Akif Çovdarov məhkəməyə xüsusi girişdən gətirilir - Məhkəmə binasının önündən FOTOLAR

Bu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun və onunla birgə tutulan digər 4 sabiq MTN-çinin işi üzrə məhkəmənin hazırlıq iclasının keçiriləcəyi deyilir.
Musavat.com xəbər verir ki, cinayət işinə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi, hakimlər Elbəy Allahverdiyev və Müslüm Əliyevin iştirakı ilə baxılacaq.
Musavat.com-un məhkəmə binası qarşısında olan müxbiri xəbər verir ki, məhkəmə prosesi saat 14:00-a təyin edilib. Jurnalistlər bu dəfə məhkəmə zalına buraxılmayıb.
Prosesin qapalı keçirilməsi elan olunmasa da, jurnalistlər heç bir səbəb göstərilmədən məhkəməyə buraxılmır. Məhkəmənin başlayıb-başlamaması haqda da heç bir məlumat verilmir.
Təqdirləndirilən şəxslərin zərərçəkmişlərin vəkilləri hazırda məhkəmə zalındadır.
Sabubçu Rayon Məhkəməsində olan nəzarətçilərin verdiyi məlumata görə, A.Çovdarov məhkəmə zalına gətirilərkən onu heç kim görmür. Xüsusi girişdən zala gətirilən A.Çovdarov zalda şüşə qəfəs arxasında oturanadək heç kimlə təmasda olmur.
"Məhkəməyə arxa qapıdan gətirilir. Maşın birbaşa zirzəmiyə daxil olur. A.Çovdarov liftlə zala qaldırılır. Onu kiminsə görməsi mümkün deyil" - deyə verilən məlumatda bildirilir.
Qeyd edək ki, əvvəl məhkəmənin Bakı Hərbi Məhkəməsinin binasında keçiriləcəyi bildirilsə də, sonradan qərar dəyişdirilib.
Məhkəmənin keçiriləcəyi yerin dəyişdirilməsinin səbəbi Sabunçu Rayon Məhkəməsinin inzibati binasında məhkəmə zallarının geniş və daha müasir şəraitdə təchiz olunması ilə bağlıdır.