Köklü islahatlar aparılmalıdır

Tural İrfan: "Beş axundun yerini dəyişməklə işlərini bitmiş sayırlar"

"Universitetin 3573 məzununu məcbur edirlər ki, siz ancaq molla, ölüyuyan olmalısınız"

  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı dini xadimlərlə bağlı açıqlamalar verib. Sədr müavini məscidlərimizdə din xadimlərinə çox ehtiyac olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan məscidlərində ölkədə fəaliyyət göstərən dini, elmi mərkəzləri bitirənlər və ümumiyyətlə, dini təhsili olan, amma diplomu olmayanlar da fəaliyyət göstərə bilər. Amma bir şərtlə ki, onlar imtahan verməlidirlər:

"Azərbaycan məscidlərində İlahiyyat İnstitutunu, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsini bitirən, mədrəsələrin nümayəndələri din xadimi vəzifəsini tutmalıdır. Biz minbəri başqa ölkələrdə dini təhsil alan insanlara etibar edə bilmərik. Çünki onlar kimlərdən dərs alıblarsa, elə məhz onları da təqlid edirlər. Azərbaycançılıq ideyaları, milli-mənəvi dəyərləri lazımınca ifadə edə bilmirlər. Mütləq şəkildə onlarda yad təsir hiss olunur. Bu da istər-istəməz onların ideoloji səhvlərinə və təxribatlarına gətirib çıxarır. Təbii ki, biz də dövlət olaraq buna imkan verə bilmərik". Səyyad Salahlı bu günə qədər imtahan verən din xadimlərinin sayını açıqlayıb: "Bu günə qədər ümumilikdə 50-ə yaxın din xadimi imtahan verib. 7 nəfərdən ibarət nümayəndə heyəti imtahan götürür və hər bir din xadimi savadına uyğun şəkildə fərdi formada qiymətləndirilir. İmtahanlarımız şəffaf keçirilir. Qiymətlər toplanır və müəyyən balı yığan ruhanilər sertifikat alıb təyinatı üzrə göndərilirlər”. Onu da qeyd edib ki, hazırda xeyli sayda imam vəzifəsi boşdur.

  İlahiyyatçı Tural İrfan "Şərq"ə bildirib ki, illərdir bunları deyirik, mütəmadi gündəmə gətiririk, amma rəsmilər hələ indi ayılıblar. Ekspert çox gecikdiyimizi və prosesin çətin olacağını söyləyib:

"İranda, Qumda oxuyanları gətirib məscidlərə dolduranda niyə səsləri çıxmırdı? Xalqın zəhərlənməsinə göz yumuldu. İran zəhəri artıq bəzilərinin qanına işləyib. Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsini bitirənlərin imam işləmək təcrübəsi yoxdur. Orada nəzəriyyə keçilib, təcrübə isə başqadır. 

Əyani şəkildə islam dini ayinlərini icra edə bilən yeganə Bakı İslam Universitetinin məzunlarıdır ki, onlara da zülm edilir. Təhsil Nazirliyi diplomlarını tanımır. Amma Qumda oxuyanların diplomunu dərhal tanıyırlar. Bakı İslam Universitetinin məzunları milli təhsil aldığı üçün onları qaranlıq əllər səhnədən uzaqlaşdırır". 
  T.İrfan vurğulayıb ki, İrana bağlı, irançı yüzlərlə axund hazırda fəaliyyət göstərir: "Bakının mərkəzində oturub axşama kimi İran ideologiyasına xidmət edirlər. Alınan önləmlərin ciddi olmadığını görürəm. İranı təqlidin, yamsılamağın qarşısını almaq lazımdır. Ölkədə ali dini ruhanilərin yetişməsinə imkan verilmir. 

Bakı İslam Universitetinin məzunlarına AMEA-da elmi iş götürüb müdafiə etməyə qadağa var. Beş axundun yerini dəyişməklə işlərini bitmiş sayırlar. Köklü islahatlar aparılmalıdır. Bizi səhnədən uzaqlaşdırıblar və illərdir zülm edirlər. Çünki vətənpərvərliyi, milli islam modelini təbliğ edirik, heç bir xarici ölkənin din modelinə bağlı deyilik. 

Ölkədə sağlam ilahiyyatçıların çoxuna imkan verilmir. Xarici təsirlər çox güclüdür. Bunun qarşısını almaq üçün sanballı ilahiyyatçılar olmalıdır, din alimləri olmalıdır. Vahid müraciət yeri xaricdə yox ölkə daxilində olmalıdır. Fəqət hələ ki, aparılan işlər çox zəifdir. 

Milli məzunları səhnədən çıxarmaqla xarici agenturanı "din" adı altında məscidlərə doldurublar, indi də təmizləyə bilmirlər. Universitetin 3573 məzununu məcbur edirlər ki, siz ancaq molla, ölüyuyan olmalısınız. Siz ali din xadimi statusuna çata bilməzsiniz, siz ancaq xaricdəki alimlərə tabe olmalısınız. Soruşanda ki, ali rütbəli din alimləri kimdir? Deyirlər bizdən elə adam çıxa bilməz, o ancaq İranda ola bilər. 

Təsəvvür edin, Türkiyədə Bakı İslam Universitetinin məzunları elmi dərəcə alıblar ki, gəlsinlər ölkədə fəaliyyət göstərsinlər. Ancaq bakalavr diplomunu Təhsil Nazirliyi rədd etdiyi üçün əl-qolları bağlı qalıblar. Belə biabırçılıq olar?!".