Mərkəzi Asiya uğrunda mübarizə güclənir

“Çin də iki rəqibi - Rusiya və Amerika Birləşmiş Ştatlarını qabaqlamağa çalışır”

Rusiya, Çin və ABŞ-nin Mərkəzi Asiyada rəqabəti genişlənib. Bir müddət əvvəl Çinin Sian şəhərində Mərkəzi Asiya ölkələri və Çinin xarici işlər nazirlərinin dördüncü görüşü keçirilib. Xarici işlər nazirləri bu ay liderlərin görüşünü hazırlamaq məqsədilə bir araya gəliblər. Mərkəzi Asiya və Çin dövlət başçılarının birinci sammitində əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə olunacaq. 

Çin və Mərkəzi Asiya dövlətləri ikitərəfli əməkdaşlığı genişləndirmək istəyirlər. Bundan başqa, bu ölkələrin Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq və “bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasıyla baglı fikir mübadiləsi aparacaqlar.
  "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Çin Mərkəzi Asiya uğrunda mübarizədə iki rəqibi - Rusiya və Amerika Birləşmiş Ştatlarını qabaqlamağa çalışır. Analitik qeyd edib ki, Rusiya Ukraynada apardığı işğalçı müharibə fonunda Mərkəzi Asiya istiqamətində tam gücüylə fəaliyyət göstərə bilmir: "Bu, Çinin maraqlarına cavab verir. Boşluğu Çinlə yanaşı, ABŞ və Avropa İttifaqı doldurmağa çalışır. Pekin Vaşinqtonla Brüsselin uyğurlara verdiyi dəstəkdən də narahatdır. Çin Mərkəzi Asiya ölkələrini “bir kəmər, bir yol” layihəsinə cəlb etməklə özünə yaxın tutmaq istəyir. Ancaq buna mane olan amillər var. Birincisi, ilk mərhələdə layihənin reallaşmasına pandemiya mane oldu. İkincisi, Rusiyanın Ukraynada başlatdığı müharibə də Pekinin layihəsinə zərər vurdu. Çünki Çindən Avropaya məhsullar dəmir yolları ilə Mərkəzi Asiya və Rusiya üzərindən daşınmalı idi. Avropa İttifaqı Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etdiyinə görə məhsulların bu istiqamət üzərindən çatdırılması çətinləşib. 
Buna baxmayaraq, Pekin əvvəlkitək Mərkəzi Asiyanı diqqət mərkəzində saxlamaq istəyir. Mərkəzi Asiyanın zənginlikləri Çin üçün vacibdir. Çinin Mərkəzi Asiya ölkələrinə milyardlarla dollar investisiyaları var. Çinin Mərkəzi Asiya ölkələrinə investisiyaları bu ilin başlanğıcı üçün 15 milyard dollara çatıb. Çinin Mərkəzi Asiya ölkələri ilə 2022-ci ildə ticarət mübadiləsi 70 milyard dolları keçib. Pekin ehtiyat edir ki, Mərkəzi Asiya qarışsa, Çinin investisiyaları təhlükə altında olacaq. Pekin bu baxımdan ABŞ ilə yanaşı radikal islamçı qüvvələrin fəallaşmasından çəkinir. Bu qüvvələrin Mərkəzi Asiyada fəallaşması ehtimalı Çinə ciddi təhlükə yaradacaq. Çinin Əfqanıstanın "Taliban" rejimi ilə əməkdaşlığının məqsədlərindən biri də Əfqanıstan ərazisindən Mərkəzi Asiyaya islamçıların keçidinin qarşısının alınmasıdır".
  Ekspert xatırladıb ki, Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin müdafiə nazirlərinin toplantısı keçirilib: "Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ və digər Qərb ölkələrinin Mərkəzi Asiya üçün təhlükə mənbəyi olduğunu vurğulayıb. Şoyqu Mərkəzi Asiya ölkələrinə ABŞ-yə qarşı müqavimət göstərməsinin vacibliyini bildirib. Bu, Rusiyanın Mərkəzi Asiya ölkələrinin daxili işlərinə qarışmasıdır. Kreml Mərkəzi Asiya ölkələrinin xarici və təhlükəsizlik siyasətini müəyyənləşdirmək istəyir. Rusiya Qırğızıstan və Tacikistanda hərbi bazalarını gücləndirmək qərarını verib. Moskva da Pekin kimi ABŞ-nin Çinə artan marağından narahatdır. ABŞ-nin məşhur “The Wall Street Journal” dərgisində yayımlanan məqaləyə görə, həqiqətən, ABŞ Mərkəzi Asiyada hərbi qüvvələrini yerləşdirməyə məkan axtarır".