Bakının Suraxanı rayonunda sürət yarışı keçirən sürücülər saxlanılıb.
Bakı Şəhər DYP İdarəsindən Milli.Az-a verilən məlumata əsasən, "Mercedes" markalı, 77-YG-294 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kərimov Mehdi Tahir oğlu və "Mercedes" markalı, 11-BH-180 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Abbasov Sadiq Famil oğlu avtoxuliqanlıq hərəkətləri etdikləri üçün Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Sürücülər barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Suraxanı Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarına əsasən sürücü M.Kərimovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla iki min manat, S.Abbasovun isə sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla iki min beş yüz manat məbləğində cərimə olunublar.
Nəqliyyat eksperti Aslan Əsədov "Sherg.az"a bildirib ki, bu cür hadisələrlə qarşılaşmağımızın başlıca səbəbi insanların yol hərəkəti haqqında qanuna biganəliyi və hörmətsizliyidir:
“Hər kəs qanunlarımıza hörmətlə yanaşmalı və məhəbbətini ifadə etməlidir. Bütün qayda və qanunlar Ali Qanunvericilik orqanında qəbul edilir. Qaydaları pozmaq fərqliliyin göstəricisi deyil. Hər kəsin qanun qarşısında hüquqları eynidir. Qanunu pozan gənclər asudə vaxtlarını bu formada keçirmək istəyirlər. Çünki belə addımı atan şəxslər sosial ağırlığı dərk etmirlər. Yəni qanunu pozmağa əyləncə və adrenalin vasitəsi kimi baxırlar.”