ABŞ-İran əlaqələri normallaşır

"Sanksiyaların götürülməsi İran-Azərbaycan iqtisadi əlaqələrində yeni dinamizmə gətirəcək"


"İran Prezidenti Həsən Ruhani seçkiyə sayılı günlər qaldıqca, ABŞ-la nüvə sazişini bağlamağa çalışır". Bu fikirləri "Şərq"ə açıqlamasında MCP-nin sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq qeyd edib ki, ABŞ da bu məsələdə maraqlıdır: "Buna görə də sanksiyaların bir çox istiqamətlərdə aradan götürülməsi istisna deyil. ABŞ ötən gün İrandan neft idxal edərək, sanksiyaların götürüləcəyi mesajını vermiş oldu. Sabah Vyanada tərəflər yenidən görüşəcək. "Hərtərəfli nüvə sazişinə" ABŞ-ın qoşulması gözlənilir".

M.Əsədullazadə vurğulayıb ki,  əgər ABŞ və İran arasında nüvə sazişi bərpa ediləcəksə, bu heç də islahatçıların seçkidə qələbə çalmasına gətirməyəcək:

"Çünki islahatçıların namizədi tanınmadığı üçün mühafizəkarlar daha da güclü şəkildə seçkiyə gedir. Bu nüvə sazişi Ali dini rəhbər ayətullah Seyyid Əli Xamneyinin göstərişi ilə həyata keçirilir. Hesab edirəm ki, mühafizəkarlar qələbə çalsa da nüvə sazişindən imtina etməyəcəklər. Bu, İranın daxili siyasi və sosial vəziyyətini ağırlaşdırar. Nüvə sazişinin bağlanması İran-ABŞ arasında növbəti diplomatik əlaqlərin qurulmasına gətirə bilər. Bu da Yaxın Şərqdə yeni bir mərhələnin başlanmasına rəvac verə bilər. Qeyd edim ki, nüvə sazişindən sonra Çin və İran arasında bağlanan 25 illik iqtisadi və siyasi əməkdaşlıq müqaviləsinin əhəmiyyəti azalacaq. Məhz İran Çinlə bu müqaviləni bağlamaqla, iqtisadi vəziyyətini düzəltmək və ABŞ qarşısında manever etməyə çalışırdı".

Politoloq hesab edir ki, nüvə sazişindən sonra, İran-Çin əlaqələri zəifləməyə başlaya bilər:

"ABŞ-İran əlaqələrinin normallaşması və sanksiyaların götürülməsi İran-Azərbaycan iqtisadi əlaqələrində yeni dinamizmə gətirəcək. İkitərəfli iqtisadi əməkdaşlıq inkişaf edəcək. Bununla yanaşı, İran çalışacaq ki, Azərbaycanda öz təsir səviyyəsini artırsın. Azərbaycan İranla yalnız çərçivədə siyasi-iqtisadi əməkdaşlıq etməlidir. İranı Azərbaycan bazarına buraxmaq olmaz. Çünki İran öz iqtisadi imkanlarından siyasi məqsədlər üçün istifadə edir".