Kadr islahatları ölkədə vəziyyəti dəyişməyəcək, əksinə daha gərginləşdirəcək
Ermənistan Prezidenti Serj Sarkisyanın əmri ilə Viqen Sarkisyan Ermənistan Prezidenti Aparatının rəhbəri vəzifəsindən azad olunub. Bu barədə S.Sarkisyanın mətbuat xidmətindən bildiriblər. Məlumata görə, digər əmrlə Viqen Sarkisyan müdafiə naziri vəzifəsinə təyin olunub.
Bununla yanaşı, Ermənistan Prezidentinin əmrilə Armen Gevorkyan Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad olunub və Ermənistan Prezidenti Aparatının rəhbəri vəzifəsinə aparılıb. Yuri Xaçaturov Ermənistan Silahlı qüvvələri Baş qərargah rəisi vəzifəsindən azad olunaraq Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyinat alıb. Ermənistan Silahlı Qüvvələri Baş qərargah rəisi vəzifəsinə əvvəllər rəis müavini olan Movses Akopyan gətirilib.
Təyinatı dəyərləndirən hərbi ekspert Üzeyir Cəfərov qeyd edib ki, Sarkisyan ictimaiyyətin narazılığını önləmək üçün bu addımı atıb. Çünki son zamanlar əsgər anaları Ermənistan müdafiə nazirinin fəaliyyəti ilə bağlı çox böyük narazılıqlar ifadə edirdi: "Eyni zamanda Sarkisyan ölkəsində müxalif qüvvələrin gözünə kül üfürmək niyyəti güdür. Yəni müxalif qüvvələrə göstərir ki, hökumətdə ciddi kadr islahatları gedir. Halbuki sabiq müdafiə naziri Seyran Ohanyan S.Sarkisyanın "sağ əli”dir. O, Sarkisyanın bütün həyat və fəaliyyətini tənzimləyən şəxsdir. Deyim ki, bu təyinatlar heç nəyi dəyişməyəcək. Ermənistan müstəqil dövlət deyil ki, onlar hansısa müstəqil qərarlar qəbul etsin. Separatçı ölkə hər zaman asılı vəziyyətdə olublar. İndi də asılıdırlar. Moskvadan hansı göstəriş gəlirsə, Sarkisyan həmin göstərişi icra edir. Başqa heç nə düşünmürəm”.
Ekspert S.Ohanyanın bundan sonrakı fəaliyyətinə də toxunub: "S.Sarkisyan və S.Ohanyan Qarabağ müharibəsi fonunda hakimiyyətə gəlmişdilər. S.Sarkisyanın ona yaxın olması deməyə əsas verir ki, yaxın zamanlarda S.Ohanyan üzdə olan postlardan birinə təyinat alacaq. Sarkisyan sabiq naziri kənarda saxlamayacaq. O, Sarkisyanın çox işlərindən xəbərdardır. S.Ohanyan Dağlıq Qarabağla bağlı görünən və görünməyən cərəyanlarla bağlı hərtərəfli məlumatlıdır. Ona görə də, düşünmürəm ki, S.Sarkisyan sabiq naziri tamamən kənarlaşdırsın. Yəni S.Sarkisyan Ohanyana müstəqil fikirlər səsləndirməyə imkan verməyəcək. Bir daha deyirəm ki, məlum təyinatların Dağlıq Qarabağ münaqişəsinə heç bir müsbət və mənfi təsiri olmayacaq. Proseslər eyni qaydada qalacaq, status-kvonun saxlanılmasına yönəlik addımlar davam etdiriləcək”.
Ayyət Əhməd