Millət vəkili həmkarlarının iradları ilə razılaşır

Mənimsənilmiş büdcə vəsaitlərinin geri qaytarılması ilə iş bitməməlidir


Milli Məclisin 14 aprel iclasında Hesablama Palatasının 2016-cı il hesabatı müzakirə olunub. Hesabatı təqdim edən palata sədri Vüqar Gülməmmədov qeyd edib ki, 2016-cı ildən nöqsan və pozuntuların təsnifləşdirilməsinə başlanıb. Hesablama Palatasının 2016-cı ilin iş planına uyğun olaraq dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının vəsaitləri üzrə 12-si analitik təhlil və 65-i audit olmaqla 77, Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə isə 10-u analitik təhlil və 9-u audit olmaqla 19 nəzarət tədbirinin başlanması ilə bağlı qərar qəbul edilib.

Millət vəkili Fazil Mustafa Hesablama Palatasının hesabatında nöqsan kimi xarakterizə olunan faktlara diqqət çəkib. O deyib ki, Beynəlxalq Bankda mənimsənilmiş böyük vəsaitlərin heç biri büdcəyə qaytarılmayıbsa, Palatanın gördüyü işlərlə qane ola bilməzlər: "Sənəddə bu faktları sadəcə, bir nöqsan olaraq göstərməyin nə mənası var? Bizi daha çox maraqlandıran nəticədir. Dövlət vəsaitlərinin büdcəyə qaytarılması üçün daha ciddi addımlar atılmalıdır.

Millət vəkili Əli Məsimli də qeyd edib ki, büdcə vəsaitlərinin artırılması üçün xırda xərcləri məhdudlaşdırmaq effektli deyil: "Bir məktəbin tikilməsinə üç dəfə pul ayrılır, amma ortada nə məktəb var, nə də yol. Hesablama Palatasında bu kimi faktlar əksini tapmalıdır. Məmur sahibkarlığının qarşısını almasaq, Azərbaycanda iqtisadiyyatın inkişafı mümkün olmayacaq”.

Millət vəkillərinin iradları ilə həmrəy olan deputat Zahid Oruc isə "Şərq”ə açıqlamasında əvvəla qeyd edib ki, ötən illər ərzində Hesablama Palatasının fəaliyyətinin hansı dinamikada olduğunu hər kəs yaxşı bilir: 

"Vüqar Gülməmmədovun rəhbərliyi altında biz ötən 2 il ərzində mühüm araşdırmaların və audit yoxlamaların, büdcə vəsaitlərinin hansı qurumlar tərəfindən səmərəsiz istifadə olunmasının şahidi olduq. Onların bu fəaliyyəti isə mən və digər həmkarlarım tərəfindən son dərəcə müsbət dəyərləndirilir.
Hər kəs maliyyə sistemi, onların professional təyinatı, əlavə əmsallar, qeyri-büdcə vəsaitləri ilə bağlı məsələlər barəsində məlumatlı olmaya bilər. Lakin önəmli olan odur ki, müvafiq qurum yeganə mexanizmdir ki, büdcə vəsaitlərini qorumaq və onun ünvanlılığını təyin etməkdə hökumətə və parlamentə dəstək olur”.

Büdcə vəsaitlərinin mənimsənilməsi məsələsinə gəldikdə isə millət vəkili deyib ki, Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) 10 ildir yaradılıb və sərəncamında 88 milyondan artıq vəsait olub, 11-12 səhmdar cəmiyyətə vəsait ödəyib: 

"Onların isə əksəriyyətinin nə özləri, nə də dividendləri Neft Fonduna ödənib. Pulları banklara depozit olaraq yatırıb, dövlətin pulu ilə öz gəlirlərini artırıblar. Bu kimi problemlər fonunda həmkarlarımın iradlarını haqlı hesab edirəm. Hesab edirəm ki, baş verən nöqsanlar aşkarlandığı halda onların cəzalandırılması sadəcə həmin vəsaitlərin geri qaytarılması ilə bitməməlidir. Biz büdcə vəsaitlərinin mənimsənilməsinin kütləvi xarakter daşımasının qarşısını almalıyıq. Ölkə başçısı keçirdiyi bütün müşavirələrdə bir məqamı qeyd edir ki, vəsaitlər xərclənən zaman əhalinin maraqları nəzərə alınmalı, ictimai nəzarət təmin olunmalı və cəzalandırılma mexanizmi həyata keçirilməlidir. Bunun üçün isə qanunvericilik sistemini daha da təkmilləşdirmək lazımdır. Tender prosedurları kütləvi həyata keçirilməli və şəffaf olmalıdır. Nəzarət mexanizmi zamanı cəzalar kollektiv verilməməli, məsuliyyət daşıyan konkret şəxslər cəzalandırılmalıdır. Dövlətin Azərbaycan insanı üçün müəyyənləşdirdiyi proseslər istənilən problemi həll etməyə imkan verir. Yetər ki, büdcədən ayrılan vəsaitlər öz ünvanına çatdırılsın”.

Şəymən