Qızıl orta tapılmalıdır

Jurnalistlərə kriminal xəbərlərlə bağlı məhdudiyyətlər, qadağalar qoymaq məntiqsizdir
Amma bütün media kapitanları razılaşır ki, bu tipli materiallara başlıq qoyarkən, şəkil verərkən diqqətli olmaq lazımdır


(Əvvəli ötən sayımızda)

Fevralın 16-da Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi "Ailə institutunun formalaşmasında adət-ənənələrimiz” silsiləsindən "Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları” mövzusunda "dəyirmi masa” keçirilib.

"Dəyirmi masa”da iştirak edən və ailə-məişət münaqişələri ilə bağlı bir sıra məsələlərə diqqət çəkən Ailə Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova eyni zamanda mətbuatda ailədaxili kriminal hadisələrin qabardılmasına da etiraz edib. "Tez-tez yazırlar ki, ər arvadının başını kəsdi, arvad ərini baltaladı və s. Ayıbdır, belə şey yazmaq olmaz. Axı bunu oxuyanları da nəzərə almaq lazımdır. Belə şeylər bütün dünyada var, tək bizdə deyil”.

Qeyd edək ki, bu iddiada olan tək Hicran Hüseynova deyil. Son illərdə zorakı hadisələrin, amansız qətllərin, dəhşətli qəzaların və intihar olaylarının Kütləvi İnformasiya Vasitələrində (KİV) işıqlandırılması, hətta bəzi media orqanları tərəfindən həddindən artıq tirajlanması ciddi müzakirə mövzularından olub. Çox vaxt psixoloqlar və ictimaiyyət nümayəndələri kriminal xəbərlərin yayılmasında mətbuatı qınayır, mediada dərc olunan pis xəbərlərin cəmiyyətdəki aqressiyanı artırdığını bildirirlər. İddialara görə, cinayət hadisələrini mətbuatda yaymaq, kriminal verilişlərinin sayını artırmaq insanların psixikasına mənfi təsir edir. Yəni cinayət xəbəri özü növbəti cinayətə yol açır. Bu tendensiyanın isə artıq medianın reytinq qazanmaq məqsədinə xidmət etdiyi vurğulanır. Üstəlik, hadisələrin, sadəcə, görünən üzü xəbər obyekti olur, ancaq onun başvermə səbəbləri fonunda cəmiyyətə heç bir maarifləndirici mesaj ötürülmür.

Bəs, görəsən, media nümayəndələri və ekspertlər bu barədə nə düşünür? Kriminal xəbərlərin, cinayət hadisələrinin mətbuatda və televiziyada qabardılmasının cəmiyyətə psixoloji təsiri var?

"Azxəbər.com”un saytının həmtəsisçisi Əfsələddin Ağalarov "Şərq”ə açıqlamasında deyib ki, media cəmiyyətdə baş verən hər bir olaya reaksiya verməli və onu işıqlandırmalıdır. Mənfi və ya müsbət hadisə olmasından asılı olmayaraq xəbər mahiyyəti kəsb edən hər bir informasiya jurnalistlər üçün materialdır. Əgər baş verən kriminal hadisələr, ailədaxili münaqişələr bizim insanlarımıza və cəmiyyətimizə xasdırsa, onların işıqlandırılması medianın birbaşa vəzifələrindən biridir: 

"Həmin hadisələrin cəmiyyətə hansı formada təqdim olunması isə jurnalistlərin və onların çalışdıqları mətbu orqanların fərdi seçimləridir. Təbii ki, baş verən kriminal hadisələrə, ailədaxili münaqişələrə media nümayəndələrinin həssas yanaşması və İP yığmaq üçün sensasiya doğuracaq xəbərlərdən istifadə etməməsi gərəkdir. Elə başlıq seçilməlidir ki, bu hadisənin mahiyyətini kölgəyə salmasın və insanların psixikasına təsir etməsin. Amma bütövlükdə bu cür xəbərlərin mediada işıqlandırılmasına qarşı iddiaları doğru hesab etmirəm və bu cür xəbərlərin insanlara zərər verməsi kimi fikirlərlə razılaşmıram. Düşünürəm ki, bu cür iradları ancaq mətbuatdan və jurnalistlərin peşə etikasından anlayışı olmayan insanlar irəli sürə bilər. Diqqət edirsinizsə, mediaya qarşı bu cür ittihamlar da elə məhz jurnalistlərlə işləməyi bacarmayan, media qurumları ilə real əməkdaşlığı olmayan insanlar tərəfindən səsləndirilir. Mətbuata qarşı bu cür yanaşmanı doğru hesab etmirəm. Ümumiyyətlə, jurnalistlərə hansısa xəbərlə bağlı məhdudiyyətlər və qadağalar qoymaq məntiqsizdir. Biz jurnalistlər baş verən intihar xəbərlərini yayır, qətllər barədə material veririksə, bu o demək deyil ki, kriminal hadisələri təbliğ edir, insanları cinayətə sövq edirik. İntiharların və ya ailə-məişət cinayətlərinin sayının kəskin şəkildə artması da mətbuatın günahı deyil”.

Ə.Ağalarovun sözlərinə görə, mətbuat yalnız milli-mənəvi dəyərlərə və dövlətçilik ənənələrinə xələl gətirən məlumatları yaymaqdan imtina etməlidir. Əgər əldə olunan hansısa bir fakt Azərbaycan dövlətinin və xalqının maraqlarına uyğun deyilsə, bu cür məlumatların yayılmasına qadağa qoyula bilər: 

"Yoxsa ki, cinayət hadisələrinin mediada işıqlandlırılması qətllərə və intiharlara rəvac verir, onların sayını artırır, yaxud da insanların psixikasına mənfi təsir edir kimi absurd fikirlərlə jurnalistlərin söz azadlığına məhdudiyyət qoyulması qəbulolunmazdır.”

"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova isə mediada cinayət xəbərlərinin verilməsinin yaxşı hal olduğunu hesab edir. Çünki bu xəbərlər verilməyəndə bəzi qüvvələr cinayətin gizlədilməsi və ya başqa neqativ amillərlə bunu əsaslandırmağa çalışırlar: 

"Bu baxımdan, əksinə, mövcud şəffaflıq olduqca müsbət hal kimi qiymətləndirilməlidir. Lakin cinayətlə bağlı faktların xoşa gəlməyən və eyni zamanda cəlbedici başlıqlarla verilməsi halını çox pis qiymətləndirirəm. Hesab edirəm ki, bu cür xəbərlər saytlarda və qəzetlərdə üz qabığında qətiyyən verilməməlidir. Məlumat xarakterli olmalı, kiçik detalları diqqətə çatdırılmamalıdır. Çünki baş vermiş cinayətlə bağlı məlumat verilsə də, nəticə ilə bağlı cəza məsələsi o qədər də diqqətə çatdırılmır. Bu isə cəzasızlıq kimi qiymətləndirilir. Verilən məlumatların şok effektlə verilməsi insanlarin psixikasına olduqca pis təsir göstərir. Bu həm cinayətə meyilliyi artırmaqla yanaşı insanların davranışında mənfi tendensiyaları çoxaldır”.

Psixoloq Elnur Rüstəmov isə kriminal xəbərlərin detallı verilməsinin insanların psixologiyasına ciddi təsir göstərdiyini hesab edir: 

"Ən azından xəbərlərdə adı çəkilənlər və şəkilləri göstərilənlər kiminsə övladı, valideyni, nəvəsi və ya yaxınıdır. Bu cür hallar insanların şəxsi həyatına müdaxilə kimi dəyərləndirilir və belə hadisələrin də xəbər kimi verilməsi doğru deyil. Əksinə, bu cür xəbərlər verilərkən ölü adam, qan olan səhnələr birbaşa göstərilməməlidir. Çünki bu gün insanların psixikası əvvəlki dönəmlərdə olduğu kimi möhkəm deyil. Həmin kadrlara baxandan sonra özünü narahat, gərgin hiss edən, psixoloji sarsıntı keçirən insanlar çoxdur. Elə insanlar var ki, hansısa avtoqəzadan olan şəkilləri görəndən sonra içində qorxu yaranır və maşın sürə bilmir. Fikirləşir ki, o da qəza törədəcək. Nəzərə almaq lazımdır ki, bu gün psixi sağlamlıq daha ciddi şəkildə qorunmalıdır. İnsanlar əvvəlki illərlə müqayisədə daha da həssaslaşırlar. Baş verən bütün proses və hadisələr insanın psixikasına bu gün çox təsir göstərir”.

Psixoloq deyir ki, saytların xəbər hazırlayarkən yazdığının hadisə ilə üzləşən insanların yaxınlarına necə təsir edəcəyi düşünülməlidir: 

"Nəzərə almaq lazımdır ki, bu cür xəbərlər onların psixikasına pis təsir göstərir. Ona görə də bu cür məsələlərdə ictimai həmrəyliyin olması çox vacibdir. Təəssüf ki, bu cür xəbərlərin sosial şəbəkələr üzərindən də yayıldığını görürük. Bu cür hallarla mübarizə saytların, televiziyaların özləri daxilində həll olunacaq məsələdir. İctimai qınaq çox vacibdir. Bu gün Azərbaycanda senzura yoxdur və hər kəs öz düşüncələrini deməkdə azaddır. Xəbərləri verən sayt və ya televiziya da insanların psixikasını nəzərə almalıdır. Dövlət buna hansı formada nəzarət edə bilər?”.

"Report.az” informasiya agentliyinin baş redaktoru Murad Əliyev isə hesab edir ki, digər sahələrdən fərqli olaraq kriminal hadisələr, ailə-məişət zəminində baş verən olayları yazarkən daha diqqətli olmaq lazımdı: 

"Media nümayəndəsi dərk etməlidir ki, onun yazdığı xəbər bir şəxsi və ya ailəni ictimaiyyətin diqqət mərkəzinə gətirə, bu da xoşagəlməz nəticələrə yol aça bilər. Bu səbəbdən hadisəni işıqlandırarkən şəxsin adını, soyadını şərti vermək olar. Digər tərəfdən jurnalistlər bəzi hallarda öz gəldiyi qənaətə əsasən xəbər hazırlayır ki, bu da hadisənin səhv şərh olunmasına, ictimaiyyətdə çaşqınlıq yaratmasına səbəb ola bilər. Bundan başqa hər redaksiya özü qarşısında etik normalar qoymalıdır, bəzi mövzular var ki, onlara toxunmamaq daha yaxşı olar. Yəni, baş verən hadisələri yazmamaq çıxış yolu deyil, sadəcə hər xəbərə peşəkar yanaşmaq lazımdır - İP yığmaq xatirinə başlıq fikirləşmək, hadisəni təhrif etmək yolverilməzdir”.

"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev də "Şərq”ə açıqlamasında deyib ki, əslində bu, bizim peşəkar müstəvidə müzakirə etməli olduğumuz məsələdir:

"Əlbəttə, medianın vəzifəsi yazmaqdır. Hansısa hadisə baş veribsə, bu, mütləq yazılmalıdır. Dünyanın bütün ölkələrində kriminal hadisələr baş verir və bu, mətbuatda işıqlandırılır. Azərbaycanda da hansısa media orqanına "bu tipli xəbərləri yazma” deyə bilmərik.

Amma təbii ki, xəbərlərin təqdim edilməsində həqiqətən problemlər var. Bəzən xəbərlər bütün çılpaqlığı ilə, hətta bəzən şişirdilmiş səviyyədə təqdim edilir. Bəzən hansısa ehtimal fakt kimi qələmə verilir. Heç bir mənbəsi olmayan bu ehtimallar uzun müddət mətbuatın müzakirə mövzusu olur. Təbii ki, bütün bunlar faciə yaşamış ailələrə, mərhumların, qətldə günahlandırılanların yaxınlarına çox pis təsir edir. Dəfələrlə belə halların şahidi olmuşuq. Bəzən qətlə yetirilənlərin yaxınları mətbuat nümayəndələrinə məhz bu səbəbdən çox sərt davranırlar. Bəzi hallarda rəsmi dəqiqləşdirmə olmadan qətlə yetirilənin, qətldə günahlandırılanların adları açıq şəkildə yazılır. Bu, hətta azyaşlılara, yeniyetmələrə də şamil edilir. Halbuki qanunvericilik, beynəlxalq konvensiyalar belə halları qadağan edir. KİV-lər, xüsusilə də yeni yaranmış internet resursları xəbər yayarkən bunun verə biləcəyi fəsadları nəzərə almır, yalnız öz maraqlarını düşünür”.

Ümumilikdə bu məsələnin kifayət qədər həssas olduğunu vurğulayan baş redaktorun sözlərinə görə, "biz yaydığımız xəbərdə insanların şəxsi həyatı ilə bağlı narahatlıqlarını özümüzün xəbər yaymaq missiyamızla uzlaşdırmalıyıq. Burada qızıl orta tapılmalı, bütün tərəflərin maraqları düşünülməlidir”.

Şəymən