə bilib. "Hər şeyin yaxşısı” şeirində gəncliyə xitabən "azadlıq uğrunda mübarizə”nin nəşəsini tərənnüm edərək belə yazıb:

Sevsən, biləcəksən nədir bu cahan,

Dolanmaq, sürünmək, yaşamaq nədir?!

Ən gözəl yaşamaq, əslinə baxsan,

Azadlıq uğrunda mübarizədir! -

Xəlil Rza "Məslək silahımsan sən, poeziya” deyə, milli azadlıq uğrundakı mübarizədə qələm dostlarını poeziyanı silaha çevirməyə çağırırdı. Bir əsərində o, şeirini mübarizələr yolunda "silahlı əsgər” hesab edirdi:

Kürsülərə sığmayan

Cəsur şeirim, ər şeirim!

Təpədən dırnağacan

Silahlı əsgər şeirim!

Mübaliğəsiz demək olar ki, son nəfəsinə qədər onun bütün şeirləri milli müstəqillik, milli azadlıq hərəkatının, azərbaycançılıq ideologiyasının poeziya libasında silahlı əsgəri olub. Xəlil Rzanın şeirlərinin, poeziyasının bu keyfiyyətinə görə, Xalq şairi Bəxtiyar Vahabzadə hələ 70-ci illərin ortalarında onun yaradıcılığını "Poeziya alovu” adlandıraraq belə səciyyələndirirdi: "Xəlil Rza yaradıcılığında mərdlik, bahadırlıq pafosu, cəngavərlik əzmi həmişə güclü olub. Onun lirik qəhrəmanının bu cəhətləri son illərdə həm də səbir, dözüm, daxili təmkin, özünəinam və fəlsəfi idrak kimi keyfiyyətlərlə zəngindir”.

Xəlil Rzanın milli müstəqillik uğrunda poetik mücadilə və mübarizəsini şərti olaraq üç mərhələyə bölmək olar: birinci mərhələ sovet dönəmində apardığı mübarizə (60-80-ci illərin sonlarına qədər), ikinci mərhələ milli-azadlıq hərəkatının meydan hərəkatına çevrilməsi dövrü, üçüncü isə müstəqillik illəri, müstəqil Azərbaycan Respublikasının qələbəsi və fəaliyyəti mərhələsidir. Bu dönəmlərin hamısında Xəlil Rza şəxsiyyəti, poeziyası, publisistikası, sənədli-sübutlu memuar yaradıcılığı bütün çətin məqamlardan, ağrılı pillələrdən, Lefortovo zindanından keçsə də, öz şərəfli məqamına yüksələ bilib. Millətinin istiqlalına yetib, ömrü boyu apardığı mübarizənin bəhrəsini görüb. Bu, hər inqilabçı şairə nəsib olmur.

Xəlil Rza təkcə böyük şair yox, eyni zamanda filologiya elmləri doktoru, professor, ədəbiyyatşünas, tənqidçi, pedaqoq, publisist, tərcüməçi, alovlu natiq, sərrast və məhsuldar memuarist idi. Ən ümdəsi isə Türk dünyasının ictimai xadimi olaraq bu günə qədər heç kəsin daşımadığı möhtəşəm bir titulun - Ulutürk titulunun əbədi daşıyıcısıdır. Dönməz əqidə sahibi olan şair harda olur-olsun, milli azadlıq ideyalarının aşkar təbliğatçısı, ideya daşıyıcısı və fədakarına çevrilib. Bütün bunlar onun yaşam tərzinə, həyat amalına dönüb. Şairin qələm dostu, məsləkdaşı, Xalq şairi Sabir Rüstəmxanlı onun haqqında belə yazıb: "Xəlil Rzanı başa düşməyənlərin, cəsarətli vətəndaşlıq şeirlərini dinləməkdən qorxanların sayı minlərlə idi. O, kürsüyə qalxanda durub salonu tərk edirdilər. Xəlilin antisovet, antiimperiya çıxışlarına dəlilik kimi baxanlar, onun səsini kəsməyə çalışan, yüksək kürsülərə yolunu bağlayan, onu kiçiltmək istəyənlər Ulutürkün istedadının Allah vergisi olduğunu dərk edə bilmirdilər”. Xəlil Rzanın "Afrikanın səsi” adlı şeirindən hamının bildiyi, dillər əzbəri olan:

Azadlığı istəmirəm zərrə-zərrə, qıram-qıram!

Qolumdakı zəncirləri qıram gərək! Qıram! Qıram!

Azadlığı istəmirəm bir həb kimi, dərman kimi,

İstəyirəm Səma kimi, Günəş kimi! Cahan kimi!

- misraları xalqımızın azadlıq himninə dönüb, müstəqilliyin manifestinə çevrilib. Şeir dolayı yolla, izi azdırmaq məqsədilə "Afrikanın səsi” adlandırılsa da, əslində bu, həm də o taylı, bu taylı Azərbaycanın, istibdada düçar olmuş Azərbaycan xalqının səsi idi. Burada müstəmləkə buxovlarını, qandallarını, zəncirlərini qırmağa bir çağırış var idi. Bu şeirdə xalqın mübarizə əzmi, üsyankar ruhu çox sərrast və qüvvətli şəkildə ifadə olunurdu. Əslində millilik Ulutürk yaradıcılığının ruhu, varlığı idi. Şair hansı mövzuya müraciət edirsə-etsin, orada millilik motivini, milli ruhu mütləq ustalıqla önə çıxarmağı bacarırdı. Hətta təbiət lövhələrində, məhəbbət şeirlərində, yaxud nəvələrinə həsr elədiyi şeirlərdə belə, o, milli şair olaraq qalır, milli mövqeyini mütləq büruzə verirdi. Onun şeirlərinin ana xətti vətənpərvərlik, türk vətənsevərliyi və böyük vətən məhəbbəti idi. "Ata borcu”, "Vətən”, "Xiyabani yurdunda”, "Təbrizim mənim”, "Yurdum, sənin sağlığına”, "Mən nəyəm ki, ey Vətən”, "Müstəqillik”, "Ayağa qalx, Azərbaycan”, "O sahildə, bu sahildə”, "Xalqımın səsi”, "Milli satqın” və s. əsərləri buna sübutdur. Şairin bütün əsərlərində milli şüuru, vicdanı oyadan ideya impulsları, milli şüuru hərəkətə gətirən enerji güclü idi. Əlbəttə, Xəlil Rza bu gücü, enerjini doğma Azərbaycan torpağından, xalq məhəbbətindən alırdı. Ona görə də, Vətən onun ürəyindən, qəlbindən, vicdanının və poeziyasının səsindən başlayırdı:

Vətəni axtarma sən yalnız xəritələrdə,

Axtar öz könlündəki cəsarətdə, hünərdə!

Soruş, cavab verim mən,

Hardan başlanır Vətən?

Vicdanın öz səsindən.

1980-ci illərin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın bütün regionlarında eşidildi. O, bütün varlığı, poeziyası, amalı ilə yetişdirdiyi və zamanın hökmü ilə ortaya çıxan xalq hərəkatına qoşuldu. Hər yerdə rus şovinist siyasətini, Dağlıq Qarabağ torpağına təcavüz edən erməni daşnaklarını odlu-alovlu çıxışları ilə ifşa etdi. Onun şeirləri, xalqa "Azadlıq meydanı”na ünvanlanmış çağırış dolu poetik xitabları Azərbaycan xalqını azadlıq uğrunda mübarizənin müsəlləh əsgərinə çevirdi və meydanı çevrələyən rus ordusundan, rus tanklarından güclü oldu:

Yetər meydan suladılar,

Yurdumuzu taladılar.

Bakımızı əzizləyək,

Əqrəblərdən təmizləyək!

Şölə versin bu ləl, mərcan -

Ermənisiz Azərbaycan!

Meydan hərəkatı şairə xüsusi bir əzmkarlıq verir. İdeallarını həqiqətə çevirən məqamı olur. Ona ikinci gənclik bəxş edir, yeni döyüş ruhu aşılayır və şair "döyüşlərdə gəncləşirəm” deyə-deyə istiqlala, müstəqilliyə doğru addımlayır. Başı üstündə dalğalanan milli bayrağı ucalardan-uca tutur:

Başım üstə yelləndikcə göy, qırmızı, mavi bayraq,

Göy gül açır, yer göyərir budaq-budaq, yarpaq-yarpaq.

Yaşının ahıl çağlarını yaşayan X.R.Ulutürk qələmini nizə edib meydana çıxır. Şair 1988-ci ilin sazaqlı noyabr günlərində gecə-gündüz meydandan çəkilməyən, soyuq qış gecələrini yatmadan tonqal başında keçirən gənc tələbələrin şücaətini görəndə vəcdə gəlib, böyük inamla yazırdı:

İnsan kimi yaşamaqdı ən çətini,

Qırmaq mümkün olmayacaq

Azərbaycan qeyrətini!

Boğmaq mümkün olmayacaq

Azərbaycan qüdrətini!

Son günlərini yaşayan sovet imperiyası ömrünü uzatmaq, azadlıq məşəlini söndürmək, xalqın sağ əlini sındırmaq üçün 1990-cı ilin yanvarında Azərbaycanın paytaxtı Bakıda dinc əhaliyə vəhşicəsinə divan tutdu. Bu, əsil qətliam idi. Bu görünməyən qaniçənlik, cəlladlıq Xəlil Rzanı sarsıtdı. O, bütün qüvvəsi ilə gecə-gündüz bilmədən xalqı sınmamağa səsləyirdi. Çoxları kimi qaçıb gizlənmirdi. Bütün günü küçələrdə, ictimai yerlərdə gəzir, haqq sözünü deyir, xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrdə 20 yanvar hadisələrini, Qorbaçovun və onun əlaltılarının qanlı əməllərini dünya ictimaiyyətinə çatdırmağa çalışırdı.

1990-cı il yanvarın 26-da Xəlil Rza SSRİ Dövlət təhlükəsizliyi əməkdaşları tərəfindən həbs edilib Moskvaya, Lefortovo həbsxanasına göndərilib. Aramsız sorğu-sual, ağır ittiham şairin mətin iradəsini, yenilməz qürurunu qıra bilməyib. O, zindanda da mübarizəsini davam etdirib. Dönməz mübarizəsinin nəticəsi olaraq, xalq Xəlil Rza poeziyasında öz arzu və istəklərini, azadlıq ideyalarının tərənnümünü tapıb. B.Vahabzadənin təbiri ilə desək, "millət Məcnunu” Ulutürk millətçilik və azadlıq ideyaları ilə, qorxmaz və məğlubedilməz inqilabçı mücahid səviyyəsinə yüksəlib. Xəlil Rza ana dilinə də böyük önəm verir və deyirdi ki, dilimizi qorumaq millətimizi qorumaq deməkdir. Hələ 1960-cı illərin əvvəllərindən bütün yazı-pozularında, tələbə auditoriyasında, çıxış və məruzələrində Xəlil Rza Azərbaycan dilinin saflığı, əcnəbi dilin təsirinə məruz qalmaması üçün özünəməxsus mübarizə aparıb. O, bütün ədası və hərəkəti ilə diqqəti ana dilinin saflığını qorumağa çəkib və ruslaşdırma siyasətinə qarşı mübarizə aparıb. Xəlil Rza yaxşı bilirdi ki, dilin işğalı ölümdür, yoxluqdur. Onun dünyasında Azərbaycan dili milli əxlaq, xalq mənəviyyatı, müstəqillik məfkurəsi, bir sözlə, Xalqın, Vətənin özü idi.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb