ABŞ-ın planı baş tutur: Əfqanıstan bataqlıqdır, düşən batır, itirir, məhv olur


Rusiya daha da yüklənəcək, bir neçə min kilometr sərhədi qorumaq üçün hər il milyardlar xərcləməyə məcbur qalacaq

"Taliban" hərəkatının yaraqlıları Əfqanıstanın paytaxtı Kabili ələ keçiriblər. Vəziyyət gərginləşəndən sonra Əfqanıstanın Prezidenti Əşrəf Qəni bazar günü ölkəni tərk edib. Dövlət başçısının Özbəkistana, Qazaxıstana getdiyi iddia olunsa da, daha sonra Omanda olduğu barədə xəbər yayılıb. Qəni “Facebook” postunda yazıb ki, qan tökülməsinə yol verməmək üçün ölkədən çıxıb: “Çətin seçim qarşısında qaldım. Ya saraya soxulmaq istəyən silahlı talibançılarla üz-üzə görüşməliydim. Ya da müdafiəsinə 20 ilimi həsr etdiyim gözəl ölkəni tərk etməliydim”. Qəni yazıb ki, Əfqanıstanı tərk etməsəydi, talibançılar Kabilə qanlı hücum edərdi və bu, dinc sakinlərin ölümünə səbəb olardı: “Qanlı döyüşlərə yol verməmək üçün, düşündüm ki, getsəm yaxşıdır”. Xatırladaq ki, bundan əvvəl bir neçə nazirlik başçısı, o cümlədən müdafiə naziri də ölkəni tərk ediblər. Həmçinin vitse-prezident Əmrulla Salehin də qaçdığı bildirilir. Qərb diplomatları, əcnəbi vətəndaşlar və yerli sakinlər təxliyənin aparılacağı Kabil hava limanında toplaşıblar. ABŞ-ın Əfqanıstandakı müvəqqəti işlər vəkili Ross Vilson ölkəni tərk edib. 60-dan çox ölkə ortaq bir bəyanat yayaraq, "Taliban"ı ölkəni tərk etmək istəyən insanlara icazə verməyə çağırıb. Rusiya Xarici İşlər Nazirliyi “Taliban” qruplaşmasının hələ terror təşkilatları siyahısından çıxarılmayacağını bildirib. XİN hələ bundan söhbət gedə bilməyəcəyini vurğulayıb: “Bunun üçün BMT-nin qərarı ilə prosedurlar olmalıdır”. ABŞ qoşunları Əfqanıstandan çıxandan sonra bu ölkədə baş verənlər diplomatlarla "qaynayan" Vaşinqtonda şok effekti yaradıb. Bir sıra amerikalı ekspertlər baş verənləri Co Bayden administrasiyasının böyük uğursuzluğu kimi qiymətləndiriblər. Medianın yazdığına görə, konqresin Nümayəndələr Palatasının silahlı qüvvələr komitəsinin üzvü, respublikaçı Mayk Rocers bildirib ki, Əfqanıstanda son hadisələr Baydenin tarixi iflasıdır. Onun sözlərinə görə, prezident xəbərdarlıqlara baxmayaraq, məsləhətlərə qulaq asmadı. Sabiq prezident Donald Tramp da rəqibini sərt tənqid edib. O bildirib ki, Baydenin Əfqanıstandakı hərəkətləri Amerikanın ən böyük məğlubiyyətlərindən biri kimi tarixə düşəcək. Keçmiş prezident hesab edir ki, Bayden bu rüsvayçılığa görə istefaya getməlidir. ABŞ-ın Əfqanıstandan çəkilməsindən dərhal sonra "Taliban" ölkədə sürətlə böyüməyə başladı. "Taliban"ın 1 milyard dəyərində silah-sursatı və hərbi texnikanı ələ keçirdiyi deyilir. Əfqanıstanın sürətlə ölkəni ələ almasından sonra bəzi qonşu dövlətlərin və regional güclərin "Taliban"la danışıqlara can atması gözdən qaçmır. Əlbəttə, haqlı sual yaranır ki, mövcud əfqan hökumətinin devrilməsi və "Taliban"ın hakimiyyətə gəlməsi hansı dövlətlər üçün məqbul və ya qeyri-məqbul hesab edilə bilər? Qeyd etmək lazımdır ki, mövcud əfqan hökuməti təkcə ABŞ və Qərb ölkələri ilə isti münasibətlərə malik deyildi. Eyni zamanda Hindistanla da münasibətlərinin yaxşı olduğunu demək mümkündür. Türkmənistan-Pakistan-Hindistan qaz kəməri Əfqanıstan ərazisindən keçir və Hindistan enerji təminatının ödənilməsi üçün vacib əhəmiyyətə malikdir. Çin, İran və Rusiya üçün hakimiyyətdə kimin olması o dərəcədə önəmli deyil. "Taliban"ın ölkədə hakimiyyəti ələ almadan öncə sözügedən dövlətlərə səfər etməsi və danışıqlar aparması məsələnin nədən ibarət olduğunu deməyə əsas verir. Bir neçə gün öncə Pakistan Baş naziri İmran Xan açıqlama verərək bildirdi ki, bütün gücləri ilə çalışacaqlar ki, "Taliban" və Türkiyə arasında uzlaşma əldə edilsin. Şübhəsiz ki, Türkiyənin də Əfqanıstanda qalmaq niyyəti var. ABŞ və NATO qoşunlarından sonra Türkiyənin Əfqanıstandakı əsas missiyası Həmid Kərzai adına Kabil hava limanının mühafizəsini həyata keçirməkdən ibarətdir. "Taliban" hakimiyyəti tam ələ alacağı təqdirdə həm geosiyasi, həm də geostrateji mənada ciddi dəyişikliklərin olması gözləniləndir. Burada diqqəti çəkən əsas məsələ Qərbə yayılması qaçılmaz olan əfqan köçüdür. Artıq köçün başladığı haqda məlumatlar dünya mediasının əsas başlığına çevrilib. Hər dövlət əfqan qaçqınları öz ərazisinə buraxmaq niyyətində deyil. Burada məsələyə həm terror təhdidi, həm də ərzaq təhlükəsizliyi baxımından yanaşılır. Son statistikaya əsasən 1 milyondan artıq əfqan qaçqın İran, Türkiyə, Pakistan və Mərkəzi Asiyanın bəzi ölkələrinə yayılıb. Qısası, əksər proqnozlar Əfqanıstanın qızğın mübarizə meydanına çevriləcəyindən xəbər verir. 

REAL Partiyasının sədr müavini, siyasi şərhçi Natiq Cəfərli bəyan edib ki, ABŞ Əfqanıstandan çıxanda oranı "Taliban"ın zəbt edəcəyini bilirdi. Ekspertə görə, Amerikada 18 xüsusi xidmət orqanı, yüzlərlə “beyin mərkəz” var, dəqiq bilirdilər ki, ölkə "Taliban"a keçəcək:

“Bilirdilərsə, nədən çıxdılar? Səbəblər çoxdur. "Taliban" bütün Əfqanıstan sərhədləri boyu təhlükə və gərginlik mənbəyi yaradacaq. Orta Asiya respublikaları hədəfdə olacaq. Deməli, Rusiya daha da yüklənəcək, bir neçə min kilometr sərhədi qorumaq üçün hər il milyardlar xərcləməyə məcbur qalacaq. İrandakı son seçkilərdə daha konservativ qüvvələr hakimiyyətə gəldi. Amma taliblər İrana ABŞ-dan daha çox nifrət edirlər. Deməli, İran-Əfqanıstan sərhədi daim gərginlikdə qalacaq, hətta döyüşlər də istisna edilmir. Ən əsası isə "Taliban" orta əsr təfəkkürlü bütün əməllərini “islam dini” adı altında edəcək. Halbuki, Əfqanıstanda dinimizin fəlsəfəsinə zidd bir rejim qurulur. Amma dünyaya “görürsüz, islam dini budur” mesajı hər gün daha çox veriləcək. Çox güman "Taliban" adlanan hərakatın idarəetmə kadrları arasında ən azı 50-60 faiz ABŞ-a işləyənlər var”. 

Siyasi şərhçinin fikrincə, ABŞ çox istəyər ki, Rusiya 1979-cu ildə olduğu kimi Əfqanıstana girsin:

“Kreml birbaşa girməkdən çəkinsə də, istər-istəməz "Taliban" oyununun içinə düşəcək. O baxımdan Əfqanıstan məsələsinin birbaşa olmasa da, dolayı yolla Azərbaycana da təsirləri ola bilər. Əgər "Taliban" İrana hücum edərsə, qonşu ölkədə müharibə təhlükəsi, daxili gərginlik olarsa, yüzminlərlə İran vətəndaşı Azərbaycana köç etməyə çalışacaq. Əfqanıstandan Türkiyəyə böyük köç olacaq, bu isə qardaş ölkədə ciddi qarışıqlıq sala, daxili gərginliyi ciddi artıra bilər. Nəticədə bölgəmizə, həm də ölkəmizə ciddi mənfi təsirlər yaranar. Əfqanıstan bataqlıqdır, düşən batır, itirir və məhv olur”.