Almaniya-Polşa münasibətləri gərginləşir

Prosesin səngiməsi çətindir, hətta mümkündür ki, gərginliyin miqyası genişlənsin

“Çünki hesab edilir ki, Rusiya Ukraynada qalib gəlsə, Polşanın təhlükəsizlik sferası incə ip üzərinə qoyulacaq”

 Rusiya-Ukrayna müharibəsi Polşa və Almaniya arasında gərginliyə səbəb olub. Berlinin Moskva saatına uyğun siyasəti Polşada Almaniya əleyhinə rəsmi və qeyri-rəsmi ritorika formalaşdırıb. Polşada hesab edirlər ki, Almaniya NATO-nun Rusiyaya qarşı çağırış və birgə müdafiə səylərinə həlledici dəstək vermir. Ekspertlərə görə, Polşadakı ritorikanın tarixi aspektləri də var. Rəsmi Varşava bildirir ki, Almaniya İkinci Dünya müharibəsində Polşaya yaşatdığı əzablara görə təzminatı tam həcmdə ödəmir. 

  Siyasi şərhçi Aqşin Kərimov deyib ki ki, Polşa siyasətçiləri Varşavanın Almaniyanın təzminat ödənişlərinin təxminən 15 faizini aldığını deyirlər. Ancaq Polşa bu transferləri tez-tez xatırlatmır. Bunun əvəzinə diqqəti Almaniyanın təhlükəsizlik mühiti üçün zərərli hesab etdiyi mövqelərə yönəldir. Üstəgəl, Polşa mediasında Almaniyanı müxtəlif epitetlərlə bəzəyən yazılar dərc olunur: "Görünür ki, Varşavanın təzminatla bağlı iradları ümumi kampaniyanın yalnız bir komponentidir. Ümumiyyətlə, Polşanın ritorikaları daha sərtdir.

 Almaniya ilə Polşanın çox fərqli siyasi dalğa uzunluğunda olması onların bir-birinə etibarını azaldır. Bu, Transatlantik prioritetlərə mənfi təsir göstərir və NATO qarşısında duran geosiyasi çağırışlara cavab verməkdənsə, onu zəiflədən mənbələrdən birinə çevrilir. 

Deməli, Ukraynadakı münaqişə uzandıqca Avropanın təhlükəsizlik məsələsi ilə bağlı mövqelər də davamlı dəyişikliyə məruz qala bilər. Rusiya ilə bağlı ikinci sürüşkən mövqe göstərən NATO ölkəsi Fransadır. Mümkündür ki, Berlinin Moskvaya olan loyal münasibəti Parisin ürəyincədir. Fransanın və Almaniyanın Rusiya təcavüzünə qarşı Ukraynanın qarşısında ürəkdən öhdəlik götürməməsi təhlükəsizlik üzrə aspektlərdə həssas çağırışlar formalaşdırır.

  Görünür ki, Almaniya və Fransanın Ukraynada “istənilən qiymətə” atəşkəs arzulaması NATO üzrə fikir ayrılıqlarını körükləyəcək". 

Analitikin fikrincə, Polşanın narahatlıqlarının anlaşılan tərəfləri də çoxdur: "Çünki hesab edilir ki, Rusiya Ukraynada qalib gəlsə, Polşanın təhlükəsizlik sferası incə ip üzərinə qoyulacaq. Digər yandan, Polşa bu mövqeyini əsaslandırmaq üçün Rusiya ilə Çinin yaxınlaşmasının Avropa üçün yarada biləcəyi təhlükələr barədə tezislərini arqumentləşdirə bilər. Həqiqətən, sual yaranır ki, Çin Rusiyaya həlledici dəstək versə, bu, Mərkəzi və Şərqi Avropada nizam və sabitliyin pozulmasında necə hərəkətverici qüvvə olacaq. 

NATO-nun daxilindəki intizamın və Avropanın təhlükəsizlik mühitinin Rusiyanın xeyrinə korlanması Ukraynadakı müharibənin gedişatından asılı olaraq qalmaqdadır. Hərçənd ki, NATO olmasa belə, Ukraynadakı müharibənin Avropa İttifaqı modelinə dağıdıcı təhdidləri gündəmdə ağır çəkiyə malikdir. Mövzu burada təkcə Rusiya üzərində fokuslanmır, Çin amilinin yeni nizamdakı tuta biləcəyi mövqelərə vurğular ediləcək. Nəticə olaraq hesab edirik ki, Almaniya-Polşa münasibətləri, bir çox sahədə, o cümlədən iqtisadi cəhətdən güclü tərəflərinə baxmayaraq, siyasi baxımdan pis vəziyyətdədir. Bunun səngiməsi çətindir, hətta mümkündür ki, gərginliyin miqyası genişlənsin".