Xalq artistinin qızı “Şərq”ə danışdı

“Mən şounun içində olmaq istəmirəm”




Xalq artisti Nurəddin Mehdixanlının qızı Kəmalə Quliyeva ukraynalı bacılar Anna və Mariyanın Bakıdakı konsertində aparıcılıq edib.

Kəmalənin konsert proqramında aparıcı kimi çıxış etməsi ona olan marağı bir qədər də artırdı. Kəmalə Quliyeva ilə əlaqə yaradıb, yaradıcılığı ilə maraqlandıq. Müsahibə verməyi sevməsə də, "Şərq”ə danışan gənc aktrisa "Əslində mən məktəb illərindən filmlərə çəkilmişəm. "Anacan” filmində hələ məktəb illərində rol almışam. Sadəcə bir müddət ailəm razı olmadığı üçün sənətlə məşğul ola bilmədim. İncəsənət Universitetinə daxil olmağıma da ailəm icazə vermədi. Ancaq ruhumda sənətə qarşı bir sevgi, istək var. Yəni bu mənim hobbimdi. Başqa sahədə ali təhsil alsam da, bu sənət həmişə məni özünə çəkib. Mən şou-biznesin içinə qatılmaq istəmirəm. Yəni bu cameəyə girmək, müzakirə olunmaq istəyim yoxdur. Şou-biznes mənim üçün maraqlı deyil. Sadəcə, mən səhnəni, sənəti sevirəm. Və sevdiyim sənətlə imkan qədər məşğul olmağa çalışıram. Bir müddət dövlət işində çalışmışam. Amma bu məni yaradıcılıqdan uzaq saxlaya bilməyib. Mən bir müddət fotomodel kimi də fəaliyyət göstərdim. Fotosessiyalarım oldu. Bundan sonra seriala dəvət aldım” söylədi.

Söhbət zamanı Kəmalə Quliyevanın ATV telekanalında yayımlanacaq serialda çəkiləcəyi də bəlli oldu. Aktrisa bu barədə danışarkən "Serialda çəkilirəm. Rejissor Nicat Cəlilovun çəkdiyi serialda Əsmər obrazını oynayıram. Baş roldu. Xarakterik obrazdı. Serial bir qadının acı, ağır keçən həyatından bəhs edəcək” bildirdi. Xalq artistinin qızı bildirdi ki, gələcəkdə də ona gələn dəvətləri dəyərləndirəcək: "Mən demirəm ki, bütün təklifləri qəbul edəcəm. Yox. Çünki bir daha qeyd edirəm ki, mən şounun içində olmaq istəmirəm. Amma mənim üçün maraqlı olan, təklif olunan obrazın xarakterik olması və başqa məqamlar məni qane etsə, təklifləri mütləq dəyərləndirəcəm. Çünki mən bu sənəti sevirəm. İmkanlarımı göstərmək üçün isə seriallarda çəkilmək ən gözəl vasitədir. Əgər obraz maraqlıdırsa, mənim ruhuma yaxındırsa, ssenari mənim xoşuma gəlsə, digər seriallarda da çəkilə bilərəm. Mən özüm bir müddət sənətdən uzaq düşsəm də, şeir, ssenarilər yazırdım. Yəni çəkildiym filmin, serialın ssenarisi mənim üçün önəmlidir. O cümlədən paralel olaraq aparıcılıq sahəsində də fəaliyyətim davam edəcək. Allah qoysa, Rafet El Romanın konsertində də aparıcı kimi yenə mən səhnəyə çıxacam”.

Kəmalə xanım onu da vurğuladı ki, Türkiyədən də maraqlı serial təklifləri olsa, razılıq verə bilər: "Türk serialları bizdə də maraqla izlənir. Əgər türk rejissorlarından da serial dəvəti alsam, çəkilməyə razı olaram. Niyə də çəkilməyim? Əgər mənə uyğun obraz təklif edilsə, məmnuniyyətlə çəkilərəm. Aktrisa olmaq uşaqlıq arzum idi. Bu istedad mənə atamdan keçib. O isə çox vaxt buna qarşı çıxıb. Amma artıq bu arzumun arxasınca getmək istəyirəm”.

Tahirə