Uşaqlarda skolioz və kifoz xəstəlikləri yaradırSevinc Elsevər: “Mən qızıma təklif elədim ki, parta yoldaşınla danış”
"Cədvəldə olan kitabları aranızda bölüşün. Yarısını o gətirsin, yarısını sən. Qızım təklifimi bəyənmədi. Dedi ki, bu üsula müəllimlərimiz razı deyil. Hərənin qarşısında öz kitabı olmalıdı"
Kamran Əsədov: "Şagirdlərin çantasını şagirdlərdən çox valideynlər daşıyır”
"Tədris olunan fənlərin sayı azaldılmalı, kitabların həcmində ixtisarlar edilməlidir”
Son illər məktəblərdə tədris edilən fənlərlə yanaşı dərs vəsaitlərinin də sayının artdığını nəzərə alsaq, dərsə gedən məktəblinin gündəlik daşıdığı yükün ağırlığını təsəvvür etmək elə də çətin deyil. Valideynlər də haqlı olaraq, son illər məktəblilərin çantalarının ağırlığından tez-tez şikayətlənirlər. Çünki ibtidai siniflərdə təhsil alan uşaqların gündəlik istifadə etdiyi fənn kitablarından əlavə vəsaitlərlə məktəbə gəlib-getməsi onların çantalarının bir qədər də yüklənməsinə səbəb olur. Odur ki, valideynlərin mütləq əksəriyyəti məktəbə gedən övladının çantasını ən azı dörd-beş il özü daşımalı olur. Qeyd edək ki, məktəb formasının zəruri elementlərindən biri arxa çantasıdır. Bu səbəbdən də, valideynlər birinci sinif şagirdləri üçün məktəb çantasının seçiminə qayğı və diqqətlə yanaşmalıdırlar. Seçim zamanı yalnız dizayn və fərdi üstünlükləri deyil, həkimlərin tövsiyələrini də nəzərə almaq vacibdir.
Axı birinci sinif şagirdi üçün düzgün seçilmiş məktəb çantası uşaqların sağlamlığını qoruyur və onlara əlavə narahatlıq vermir. Ortopedlərin tövsiyələrinə görə, dolu məktəb çantasının çəkisi uşağın bədən çəkisinin 1/10 təşkil etməlidir. Boş çantanın çəkisi isə 1 kq-dan artıq olmamalıdır. Beləliklə, əgər uşağın çəkisi, misal üçün, 25 kq-dırsa, uşağın məktəb çantasının çəkisi 2,5 kq-dan artıq olmamalıdır. Etiraf edək ki, hazırda bu heç də belə deyil və bizim uşaqlarımız daha ağır çantaları daşımağa məcbur olur. Mütəxəssislərin tövsiyələrinə görə, istənilən yaşda olan məktəblilər bir çiyinə taxılan çantalardan istifadə etməməlidir. Bu, uşaqlarda skoliozun inkişafına səbəb olacaq. Ən uyğun variant - iki çiyinə taxılan çanta ("rükzak”) sayılır. İbtidai siniflərdə oxuyan uşaqların çantasının arxası ortopedik olmalıdır - onurğanın formasını təkrarlamalıdır. Bu, uşağın qamətini pozmur, əksinə, qamətin normal formalaşmasına kömək edir. Uşağın belinə söykənən hissə sərt olmalıdır, lakin onun üzərində yumşaq qat olmalıdır ki, uşağa daha rahat olsun və uşağın beli tərləməsin. Çantanın malı yüngül, keyfiyyətli, davamlı və su keçirməyən (neylon və ya poliester) olmalıdır. Çanta çox böyük, enli olmamalıdır.
Şəxsi feysbuk səhifəsində dərs proqramı ağır olduğu üçün uşaqların məktəbli çantalarının ağır olmasından şikayətlənən valideynlərdən biri də yazar Sevinc Elsevər olduğu üçün ekspert rəyindən əvvəl onunla əlaqə saxlayıb, "Üz-üzə” rubrikamızda əvvəla onun fikirlərini öyrəndik:
- Sevinc xanım, övladlarınızın dərs yükü çox ağır olur?
- Orta məktəblərdə dərs proqramı doğrudan da ağırdı. Əlavə dərsliklər, testlər... bütün bunlara görə valideynlər məcbur qalır ki, repetitor tutsunlar, yaxud uşaqları əlavə kurslara yazdırsınlar. Üstəlik də bu əlavə dərsliklər, iş dəftərləri, test kitabçaları doğrudan da uşaqların çantalarını ağırlaşdırır.
- Uşaqlarınızın məktəbli çantasına nələr olur?
- Dərsliklə yanaşı, əlavə kitabları da uşaqlar özləri ilə məktəbə aparırlar. Mən qızıma təklif elədim ki, parta yoldaşınla danış. Cədvəldə olan kitabları aranızda bölüşün. Yarısını o gətirsin, yarısını sən. İkinizə də yüngül olsun. Biz uşaq olanda dərslikləri özümüz alırdıq, məktəb vermirdi. Çoxlu ailələr olurdu ki, uşaqlarına kitab ala bilmirdilər. Onda bu üsuldan istifadə edirdik. Bir parta arxasında oturan şagirdlər eyni kitabdan istifadə edirdilər. Qızım təklifimi bəyənmədi. Dedi ki, bu üsula müəllimlərimiz razı deyil. Hərənin qarşısında öz kitabı olmalıdı. Müəllimlər istəsələr, bir çarə taparlar. Əlavə dərslikləri sinif şkaflarında saxlamaq olar və ancaq sinif işi kimi istifadə etmək olar. Ən azından texnologiya dərsi üçün lazım olan papkanı sinifdə saxlaya bilərlər, amma eləmirlər.
- Qida da qoyursunuz, yoxsa məktəbdən alırlar?
- Yarım litrlik termosda su qoyuram hərəsinin çantasına. Alınma sulardan alıb içməsinlər deyə. O sulara həm etibar yoxdu, həm də uşaq bəzən hədsiz soyuq su alıb içir. Yemək qabları da var.
- Məktəbli çantalarının ağır olmasının hansı zərərləri var?
- Məktəb çantalarının ağır olması uşaqlarda skolioz və kifoz xəstəliklərinin yaranmasına səbəb ola bilər. Skolioz və kifoz xəstəliyinə tutulmuş uşaqlar yaşıdlarına nisbətən kompleksli olurlar, utanırlar. Bir dəfə televizorda həkim danışırdı bu barədə. Qızımla birlikdə izlədik həmin verilişi. Həkim dedi ki, uşaqlarınızda skolioz varsa, bunu bir neçə üsulla ev şəraitində də müəyyənləşdirə bilərsiz. Testlərdən biri də oxlovla aparılırdı. Qızım elə narahat oldu ki, qaçıb oxlovu gətirdi və dedi: ana, bax gör məndə o xəstəliklər yoxdu ki? Mənim də çantam həmişə ağır olur.
- Düzgün seçilmiş arxa çantası necə olmalıdır?
- Deyirlər ki, guya təkərli çantalar yaxşıdı. Mən keçən il iki dənə təkərli çanta aldım. Bircə aydan sonra cırıldılar. Əvvəla, təkərli çantalar qaldıranda, qoyanda həddindən artıq ağır olur. Tutaq ki, avtobusla gedib-gəlirsən. Yaxud pilləkənləri çıxanda təkərli çantanı sürə bilmirsən ki... Qışda, yağışda, palçıqda təkərli çantaların heç yeri yoxdu. Elə vaxt olurdu məcbur olub çiynimə alırdım. Daha ağır gəlirdi. Pilləkənə qədər təkərli çanta ilə gedirdim, pilləkənlərdən sonra valideynləri buraxmırlar. Uşaq bir neçə mərtəbə yuxarı qalxır. Çanta belində. Daha ağır və daha narahat. Üstəlik, təkərli olduğuna görə nəzərdə tutublar ki, uşaq bunu elə sürəcək, qulpunun, qayışlarının möhkəmliyinə diqqət eləməmişdilər. Ona görə də bir aya cırıldı. Daha çox yüngül materialdan çantalar almaq yaxşıdı. Kitablar ağırdı, bunun üstünə bir də çantanın ağırlığı gəlməsin.
- Uşaqların məktəbli çantalarını kim daşıyır? Siz yoxsa özləri?
- Uşaqları məktəbə özüm aparıram. Çantalarını da özüm daşıyıram. Amma məktəbin qapısına qədər. Ondan o yana buraxmırlar valideynləri. Ən çətin iş uşağın boynuna düşür. Bir neçə mərtəbəni çanta kürəyində çıxmalı olur. Başqa valideynlər də uşaqlarının çantalarını özləri götürürlər.
Təhsil eksperti Kamran Əsədov isə məktəbli çantaları ilə bağlı bunları deyib: "Həm valideynlər, həm də balacaların çoxu haqlı olaraq məktəbli çantalarının ağır olmasından şikayət edir.
Mən də belə hesab edirəm ki, ağır çantaların uşaqlarda bir çox xəstəliklərə yol açır. İlk növbədə onu deyim ki, bəzi valideynlər məktəbə yollanan uşaqları üçün məktəb ləvazimatı alarkən ən çox onların çantasına fikir verirlər. Çünki bəzən şagirdlərin götürdüyü çantalar ya özü ağır olur, ya da onun içərisinə o qədər dəftər-kitab yığılır ki, bu da şagirdlər arasında onurğa əyriliyinə kimi gətirib çıxarır. Ona görə də məktəbli çantası mütləq yaşa uyğun seçilməlidir. Eyni zamanda çantanın materialına diqqət yetirmək lazımdır. Bunu etmədikdə yük birtərəfli qaydada bir çiyni üstə düşür və skoliozla nəticələnir. Bu isə sonda onurğa əyriliyinə gətirib çıxarır.
Bu gün təkcə dərs oxumaq yox, həm də o dərsi oxumaq üçün kitabları qoyduğumuz çantaları daşımaq müşkülə çevrilib. İndi əksər hallarda aşağı sinif şagirdlərinin çantasını şagirdlərdən çox valideynlərin daşıdığını görürük. Bu isə əlbəttə ki, məktəbli çantalarının ağırlığından irəli gəlir. Ağırlığı bəzən hətta 10 kiloqramı keçən çantalar tək şagirdlər üçün yox, elə valideynlər üçün də hər gün daşımalı olduqları yükə çevrilib.
Çantaların ağırlığının səbəbi hər fənn üzrə kitab və dəftərdən başqa, əlavə dərs ləvazimatlarının da daşınmasıdır. Bilirsiz, şagird hər fənn üzrə bir kitab, bir dəftər, bir test kitabı, bir iş dəftəri özü ilə götürməlidir. Bunların hamısını yığdıqda çanta çox ağır olur. Bundan başqa, bir çox şagirdlər özləri ilə yemək və su götürür ki, bu da çantanın daha da ağırlaşmasına gətirib çıxarır. Sizə beynəlxalq təcrübəni və qəbul olunan prinsipləri deyim. Çantanın çəkisi uşağın çəkisinin 14-15 faizini keçməməlidir: bu hesabla 8 yaşınadək olan uşaqlar 2 kilo (içindəkilərlə), 8-12 yaşınadək uşaqlar ən çox 4, 12-15 yaş uşaqlar isə 5 kilo ağırlığında çanta götürməlidirlər. İçində heç nə olmayan çantanın çəkisi 700 qramı keçməməlidir. Kürək çantaları hər iki çiyindən asılmalıdır. Çantanı yalnız bir çiyindən asmaq beldə sağa-sola əyilmələrə, yəni skolioz kimi xəstəliklərə səbəb ola bilər.
Mən bununla bağlı monitorinq aparmışam. Məlum oldu ki, I sinif üçün 5 kitab var, onların çəkisi 2 kiloqram 145 qramdır, iş dəftərləri ilə birlikdə 4 kiloqram və ya 5 kiloqrama yaxındır. Əlavə qələm və digər ləvazimatları da daxil etdikdə bu rəqəm 7 kiloqrama çatır. Əlbəttə ki, bu, 1-ci sinif şagirdi üçün çoxdur.
Çıxış yolu kimi, onu qeyd edim ki, çalışma dəftərləri sinifdə qalmalı, tədris olunan fənlərin sayı azaldılmalı, kitabların həcmində ixtisarlar edilməlidir.
Hazırladı: Şəymən