10 il sonra ölkəmizdə vəziyyət daha təhlükəli hal alacaq

Qara buludlar çəkilməyib

Son vaxtlar narkomaniya təkcə gəncləşməyib, həm də qadınlaşıb, uşaqlaşıb
 
 “Azərbaycanda narkomanların, o cümlədən onlar arasında qadın və uşaqların sayı hələ də çoxdur”. Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin oktyabrın 6-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının yüksələn xətlə artması narahatlıq yaradır: “Hamımız bilirik ki, narkotik cəmiyyətin əsası olan ailəni dağıdır, ailədaxili münaqişələrin, məişət zəminində zorakılığın artmasına və xəstə uşaqların doğulmasına səbəb olur. Bu səbəbdən qanunvericiliyin təkmilləşdirilməsinə böyük ehtiyac yaranır”.
  
Gənclərin narkotik vasitələrin təsiri altına düşməsi cəmiyyətdə ciddi narahatlıq yaradır. Maraqlıdır, bunun qarşısını necə ala bilərik?
Mütəxəssislərin fikrincə, burada emosional və psixoloji amillər xüsusi rol oynayır. Yeniyetmələr üzləşdikləri psixoloji çətinliklərin öhdəsindən gəlmək, stress, depressiya, narahatlıq hisslərindən qaçmaq üçün bu vasitələrə əl atır, daha sonra asılılıqdan qurtula bilmirlər. Heç şübhəsiz, pis vərdişləri olan ailə üzvləri də uşaqlar üçün mənfi rol modeli ola bilər.

  Narkomaniyaya qarşı mübarizə üzrə QHT koalisiyasının sədri Rauf Zeyni isə bu cür vacib və son dərəcə əhəmiyyətli məsələni parlamentin gündəminə daşıdıqları üçün millət vəkili Hicran Hüseynovaya və Milli Məclis rəhbərliyinə xüsusi minnətdarlığını bildirib: “Mən dəfələrlə bu məsələni qaldırmışam ki, narkomaniya problemi Azərbaycan cəmiyyəti və ictimaiyyəti üçün çox ciddi bəladır. Ölkəmizi, xüsusən də gənclərimizi bu bəladan xilas etmək üçün qanunvericiliyə əlavə və dəyişikliklər edilməli, narkomaniyaya qarşı mübarizə tədbirləri gücləndirilməlidir. Çox böyük təəssüflə qeyd edim ki, son vaxtlar narkomaniya həm qadınlaşır, həm gəncləşir, həm də uşaqlaşır. Narkomaniyaya aludə olan qadınların, uşaqların sayının artması gələcək genefondumuz üçün çox böyük təhlükədir”.
  
Rauf Zeyni ölkəmizdə narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizənin dövlət səviyyəsində aparıldığını vurğulayıb. Onun sözlərinə görə, narkomaniyaya qarşı mübarizədə həyata keçirilən inzibati tədbirlər qənaətbəxş səviyyədədir: “Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizlik Xidməti də bu istiqamətdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Xüsusilə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin bu istiqamətdə apardığı işlər təqdirəlayiqdir.

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına da bu istiqamətdə atılan bütün addımları dəstəklədiyi üçün minnətdaram.

  Vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatı olaraq biz də bu mübarizəni dəstəkləyir, Qeyri-hökumət təşkilatı narkomaniyaya qarşı mübarizə üzrə QHT koalisiyası çərçivəsində müəyyən işlər görürük. Lakin görünən odur ki, narkomaniyaya qarşı mübarizə çərçivəsində həyata keçirilən inzibati metodlar kifayət deyil. Narkomaniya ilə mübarizə üzrə maariflənməni daha da gücləndirmək lazımdır. Xüsusilə gənclərimiz maariflənməlidir ki, 10 il sonra ölkəmizdə vəziyyət daha təhlükəli hal almasın. Bu istiqamətdə fəaliyyət göstərən vətəndaş cəmiyyətlərinə ayrılan qrantların sayı artırılmalıdır ki, həm narkotik maddələrin ölkəyə gətirilməsinin qarşısı alınsın, həm də ölkə daxilində narkobizneslə məşğul olan şəxslərin fəaliyyəti məhdudlaşdırılsın”.