Putinlə Bayden görüşəcək? - "Nə Rusiya, nə də ABŞ..."

Rusiyanın xarici işlər naziri Sergey Lavrov rəsmi Moskvanın Rusiya prezidenti Vladimir Putinlə ABŞ rəhbəri Co Baydenin görüşünə razılıq verib-verməməsi barədə sualı zarafatla cavablandırıb. "Biz gömrükçü deyilik ki, razılıq verək", - deyə, nazir zarafatla bildirib. ABŞ-ın dövlət katibi Entoni Blinken isə yaxın həftələrdə Putin və Baydenin görüşü ehtimalını açıqlayıb. Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Baydenlə nə vaxt və harada görüşməsi ilə bağlı danışarkən “qəhvədə fala baxmamağı" təklif edib.

ABŞ prezidenti Co Bayden apreldə Rusiya prezidenti Vladimir Putinlə telefon söhbəti zamanı ona üçüncü ölkədə təkbətək görüşməyi təklif edib. Amerika lideri sonra bildirib ki, görüş iyunda ola bilər. Rusiyanın Xarici İşlər Nazirliyinin başçısının sözlərinə görə, iki ölkə liderlərinin sammitinin əsas mövzusu strateji sabitlik olmalıdır.

 Görünür, tərəflər ortaq məxrəcə gəlməkdə çətinik çəkirlər. MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə də bu fikirdədir. O, tərəflər arasındakı görüş barədə “Sherg.az”a danışdı:

“ABŞ və Rusiya arasında siyasi gərginlik davam edir. Rəsmi Vaşinqton Kremlə qarşı sanksiyalarını dayandırmır. Və bu, Ukrayna, Cənubi Qafqaz böhranlarında özünü göstərir.

Tərəflər arasında görüş olsa, münasibətlər dialoq formatında saxlanıla bilər. Lakin yaxın gələcək üçün bunu real hesab etmirəm.

Nə Rusiya, nə də ABŞ tutduğu mövqedən geri çəkilir. Hətta müzakirə predmeti də dəqiq məlum deyil. Yəni liderlər görüşə hazır deyillər.

Əlbəttə, istənilən görüş daha çox Rusiyaya lazımdır. Lakin Baydenin qarşı tərəfə tutduğu sərt mövqeyə görə Putin müzakirəyə o qədər də maraq göstərmir. Bu mənada yaxın gələcəkdə tərəflər arasında görüşün keçiriləcəyini düşünmürəm”.