
Bakı tıxac içində boğulur: Nəqliyyat sistemi iflic olub
İctimai nəqliyyat işləmir, taksilər cərimələnir – Bakı küçələrində çıxılmazlıq
"Şəhər tıxacda boğulur, qərar verənlər susur!"
Yay mövsümü, məzuniyyətlər dövrü olmasına baxmayaraq, paytaxtın tıxacları azalmır. Həftənin 5 iş günü hər səhər hansı yollarda tıxac olduğu xəbərdarlığı yayılır. Axşamüstü mərkəzdən şəhər kənarlarına, Bakıətrafı qəsəbələrdən də üzü şəhərə maşın karvanları düzülür. Nə avtobus zolaqları, nə velosiped zolaqları, nə harda gəldi tərk edilib qalan skuterlər, taksi xidmətinə tətbiq edilən ağlasığmaz qadağa və qaydalar Bakının tıxac dərdinə çarə olmadı. Bir-iki müsbət məqamı çıxmaq şərti ilə - məsələn, Xırdalan yolunda ictimai nəqliyyatın öz zolağı ilə sürətlə, maneəsiz hərəkət etməsi kimi, digər məsələlərdə problemlər həll olunmaq əvəzinə daha da artıb. Avtomobil sürücüləri parklanma qaydalarından, yol nişanlarının aldadıcı olmasından narazıdır. Taksilər sərnişinləri səki kənarında mindirib-düşürə bilmir. Avtomobili hərəkət zolağının ortasında əyləməli olurlar, buna görə də cərimələnirlər. Sərnişin də məcburdur, avtobus zolağını adlayıb maşına minsin. Cəmi 2 hərəkət zolağı olan yolun bir zolağının velosipedlərə ayrılması necə bir “tapıntı”dır, heyrət edirsən. Avtobuslara yol açılır, digər hərəkət iştirakçıları tıxaca düşür. Anlaşılandır, məqsəd ictimai nəqliyyatdan istifadəni təşviq etmək, fərdi nəqliyyat vasitələrindən istifadənin azaldılmasıdır. Amma ictimai nəqliyyat öz funksiyasını lazımi şəkildə yerinə yetirirmi? Bu suala real cavab lazımdır. Dayanacaqlarda yarım saat avtobus gözləyən sərnişinlər sosial şəbəkədə bu haqda yazır. İctimai nəqliyyatın fəaliyyəti qaneedici deyilsə, insanlar fərdi nəqliyyat vasitələrindən istifadəni əlbəttə, davam etdirəcək. İctimai nəqliyyat vaxtlı-vaxtında işləyəcəyi halda, kimsə özünü yorub, əlavə də xərc çəkib fərdi nəqliyyat vasitəsindən niyə istifadə etsin ki?!. Avtobusla və ya metro ilə (bu ikilidən savayı ictimai nəqliyyat növümüz onsuz da yoxdur _ M.R.) rahat şəkildə işə gedib-gələr. Amma belə deyil. İctimai nəqliyyat axsayırsa, məcbur qalmadıqca axsaq ata kimsə minmək istəməz.
Belə məlumatlar da var ki, paytaxtın yol-nəqliyyat infrastrukturundan hakimiyyət dairələrində də narazılıq var və avtobus, velosiped zolaqlarının çəkilməsiylə guya ki, problemlərin həllini tapacağına dair verilən vədlər özünü doğrultmayıb və bu işlərə ayrılan vəsait itkiyə gedib. Baxırsan ki, iş görülüb, amma faydası görünmür. Yenə tıxaclar, yenə ictimai nəqliyyatdan, daralan yollardan narazılıqlar davam edir. Sərnişinlər yolun ortasında avtobusa minib-düşür, yola düzülən maneələrsə, həqiqətən də piyadalara mane olur, insanlar onlara ilişib yıxılır. Taksilər bilmir harada saxlasın ki, cərimə edilməsinlər və sair... Vəziyyət niyə belə hal alıb?
Şəhərimizin nəqliyyat, yol problemini sosioloq İlqar Hüseynli ilə müzakirə etdik. Sosioloq Sherg.az-a açıqlamasında qeyd etdi ki, Bakı şəhərinin prospekt və yollarının ümumi ölçüsü, kvardraturası nəqliyyat vasitələrinin intensiv ötürücülüyü üçün yetərli deyil:

- Prospektlərin, yolların eni dardır, hərəkətdə olan nəqliyyat vasitələrinin sayı isə həddindən artıq çoxdur. Bu cür yüklənmə şəraitində avtobus zolaqları, skuter, velosipedlər üçün ayrıca zolaqlar yaradıldı, digər nəqliyyat vasitələrinin hərəkəti üçün saxlanılan məsafə isə daha da daraldı. Bu da əlavə sıxlığa səbəb olub. Ona görə də insanlar narazıdır. Bütün ölkələrdə bu iki nəqliyyat vasitəsi üçün xüsusi zolaqlar ayrılır, hərə öz zolağı ilə hərəkət edir. Narazılıq da olmur. Bizdə niyə narazılıq yaranır, çünki ictimai nəqliyyat öz funksiyasını yerinə yetirə bilmir. İllər əvvəl trolleybus, tramvay xətlərini ləğv etdik. İndi anlayıblar ki, bu iki nəqliyyat vasitəsi ən doğru, rasional vasitə imiş. Bəli, avtobuslar üçün xüsusi zolaqların ayrılması ictimai nəqliyyat vasitəsindən istifadəni təşviq etmək məqsədi daşıyır. Amma bu baş verməyib. Yeraltı nəqliyyat vasitəsi metronun imkanları da çox zəifdir. Vaxtilə stansiyalar 4 vaqon tutumlu tikilib. Onları yenidən genişləndirmək, vaqon sayını artırmaq mümkün deyil artıq. Yeni stansiyalar tikiləcək, necə olacaq, sərnişin sıxlığı azalacaqmı, bunu gələcək göstərəcək. Bu məsələlər bir-biriylə zəncirvari bağlıdır. Zəncirin bir halqasında boşluq varsa, ümumi iş alınmasını gözləməyin.
İ.Hüseynli bildirdi ki, Bakının nəqliyyat yükünü azaltmaq imkanlarından məhrumuq:
- Dediyim kimi, paytaxtımızın yolları əzəlindən dar inşa edilib, əhali artımı nəzərə alınmayıb. Bizim geniş, çoxzolaqlı prospektlərimiz azdır. Geniş olanlar da mərkəzə yaxınlaşdıqca daralır. Bakıda tikililər pik həddə çatıb. Səkilər zəbt olunub, yollar daralıb. Və təsəvvür edin ki, bu proses, dəhşətli bir şəkildə indi də davam edir. Dayanmırlar, durmurlar. “Bəsdir daha”, deyən də yoxdur. Vaxtilə mütəxəssislər bildirirdi ki, Bakı daraldılmamalıdır, uzadılmalıdır. Amma dinləyən, əməl edən olmadı. Şəhər kənarlara doğru böyüməli, şaxələnməli idi. Şəhər böyüyüb, amma yaşayış massivlərinin hesabına. Bu massivlərdə yaşayanlarsa hər səhər yenə mərkəzə doğru hərəkət edir, axşamsa evinə - şəhər kənarına qayıdır. Əlbəttə, yollarda sıxlıq olacaq, tıxac yaranacaq.
Taksi xidmətinin qarşılaşdığı problemlərə gəlincə, İ.Hüseynli qeyd etdi ki, taksilərin dayanması üçün xüsusi duracaqlar yaradılmalıdır:
- Bəzi yerlərdə bu var. Amma dar yollarda buna imkan yoxdur. Harda ki taksilər üçün xüsusi dayanma-durma nöqtəsi yaratmaq mümkün deyil, orada taksilərə avtobus zolağından istifadəyə icazə verilməlidir ki, avtomobil sağ zolaqda bir neçə dəqiqə dayanmaqla sərnişinləri mindirib düşürə bilsinlər. Yoxsa taksini orta zolaqda saxlamaqla təhlükəli vəziyyət yaranır. Biabırçı bir vəziyyətdir. Avtobus zolağına daxil olan kimi 3 bal və 100 manat cərimə yazılır. Sərnişini rahat bir şəkildə düşürüb mindirə bilmirsə, taksi xidməti nəyə lazımdır? Biz təklif edirik ki, avtobus dayanacaqlarından 5 metr aşağı və ya yuxarı taksilərə dayanmağa imkan yaradılsın, icazə verilsin. Gözləmə müddəti 2 dəqiqə intervalla. Taksi yolun ortasında saxlayırsa, bu, qəzalara, taksi xidmətində çalışan insanların vəziyyətinin ağırlaşmasına səbəb olacaq.