Sakinlərdən toplanan pullar hara xərclənir?

Çoxmənzilli binaların idarə olunması birdəfəlik həllini tapmalıdır

Bununla bağlı MTK, MİS və bələdiyyələrin nümayəndələrindən ibarət İşçi qrupu yaradılmalıdır


  “Təklif edirəm ki, MTK-ların sakinlərdən xidmət haqqının toplanılması nağdsız qaydada olsun”. Bunu Milli Məclisin dünən keçirilən plenar iclasında deputat Emin Hacıyev deyib. O qeyd edib ki, burada kifayət qədər vəsait dövr edir.
 
 “Bu vəsait nağdsız qaydada xərclənərsə, bu sahəyə daha çox işçi heyətinin cəlb edilməsinə, nəticədə məşğulluğun artmasına nail ola bilərik. Bunun üçün bank hesabı açıla bilər. Bu vəsaitlər bank hesabına daxil olarsa, təyinatı üzrə xərclənməsi də təmin edilə bilər”.

Deputatın təklifini dəyərləndirən ekspertlər də Mənzil-Tikinti Kooperativlərinin (MTK) fəaliyyətinin şəffaflaşdırılması üçün onlara olan bütün ödənişlərin nağdsız aparılmasını vacib hesab edir.

  Qeyd ediblər ki, qanunvericiliyə dəyişiklik edilməsi və MTK-lara nağdlı ödənişlərin qadağan olunmasına ehtiyac var. Nəticədə, bu onların tələb etdiyi haqların məbləğini müəyyənləşdirməyə və vergidən yayınmanın qarşısının alınmasına imkan yaratmaqla yanaşı, həm də onların fəaliyyətində şəffaflığın gücləndirilməsinə səbəb ola bilər.

  Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə hesab edir ki, MTK-ların vətəndaşlardan tələb etdiyi ödənişlərin nağdsızlaşdırılması yetərli deyil.

  Bu barədə “Sherg.az”a danışan E.Fərzəliyev qeyd edib ki, Bakı şəhər ərazisində 2000-dən çox çoxmənzilli yeni yaşayış binaları istifadəyə verilib. Çox sayda binaların tikintisi isə davam edir: “Bu proses təkcə paytaxtla kifayətlənmir, Sumqayıt, Gəncə və digər böyük şəhərlərdə çoxmənzilli yaşayış binaları inşa olunub sakinlərin istifadəsinə verilib və hazırda da xeyli sayda binanın tikintisi davam edir”.
  Ekspertin sözlərinə görə, kompleks binaların əksəriyyətində kommunal xərclər mobil tətbiq vasitəsilə edilir. Sakinlər kooperativlərə və digər idarəetmə şirkətinə ödənişi elektron formada edir: “Ödəmə zamanı da pulların xərclənmə mexanizmini görür. Bu ay toplanan kommunal ödənişlərin hansı sahə üzrə xərcləndiyini görə bilir. Düzdür, nağd ödəmələrlə müqayisədə bina sakinləri ödədikləri vəsaitin hara və necə xərcləndiyini bilir. Lakin bu, çıxış yolu deyil.
  Ölkəmizdə binaların idarəetməsi ilə bağlı Mənzil İstismar İdarələri (MİS) fəaliyyət göstərir. Eyni zamanda bələdiyyələr torpaq və əmlaka görə vergi yığırlar. Hətta uzun müddətdir MİS-lərin fəaliyyətinin dayanmasına rəğmən onlar bina sakinlərindən aylıq ödəniş tələb edirlər. Üstəlik, küçə və parklarda təmizlik işlərini də məhz bu qurumun əməkdaşları aparır. Hətta bir neçə il əvvəl MİS-lər tərəfindən vətəndaşlardan toplanan ödənişlərin ləğvi ilə bağlı da qərar qüvvəyə minmişdi. Lakin bir çox binaların sakinləri hörmət əlaməti olaraq MİS-lərə ödəniş edir.
  Hesab edirəm ki, bu sahədəki problemlərin həlli üçün kompleks addımlar atılmalıdır. Çoxmənzilli binaların idarəsi ilə bağlı MTK, MİS və bələdiyyələrin nümayəndələrindən ibarət İşçi qrupu yaradılmalıdır.
Paytaxtın bir çox yerlərində, bir-birinə yaxın ərazidə həm yeni tikili, həm köhnə binalar, həm də fərdi yaşayış evləri var. Bu isə o deməkdir ki, eyni ərazidəki müxtəlif binaların idarəçiliyi həm MTK, həm MİS, həm də bələdiyyələrin səlahiyyətindədir. Hər 3 qrupu bir yerə toplamaq və JEK-lərin bu sahədəki təcrübəsindən faydalanmaq lazımdır. Bu qurum hələ keçmiş sovetlər dönəmindən bu yana binaların idarəçiliyini mükəmməl şəkildə həyata keçiriblər. Ona görə də hər üç qurum vahid idarəetmə altında birləşdirilməli və tamamilə MİS-lərin fəaliyyət istiqamətinə uyğun yeni bir qurum yaradılmalıdır. Bu, daha effektiv olar”.