Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin mayın 18-dək davam edəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O bildirib ki, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
G.Məmmədovanın sözlərinə görə, qərb küləyi 15-18 m/s, 17-də ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək:
“Çaylarda, o cümlədən Kür, Araz və Qanıx çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir”.
Ekoloq-Jurnalistlər Birliyinin sədri Cəmşid Bəxtiyar “Sherg.az”a bildirib ki, havaların qeyri stabilliyi qlobal iqlim dəyişikliklərinin təzahürüdür:
“Mütəxəssislər iqlim dəyişikliklərini daha çox qütblərin yerdəyişməsi, metan qazının atmosferin yuxarı qatlarına toplanması və günəş şüalarının birbaşa atmosferə daxil olması ilə ilə əlaqələndirirlər. Metan qazının atmosferin yuxarı qatlarına qalxması heyvandarlıq təsərrüfatındakı tullantılarının düzgün istifadə olunmaması ilə bağlıdır. Bir çox fabrik və zavodlarda karbon qazının miqdarının çoxalması və daxiliyanma mühərriki ilə işləyən avtomobillərin tullantıları atmosferə ziyan vurur. Bizdə “Təmiz hava” aylığı başlayıb. “Təmiz hava” aylığı bir çox hallarda atmosferə atılan tullantıların qarşısını almağa kömək etmir. Avtomobillərin atmosferə atdığı tullantıların qarşısının alınması üçün tədbirlər görmək lazımdır. Bir çox hallarda fərqli ölkələr bir-birinə siyasi təsir vasitəsi olaraq iqlim silahlarındanda istifadə edirlər. Bu iqlim silahlarından açıq-aşkar danışılmadığına görə ehtimal versiyalarından biri kimi səsləndirsək daha doğru olar. Fəsillərin xarakterində stabillik artıq müşahidə olunmur. Bəzən 1 fəsil 3 ay deyil, 1 ay olaraq davam edir.”