İslam tarixinin ən qanlı səhifəsi və şəhidliyin ən uca zirvəsi olan Kərbəla hadisəsinin növbəti ildönümü yaxınlaşdıqca “Məhərrəm ayında niyə toy etmək olmaz” məsələsi gündəmə gəlir. Bəzən də ritorik şəkildə sual qoyulur. İslam mütəfəkkirləri, şəriət alimlərindən indiyədək “Məhərrəm ayında şənlik, toy-nişan, izdivac etmək olmaz” kimi nə bir hökm eşidilib, nə də bir fətva verilib. Sonuncu peyğəmbər Muhəmməd əleyhissalamın nəvəsi və əhli-beytə - ailə üzvləri məhəbbətə sədaqətli qalanlar İmam Hüseyn şəhadətinə ehtiram əlaməti olaraq Məhərrəm ayında toy-nişan etməkdən könüllü imtina edirlər. 1400 ildir niyə imam Hüseynə ağlayırsınız” deyə irad bildirənlər, elə 1400 ildir də “niyə toy etmək olmaz”ı çək-çevir edirlər.
Tədqiqatçı jurnalist, Şərq, islam ölkələri üzrə araşdırmaçı Kənan Rövşənoğlu “Sherg.az”a açıqlamasında bildirdi ki, bu mövzunun daim müzakirəyə çıxarılması absurd, insanların inancına dil uzadıldığı üçün hətta tərbiyəsizlikdir:
- Facebooku mütəmadi izləmirəm, amma son günlər hər dəfə açanda qarşıma dostların Məhərrəm ayında toy etmek olar, olmaz mövzusunda yazıları çıxır. Demək ki, kimlərsə yenə də bu mövzunu müzakirəyə çıxarır. Bu mövzunun müzakirəyə çıxarılmasının özü absurd və əslində tərbiyəsizlik, başqalarının inancını təftiş etmək, yəni burnunu başqasının inancına soxmaqdır. Bütün dünyada hər bir xalqın adətləri var, məsələn dünyanın ən hörmətli xalqı olan amerikalılar hər il noyabrın sonuncu Cümə axşamı günü şükran günü qeyd edir, hər kəs hinduşka bişirib bayram edir, hətta ABŞ prezidentləri hər il hədiyyə olunmuş hinduşkani "əfv etmək" mərasimi keçirir. Amma kimsə 17-ci əsrdə aclıqdan xilas olduğu üçün amerikalıların niyə “Ağ ev”də hinduşka kəsməsini müzakirə etmir, düz də edirlər, çünki bu bir adətdir. Ya da məsələn, yeni il gün Taylandda camaatın bir-birinin başına su tökməsini kimsə müzakirə etmir, çünki bu da adətdir. Ya da, Finlandiya camaatının yeni ilin ilk gecəsi qəbristanlığa gedib ölüləri ziyarət etməsini kimsə təftiş etmir, çunki yenə də, adətdir. Və kimisə bunu etməyə məcbur etmirlər. Belə yüzlərlə adət-ənənələr var.
K.Rövşənoğlu bildirdi ki, onun zənnincə, inancına görə, bu adətlərin içərisində ən möhtərəm və gözəli İslam peyğəmbəri həzrət Muhəmmədin (s) nəvəsi İmam Hüseyn (ə) və yaxınlarının qətlə yetirildiyi günlərdə matəm saxlayıb toy, nişan, şənlik məclisi etməməkdir:
- Əvvəla, kimsə buna məcbur edilmir, ikincisi məhərərəm ayında şənliklərdən çəkinmək Həzrət Muhəmmədə (s) və ailə üzvlərinə ehtiramın göstəricidir. Üstəlik, heç bir sosial, ictimai təhlükəsi yoxdur. Məsələn, ABŞ-da kimsə niyə bir gündə bu qədər hinduşkanın kəsildiyi üçün bayrama qarşı çıxmır, çıxanlara ciddi əhəmiyyət verilmir. Aşura mərasimi haqda deyim ki, əvvəllər Aşuraya qarşı hücum baş yarmaq, qan tökmək ittihamı ilə bağlı idi. Hər il özünə savadlı, oxumuş deyən adamlar hansısa uzaq ölkədə baş yarma fotosunu götürüb vayşivən qoparırdı ki, ay aman bunlar baş yarır, cəhalət filan. Uzun illər mübarizə və isbatdan, ən əsası da Azərbaycanda həqiqətən baş yarılmadığı ilə bağlı sübutlardan sonra nisbətən sakitləşdilər. Hərçənd köhnə hava çalanlar hələ də var. Baş yarma söhbəti tutmadı deyə indi bir az da irəli gediblər, deyirlər niyə toy etmirsiniz. Bu, əlbəttə, toya görə deyil, bu xalqın toxunulmaz olan son dəyərlərini sıradan çıxarmaq, onu özününkü olmayan hər cür kənar müdaxiləyə açıq hala gətirmək siyasətidir. Aşurada toy etmək pisdir, amma qədim irlandların “Əcinnə (ölülər)” bayramını ən mərkəzdə, təmtəraqlı keçirmək modernlikdir. Halbuki müqayisə olunmayacaq qədər yüksək dəyərlərə söykənən bizim ənənələrdir, idxal edilənlər deyil. Amma kimlərsə israrla bizim olanı alıb, bizim olmayan yad, yabançı adətləri milli kimliyimizə pərçimləməyə çalışır. Bu təhlükəni nəzərdən qaçırmayıb bizə məxsus olanı qorumalıyıq. Qorumasaq, ən məhrəm mövzulara qədər evimizin kandarınadəj gəlib, içəri daxil olacaqlar.