Avropa Parlamenti ilə əməkdaşlıq vacibdir

“Bununla biz Azərbaycanın önəmini dünyaya daha yaxşı formada çatdıra biləcəyik”



Milli Məclis Avropa Parlamenti ilə yenidən əməkdaşlıq edilməsi barədə qərar qəbul edib. Layihəni təqdim edən Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Avropa Parlamenti Azərbaycanla bağlı qərəzli qərar qəbul etdikdən sonra bir il ərzində avroparlamentarilər rəsmi və qeyri-rəsmi şəkildə bu münasibəti bərpa etməyə çalışıblar. Amma Azərbaycan deputatlarından heç kim onlarla ünsiyyətdə olmayıb:

"Onlara bir fikir çatdırıldı ki, Azərbaycanla bağlı öz münasibətlərində çox ciddi dəyişiklik etməlidirlər. Azərbaycanla ikitərəfli münasibətlərin bərpasını istəyirlərsə, Avropa Parlamentinin rəhbərliyi tərəfindən mandat əldə etmiş nümayəndə heyəti göndərməlidirlər”. Belə də oldu, bu il sentyabrın 19-da Azərbaycana geniş tərkibdə nümayəndə heyəti gəldi. Avropa Parlamenti heç bir ölkəyə belə geniş tərkibdə nümayəndə heyəti göndərməyib. Heyət Azərbaycan Prezidenti tərəfindən qəbul olundu və nəticədə Avropa Parlamentinin qeyri-obyektivliyini sənədlər əsasında əks etdirən görüş alındı. Əslində bu görüş münasibətlərdə dönüş nöqtəsi idi. Azərbaycan Prezidenti faktları ortaya qoyaraq qonaqlara anlatdı ki, Avropa Parlamenti Azərbaycanla ikitərəfli münasibət istəyirsə, ortaya konkret sənəd qoymalıdır: "Azərbaycan heç bir beynəlxalq təşkilatla əməkdaşlıqdan imtina etməyib. Biz Avropa Birliyi ilə də ən yüksək səviyyədə münasibətlər qurmaq istəyirik. Amma qarşılıqlı maraqlar qorunmalıdır”. Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard da əlaqələrin bərpasından məmnun olduğunu deyib: "Azərbaycanda səfərdə olan Avropa parlamentariləri azərbaycanlı həmkarları ilə işləməkdə maraqlı olduqlarını açıq şəkildə bildirdilər. Ümumiyyətlə, Avropa İttifaqı Azərbaycanla əlaqələri gücləndirməkdə maraqlıdır. Ümid edirəm, yaxın vaxtlarda bu məsələ qanunvericilik müstəvisində də əks olunacaq”. Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib ki, Azərbaycanın xarici siyasət strategiyası qonşu dövlətlərlə, o cümlədən dünyanın nüfuzlu mərkəzləri ilə tərəfdaşlıq və qarşılıqlı maraqlar əsasında münasibətləri inkişaf etdirməkdir: "Münasibətlərin əsas tərkib hissəsi rəsmi-diplomatik əlaqələrlə yanaşı, həm də parlament diplomatiyasıdır. Parlament diplomatiyası bilavasitə xalqların təmsilçiləri ilə münasibət qurmağa, ölkələr üçün zəruri olan fərqli istiqamətlərdə əməkdaşlıq etməyə imkan verir. Bilirsiz ki, Azərbaycan Avropa ölkələrinin enerji təhlükəsizliyində çox mühüm rol oynayır. Ölkəmiz bu istiqamətdə faydalı işlər görür və Avropa üçün böyük maraq kəsb edən neft-qaz enerjisi sahəsində əməkdaşlığı gücləndirir. Dövlət bu məsələyə böyük sərmayələr yatırır, beynəlxalq layihələr hazırlayır. Enerji ilə yanaşı, təhsil və mədəniyyət sahələrində, o cümlədən iqtisadiyyat sferasında da əlaqələrimizi inkişaf etdiririk. Hesab edirəm ki, Avropa Parlamenti ilə əməkdaşlıq nəticəsində Azərbaycanın önəmini dünyaya daha yaxşı formada çatdıra biləcəyik”.

İsmayıl