Mübariz Qurbanlı tam haqlıdır

Ekspertlər də şeyxin açıqlamasını doğru saymadılar



Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri şeyxülislam Allahşükür Paşazadənin "Azərbaycana turist kimi gələn, amma dini məsələlərə qarışan qonaqlar diqqətdə saxlanılmalıdır, o sərmayə gəlib burda dini qarşıdurma yaradacaqsa, lazım deyil” fikrinə münasibətini açıqlayıb.

M.Qurbanlı A.Paşazadənin belə fikirləri ilə tanış olmadığını deyib: "Ümumiyyətlə, heç vaxt eşitməmişəm, kimsə desin ki, turistlərin gəlişi bizdə dini məsələlərə hansısa formada təsir göstərə bilər. Dünyada elə ölkə var ki, ora əhalisinin sayı qədər turist gəlir. İspaniyaya gələn turistlərin sayı az qala bu ölkənin əhalisi qədər olur. Heç kim turizmin inkişafını bu məsələlərlə ləngitməməlidir”.

Turizmin dünyada geniş yer alan sahə olduğunu deyən M.Qurbanlı əlavə edib ki, Azərbaycan turizmin imkanlarından geniş şəkildə istifadə edir: "Prezidentimizin bununla bağlı müvafiq tapşırıq və sərəncamı da var. Mən ayrı-ayrı ölkələrdən Azərbaycana turistlərin kütləvi şəkildə axını ilə dini radikalizmin və ya dinlə bağlı digər problemlərin yaranacağını təsəvvür etmirəm və belə düşüncənin də tərəfdarı deyiləm. Hesab edirəm ki, turizm inkişaf etməlidir və burada heç bir qorxu yoxdur”.

Qurum rəhbərləri arasındakı ziddiyyəti şərh edən ilahiyyatçı-alim Elşad Miri qeyd edib ki, DQİDK dövlətin komitəsidir, QMİ isə dini icmadır. Yəni QMİ adi Qeyri-Hökumət Təşkilatıdır: "QMİ Dini Komitədə qeydiyyatdan keçmiş bir dini icmadır. Onun digər dini icmalardan heç bir fərqi yoxdur. Sadəcə olaraq çar Rusiyasının qalığı olan bir qurumdur. Və o qurumu da indiyə qədər xətir-hörmətə görə saxlayıblar. QMİ-nin çıxıb nəyəsə etiraz etməyə haqqı yoxdur. Sadəcə tövsiyə edə bilər. Buna da kimin əməl edib-etməməsi hər kəsin öz işidir. Amma faktiki olaraq komitə hökumətin bir qurumudur. Bu qurumun gündəmə gətirdiyi məsələyə heç kim davam gətirə bilməz. Sadəcə, belə bir ziddiyyətin yaranması yanlış yanaşmanın nəticəsidir və ona da rəvac verilir”.

Ölkədə dini sahədə boşluğun olduğunu iddia edən ilahiyyatçı qeyd edib ki, dini maarifləndirmə işləri də ya zəifdir və ya da heç yoxdur: "Təsəvvür edin ki, QMİ Aşura ilə bağlı fətva verib, amma özlərinin saytlarında Aşura ilə bağlı fətva yoxdur. Biabırçılıq bundadır”.

Tarix elmi üzrə fəlsəfə doktoru, Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı da deyib ki, şeyxin narahatlığına heç bir əsas yoxdur: "Son dövrlər Azərbaycana müsəlman ölkələrindən turist axını güclənib: "Bu da viza rejiminin sadələşməsi ilə əlaqədardır. Manatın zəiflədiyi və neft gəlirlərinin azaldığı bir dönəmdə Azərbaycana valyuta axını varsa, bunu ancaq alqışlamaq lazımdır. Biz çalışmalıyıq ki, Azərbaycana daha çox turist cəlb edək. Ölkə başçısının da göstərişi var ki, qeyri-neft sektoru olan turizmi də inkişaf etdirmək lazımdır. Bu gün Azərbaycana Ərəb ölkələrindən gələnlər varsa, digər ölkələri də cəlb etməliyik. Azərbaycanın regionlarına, mərkəzi şəhərlərinə çoxlu sayda turistlər cəlb etməliyik. Bu həm yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq, həm də Azərbaycan dövləti bundan xeyli gəlir əldə edəcək. Zənnimcə, M.Qurbanlı tam haqlıdır. Azərbaycanda turizmi inkişaf etdirmək lazımdır. Bu yöndə ciddi addımlar atılmalıdır. Turist axınının qarşısını almaq olmaz”.

Ayyət Əhməd