Vətəndaşlar hər həftə elektrik lampaları dəyişir

Saysız-hesabsız şikayətlər var

Antiinhisar və Bazarlara Nəzarət Dövlət Xidməti bu məsələ ilə çox ciddi məşğul olmalıdır

  Mağazadan yeni alınan elektrik lampalarının (adi közərmə lampası) istifadə müddəti bəzən bir neçə gün, bəzən də cəmi bir ay olur. Belə olan halda isə insanlar ay ərzində bir neçə dəfə lampa dəyişməli olur, maddi ziyana düşürlər. Satılan keyfiyyətsiz məhsullara görə isə heç kim məsuliyyət daşımır.
 
 Halbuki dünya üzrə bütün lampa istehsalçıları, hətta çinlilər də öz məhsullarına rəsmən zəmanət verirlər. Hətta Rusiya məhsulları olan közərmə lampalarına istehsalçı 3 ay zəmanət verir. Bu haqda məlumat lampaların qutularında yazılıb. Digər lampa növlərinə də bir və ya iki il zəmanət verilir. Başqa sözlə, dünyanın hər yerindən, o cümlədən Azərbaycandan istənilən sifarişçi Çindəki (və ya başqa ölkədəki) satıcıdan (istehsalçıdan) aldığı lampaların zay çıxanını, yaxud zəmanət müddətində xarab olanını yığıb geri göndərə, əvəzində yenisini tələb edə bilər. Azərbaycan bazarına bu məhsulları çıxaranlar və satanlar isə bunu etmirlər. Bəlkə də özlərinə əlavə əziyyət vermək istəmirlər. Buna görə onları sorğu-suala tutan, məsuliyyət tələb edən də yoxdur.

Məhz bu səbəbdən də əhalinin böyük əksəriyyəti işıqlandırmada daha çox diodlu - led lampalardan istifadəyə üstünlük verir.

  Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Sherg.az”a açıqlamasında deyib ki, közərmə lampalarının tez sıradan çıxmasının elektrik enerjisinin keyfiyyəti ilə əlaqəsi yoxdur. Elektrik lampalarının tez-tez yanmasına səbəb onların keyfiyyətsiz olmasıdır:

 “10 ildən çoxdur ki, közərmə lampaları ilə bağlı Azad İstehlakçılar Birliyinə saysız şikayətlər daxil olur. Uzun müddət Nazirlər Kabinetinin 343 saylı, “Təhlükəsizliyi təmin olunan mallar” siyahısı adlı qərarı qüvvədə olub. Təhlükəsizliyi təmin olunan malların siyahısı idi.
  Həmin qərara əsasən, idxal olunan məhsullar, o cümlədən də elektrik malları yoxlandıqdan sonra bazara daxil ola bilirdi. Lakin 2021-ci ildən etibarən həmin qanun ləğv olundu və bazarda vəziyyət arzuolunmaz hal almağa başladı. Saxta, keyfiyyətsiz və standartlara uyğun olmayan, zavodlar tərəfindən istifadəyə yararsız kimi zibilliyə atılan mallar Azərbaycana gətirilir”.
  Hər bir ləvazimatın istifadə müddəti olduğunu vurğulayan E.Hüseynov deyib ki, Azərbaycana müxtəlif ölkələrdən həddindən artıq yararsız lampalar gətirilir: "Elektrik lampalarının tez zamanda sıradan çıxmasını aidiyyəti qurumlar araşdırmalıdır. Xüsusən də, Antiinhisar və Bazarlara Nəzarət Dövlət Xidməti bu məsələ ilə çox ciddi məşğul olmalı və satışda olan lampaların standartlara uyğun olub-olmadığını müəyyən etməlidir. Onsuz da hər sahədə olduğu kimi lampaların qiymətində də bahalaşma olur. Daha çox evlərdə istifadə olunan közərmə lampalarının isə günaşırı yanması əhalinin maddi durumuna adekvat deyil”.