Ukraynanın müharibədən məğlub çıxması qeyri-mümkündür

Belə hal baş versə, bu, təkcə Ukraynanın deyil, bütün dünya nizamının dəyişməsi demək olacaq

Son məlumatlar onu göstərir ki, Rusiya həm hərbi, həm də iqtisadi resurslar baxımından tükənmək üzrədir

  Ukraynanın gözlənilən əks-hücumu həyata keçirməsi üçün daha çox vaxta ehtiyacı var. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. O, ordunun hələ də Qərbin söz verdiyi hərbi yardımlarıa ehtiyac duyduğunu vurğulayıb: “Hazırda əlimizdə olanlarla hücuma keçə və uğur qazana bilərik. Lakin biz çox insan itirərik. Düşünürəm ki, bu, qəbuledilməzdir. Ona görə də bizim gözləməyə ehtiyacımız var. Bizim hələ də bir qədər vaxta ehtiyacımız var”. 

Zelenski Ukraynanın döyüş briqadalarının əks-hücuma hazır olduğunu, lakin ordunun hələ də zirehli texnika da daxil olmaqla bir sıra vasitələrə ehtiyac duyduğunu qeyd edib. Zelenski Rusiyaya ərazi güzəştinin mümkün olmadığını da əlavə edib: “Hər kəsin bir fikri ola bilər, lakin onlar Ukraynaya öz ərazilərini təslim etməsi üçün təzyiq göstərə bilməzlər. Nə üçün dünyanın hər hansı bir ölkəsi öz ərazisini Putinə verməlidir?”. Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib ki, Ukraynaya silah tədarükünün dayandırılması heç bir halda genişmiqyaslı müharibəni dayandırmayacaq: "Bir daha deyirəm ki, Ukraynaya silah tədarükünü dayandırmaqla müharibəni dərhal dayandırmaq qətiyyən mümkün deyil. Rusiyanın işğalçı qoşunlarının xarici suveren ərazidən dərhal çıxarılması yeganə həll yoludur". 

Onun sözlərinə görə, Ukraynaya silah tədarükünün dayandırılması müharibənin miqyasının genişlənməsinə, cinayətlərin artmasına, mülki əhalinin tamamilə məhv edilməsinə səbəb ola bilər. Kreml sözçüsü Dmitri Peskov isə bildirib ki, Ukraynanın hərbsizləşdirilməsi “xüsusi hərbi əməliyyat”ın ən vacib hədəflərindən biridir və Rusiya Ukraynanın hərbi maşınını darmadağın edə bilib. O, “hərbi əməliyyatı” çox çətin adlandırıb, lakin müəyyən hədəflərə bir ildə nail olunduğunu bildirib. Peskovun sözlərinə görə, Rusiyanın yüksəkdəqiqlikli silahları ilə Ukraynanın xeyli hərbi istehsal sənayesi və anbarları məhv edilib: “Bu, davam etdiriləcək”. Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya Müdafiə Nazirliyi Ukraynadakı hərbi əməliyyatlarda iştirak etmək üçün rusiyalı əsirlərin cəlb edilməsi sxemini gücləndirib. Məlumata görə, təkcə 2023-cü ilin aprelində 10 minə qədər məhkum Rusiya ordusuna cəlb edilib. 2022-ci ilin yayından etibarən məhbuslar “Vaqner” qrupunun Ukraynadakı irimiqyaslı əməliyyatlarına cəlb olunanların əsas mənbəyi olub. 

  Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov "Şərq"ə bildirib ki, müşahidələr və Rusiya-Ukrayna cəbhəsindən gələn son məlumatlar onu göstərir ki, Rusiya həm hərbi, həm də iqtisadi resurslar baxımından tükənmək üzrədir: 

"Artıq rus hərbi və siyasi elitasında ciddi parçalanmalar və qarşıdurmaların mövcudluğunu da gizlədə bilmirlər. Təbii ki, müttəfiqlərinin ciddi dəstəyinə baxmayaraq, Ukraynanın da yaxşı vəziyyətdə olmasını iddia etmək absurd olar. Başqa cür desək, hər iki tərəfin bu mənasız müharibədən həddindən artıq tükənmiş halda çıxacağını indidən söyləmək olar. Amma başlıca uduzan tərəfin Rusiya olacağı, çox böyük ehtimalla bu müharibənin sonunda ərazilərini və dövlət kimi siyasi nüfuzunu tamamilə itirəcəyini əminliklə söyləmək mümkündür. Çünki hazırkı mərhələdə də göründüyü kimi Rusiyanın qəbul etdiyi bütün qərarların kökündə hirs, hegemonluq, emosiya və sonadək diktə etmək istəkləri dayanır". 

  H.Rüstəmov qeyd edib ki, rus tərəfinin rasional qərar qəbul edə bilməməsi səbəbindən vəziyyəti get-gedə pisləşməkdədir: 

"Ukraynanın toplum kimi bütövlüyü və ərazilərini işğal etmiş düşmənə qarşı amansız mübarizə apara bilməsi kimi mühüm üstünlükləri var. Şəhərləri dağılsa da, ciddi itkiləri olsa da, Ukraynanın bu müharibədən məğlub çıxması qeyri-mümkündür. Belə hal baş versə, bu, təkcə Ukraynanın deyil, bütün dünya nizamının dəyişməsi demək olacaq. Buna isə təkcə nüvə başlıqlarına güvənən və hamıya qarşı vuruşmaq istəyən Rusiyadan fərqli olaraq, dünyanın həm iqtisadi, həm siyasi və həm də hərbi baxımından qüdrətli ölkələri olan ABŞ və NATO ölkələri heç vaxt razı ola bilməzlər. Ona görə də Rusiyanın məğlubiyyəti aydındır. Müharibənin konkret hansı vaxtda və hansı formada bitməsi isə məncə çox keçmədən bəlli olacaq".