Ukrayna əks-hücuma başlayıb

Əməliyyatın əsas planı Rusiyanı tamamilə Ukrayna torpaqlarından çıxartmaq, Krımı geri almaqdır

Ukrayna Silahlı Qüvvələri Baxmutda əks-hücuma keçib. Rusiya hərbçiləri bəzi mövqeləri tərk ediblər. Bunu Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı general Aleksandr Sırski bildirib. O deyib ki, Rusiya tərəfi "Vaqner" və digər özəl hərbi qruplaşmaların yeni döyüşçülərini, desantçıları döyüşlərə cəlb edib: "Vəziyyət mürəkkəbdir. Lakin Rusiya qüvvələri şəhəri tuta bilmir". 

Ukrayna ordusunun Şərq qruplaşmasının sözçüsü Sergey Çerevatı Baxmutda Ukraynaya qarşı 26 min rus döyüşdüyünü deyib. Onun sözlərinə görə, Ukrayna qüvvələrinə qarşı döyüşlərə onlarla 65 tank və 450 zirehli texnika, 56 reaktiv yaylım atəşi sistemi cəlb edilib: "Bu, Çexiya və ya Macarıstan ordusundakından çoxdur". Bu arada bəzi KİV-lər yazıb ki, ruslar mayın 9-dan əvvəl Baxmutu ələ keçirmək istəyir. Qeyd olunur ki, Putin mayın 9-da müharibənin bitdiyini və “Xüsusi Döyüş Əməliyyatı"nın bütün məqsədlərinə nail olunduğunu" bəyan edəcək. 

  Ukrayna Prezidenti Volodimir Zelenski isə böyük döyüşə hazırlıq getdiyini açıqlayıb. Prezidentin sözlərinə görə, tezliklə torpaqlarını və xalqı rus əsarətindən azad edəcəklər. Roma Papası Fransisk Ukrayna və Rusiyanı hücumdan əl çəkməyə çağırıb və danışıqların təşkili üçün öz nümayəndələrini Moskva və Kiyevə göndərməyə hazır olduğunu bildirib. Papa vurğulayıb ki, danışıqlar hər iki tərəf üçün irəliləyişə səbəb olacaq: 

"Əgər müharibə tərəfləri istəsə, danışıqlar prosesinin başlanmasına kömək edə bilərik. Danışıq aparanları istənilən vaxt Kiyev və Moskvaya göndərməyə hazırıq". Ekspertlər bildiriblər ki, qış fəslində Rusiya və Ukrayna öz mövqelərini qorumağa, itirdikləri güclərini yenidən bərpa etməyə, genişmiqyaslı hücuma hazırlaşmağa hazırlıq görüblər. Rusiya Dnepr çayının şərqinə və cənubuna çəkilib, Ukrayna isə Qərbdən silah tədarükünü artırıb. Qarşıda isə şiddətli bahar döyüşləri gözlənilir. Ona görə də Rusiya üçün ən önəmli məsələ Krımı saxlamaqdır. Çünki Krım itirilsə, bu, müharibənin və Rusiyanın taleyini həll edəcək. 

  Tərəflərin genişmiqyaslı müharibəyə başlayacağı anonsu ilə bağlı "Şərq"ə danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, belə gedişatla Rusiya-Ukrayna arasında müharibənin səngiyəcəyi və sülh danışıqlarının başlayacağı mümkün görünmür. Analitik qeyd edib ki, tərəflər genişmiqyaslı müharibəyə hazırlıq görürlər:

 "Ukrayna əks-hücum əməliyatına başlayıb. Əməliyyatın əsas planı Rusiyanı tamamilə Ukrayna torpaqlarından çıxartmaq, Krımı geri almaqdır. Bu kontekstdə yay aylarında müharibənin daha da şiddətlənəcəyi gözlənilir. NATO və ABŞ bu istiqamətdə Kiyevə güclü dəstək verir və Ukrayna davamlı silahlandırılır. Ukraynanın növbəti əks-hücum əməliyyatı da Qərbin Rusiyaya qarşı planının tərkib hissəsidir. Ona görə də hansısa danışıqdan, müzakirələrdən söhbət gedə bilməz. 

Nə Rusiya, nə də Ukrayna bu danışıqlara hazırdır. Moskva indiki status-kvonu saxlamaqla danışıqlar masasına əyləşməyə razılıq verir. Bunu isə nə Kiyev, nə də Qərb qəbul edir. Döyüş əməliyyatlarının yeni mərhələsi başlayacaq. Bu da "olum və ya ölüm" savaşı olacaq. Qarşıdakı proseslərə müharibə ilə aydınlıq gələcək. 

Rusiya Baxmut döyüşlərində ciddi itkilər verir. Artıq ruslar tərəfindən Ukraynanın əks-hücumla bir çox ərazini geri ala biləcəyinin mesajları verilir".