Zülfiyyə Mustafayeva və Azad İsazadə yalnızların köməyə ehtiyacı olduğunu söyləyir
Evində tək yaşayan qocalar...
Onlar sosial xidmətlərdən məhrumdur, sonda ölüm xəbərlərini eşidirik
Zülfiyyə Mustafayeva və Azad İsazadə yalnızların köməyə ehtiyacı olduğunu söyləyir
Zülfiyyə Mustafayeva və Azad İsazadə yalnızların köməyə ehtiyacı olduğunu söyləyir
Ölkəmizdə tənha, diqqət və qayğıdan uzaq olaraq yaşayanların yalnızlıq sindromundan əziyyət çəkdikləri göz qabağındadır. Təəssüfləndirici hal isə budur ki, bu tendensiyada yaşlılar üstünlük təşkil edir. Müəyyən sosial problemlər, övladları və digər ailə üzvləri tərəfindən tərk edilmək, bir sıra psixoloji sarsıntılar onları tənhalığa məhkum edən əsas səbəblərdir. Nədənsə, xarici ölkələrin əksəriyyətində tək yaşamaq insanın şəxsi istək və arzusu hesab olunur. Lakin, ölkəmizdə bu fərdi istək deyil, yalnızlığa qərq edilmək anlamını verir.
Çünki məişətimizdə yaşlı valideynlərə nəzarət və diqqət əsas priroitet, onları tənhalığa məhkum etmək isə ictimai qınaq olaraq qiymətləndirilir. Çox zaman televiziyalarda, qəzet və saytlarda, yalnız yaşayanların ölüm xəbərinə rast gəlirik. Hər nə olur olsun, bu tənhalıq onların sağlamlığına da təsirsiz ötüşmür. Tənha yaşayanlarda özünəqapanma olur ki, bu da psixoloji sarsıntılara gətirib çıxarır. Eyni zamanda onlar az hərəkət edir, daha çox oturaq halda nələrləsə məşğul olurlar. Məlumdur ki, xaricdə tənha yaşayanlara nəzarəti müxtəlif QHT-lər həyata keçirir. Təxminən 7-8 il öncə ölkəmizdə oxşar təşkilatların yaradılması nəzərdə tutulsa da, hazırda xüsusi bir qurumun fəaliyyət göstərmədiyi aydındır.
"Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyi”nin sədri Zülfiyyə Mustafayeva tənha yaşayan, həmçinin maddi imkanı zəif olanlara sosial xidmətlərin göstərilməsini vacib hesab edir.
Onun sözlərinə görə, ölkəmizdə tənha və qoca insanlara dövlət tərəfindən xidmət göstərən qocalar evi var. Lakin onların öz istəkləri ilə bu proses həyata keçirilir və sosial xidmətlər yerinə yetirilir. Birlik sədri həmçinin evində yaşayan və maddi imkanı olmayan adamlara da sosial xidmətlərin göstərilməli olduğunu deyib:
"Avropa və Amerika ölkələrindəki təcrübədə görünür ki, tənha adamlar üçün iki istiqamətdə xidmət nəzərdə tutulur. Ölkəmizdə də bu iki istiqamət var. Bunlardan biri tənha və ahıl qocaların maddi imkanları əl verirsə, onların öz evlərində yaşaya bilməsidir. Onların gündəlik ehtiyaclarını ödəmək üçün xidmətində müəyyən insanlar da olur. Yəni, konkret olaraq tənha və ahıl adamlara xidmət sahəsində yalnız iki müəssisə məsuliyyət daşıyır. Birincisi, sosial xidmətlər, digəri isə bələdiyyələrin nəzdində fəaliyyət göstərən sosial xidmət idarələridir. Sosial xidmətlə məşğul olan idarələr ayrıca, bələdiyyələrin nəzdində və icra hakimiyyətlərinin nəzdində mövcud ola bilər. Sovet dönəmində tənha və ahıl adamlara xidmət göstərmək, onların gündəlik xidmətlərini ödəmək üçün Mənzil İstismar Sistemlərinin (JEK) nəzdində sosial yardım şöbəsinin işçiləri məşğul olurdular. Onlar hər ərazi üzrə bölünür və öhdəsində 50 nəfərə qədər ahıl qoca olurdu. Həftədə bir-iki dəfə həmin insanlara baş çəkir, onların ərzaq və digər təminatlarını yerinə yetirirdilər”.
Birlik sədri xatırladıb ki, vaxtilə "Sosial xidmət haqqında” qanun qəbul olunub və qanuna müvafiq olaraq tənha insanın evi varsa, ona sosial xidmətlər üçün işçi ayrılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu işçi konkret saata uyğun olaraq tənha insanın ehtiyaclarını ödəyir:
"Azərbaycanda sosial xidmət əslində bu qanun əsasında həyata keçirilməlidir. Amma indiki dönəmdə ölkəmizdə bu sahədə fəaliyyətin nə dərəcədə olduğunu deyə bilməyəcəm. Qanun tənha, eyni zamanda polletiv yardıma ehtiyacı olanlar üçün nəzərdə tutulub. Polletiv yardıma ehtiyacı olan insanlar o kateqoriyadır ki, ailəsi olsa belə, onlar yataq xəstəsi olduqları üçün xüsusi baxıma ehtiyacları olur. Bu halda ailə ərizə yazıb müraciət edir və yardıma ehtiyacı olan insan polletiv kateqoriyaya daxil olur. Beləliklə ona sosial işçi ayrılır və lazımlı xidmət göstərilir”.
Psixoloq Azad İsazadə isə son 10-20 il ərzində miqrasiya olduğunu, gənclərin kənddən şəhərə gəldiklərini və işləmək üçün xarici ölkələrə getdiklərini bildirib. O, məhz bu səbəblərdən tənha insanların sayında artım olduğunu deyib:
"Hazırda ölkəmizdə həqiqətən də belə problem var. Sadəcə Azərbaycanda uzun illərdir ki, bu problemlə az rastlaşırdıq. Çünki bizdə "ağsaqqal”, "ağbirçək” anlayışı var və qocalar adətən ailə üzvlərinin nəzarətində olurdu. Sözsüz ki, bu problemi təkcə QHT, ya da hansısa ictimai təşkilat tam aradan qaldıra bilməz. Sadəcə onlar problemə qoşulub öz köməkliklərini göstərə bilər. Əsas məsələ sosial müdafiədən gedir. Deməli, insan ömrü boyu işləyir, sonda təqaüdə çıxır. Sosial müdafiə fondu yaxşı iş görə bilsəydi, qocalar ömrünün son 5-10 ilini nisbətən daha rahat yaşaya bilərdi. Bizim qocalar evi var, lakin onların göstərdiyi xidmətin keyfiyyəti sözsüz ki, zəifdi. Tibbi yardım orda minimum səviyyədədir. Bu baxımdan, əsasən Avropa ölkələrini nümunə kimi götürüb təcrübəni ölkəmiz üçün tətbiq etmək pis olmazdı”.
Yeganə Bayramova