Soyadlar milliləşir: Heç bir əngəl yoxdur, kim istəyirsə 5-10 günə…

“Uşaqlara milli ad və soyadların verilməsində irəliyə doğru mühüm dönüş var”.  Bunu Sherg.az-a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova deyib. 

Professor bildirib ki, əldə olunan ən böyük nailiyyətlərdən biri milli kimliyimizi, mənliyimizi əks etdirən adların qorunması və soyadların verilməsidir: 

“Soyadlarla bağlı Nazirlər Kabineti tərəfindən qərar qəbul edilib. Soyadların verilməsində “ov”, “yev” yox, daha çox “Lı”, “li”, “soy”, “oğlu” və “qızı” formatlarından istifadə olunur. 2000-ci ildən bu yana doğulan uşaqlara milli soyadlar verilir. Ancaq əvvəlki dövrlərdə, yəni müstəqilliyin ilkin illərində doğulan uşaqlarda soyadlar oğlanlarda “ov”, qızlarda isə “ova” formasındadır. Bununla bağlı da müraciətlərin sayı çoxalıb. Artıq hər kəs soyad sonluğu kimi “ov”, “yev” yox, “lı”, “li”, “soy”, “oğlu” və “qızı” formasına üstünlük verirlər. Soyad sonluğu kimi ən çox “lı”, “li” formasından istifadə olunur. Proses artıq ənənə şəklində yox, dövlət tərəfindən qanuniləşmiş forma kimi həyata keçirilir. Müvafiq qurumlar adların ayrı-ayrı qeydiyyat idarələrində verilməsinə nəzarət edir. Eyni zamanda əvvəllər verilmiş ad və soyadların dəyişdirilməsi prosesi çox sadə üsulla həyata keçirilir. Hər bir vətəndaş ad və soyadı ilə bağlı ərizə ilə müraciət edə bilər. 5-10 gün ərzində proses həyata keçirilir. Bununla bağlı heç bir əngəl yoxdur”. 



Sayalı Sadıqova: “Soyad sonluğu kimi ən çox “lı”, “li” formasından istifadə olunur”


S.Sadıqova vurğulayıb ki, ad və soyadların milliləşməsi daha çox maarifləndirmə ilə bağlı məsələdir: 

“AMEA-nın Terminologiya Komissiyasının nəzdində Adlar və Soyadlar üzrə Xüsusi Komissiya var. Komissiya mətbuatda, televiziyada bu sahə ilə bağlı çoxsaylı tədbirlər görür, verilişlər təşkil edir. Həmçinin, xalq arasında maarifləndirmə aparır. Tədricən hamının daxilində bir hiss yaranır ki, o azərbaycanlı olduğuna görə, soyadı milli olmalıdır. Soyadın dəyişdirilməsi ilə bağlı müraciət edən xeyli orta yaşlı insanlar da var. Hətta yaşı 60-dan yuxarı olan şəxslər də bununla bağlı müraciət edirlər”. 

Qeyd edək ki, ötən il Azərbaycanda ad, soyad, soyad sonluğu və ata adının dəyişdirilməsi ilə bağlı müraciət edənlərin sayı açıqlanıb. Məlum olub ki, keçən il ərzində Azərbaycanda 2689 nəfər ad, ata adı və soyadını dəyişdirib. Ədliyyə Nazirliyindən verilən məlumata görə, 2019-cu ildə qeydiyyat orqanlarına adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı 2689, soyad sonluğunun dəyişdirilməsi üçün isə 2308 müraciət daxil olub və onların hamısı təmin edilib.