İŞİD Tehran rejiminə açıq mesaj verir  - RƏY

"Əgər bölgədə terror təhdidi yaratsan, bunu sənin öz daxilində edərik"

İranın Şiraz şəhərində Şah Çıraq ziyarətgahında terror hadisəsi törədilib. Terror aktında 7 nəfər həlak olub, daha 10 nəfər yaralanıb. Ziyarətgaha daxil olmaq istəyən silahlı şəxslərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurma olub. Silahlı toqquşma nəticəsində təhlükəsizlik əməkdaşları öldürülüb. İŞİD terror qruplaşmasının üzvləri türbəyə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüblər. Qeyd edək ki, ötən il də sözügedən ziyarətgaha terror hücumu həyata keçirilmişdi. Azərbaycan Xarici İşlər Nazirliyi qonşu İranda törədilən terror aktını pisləyib. Vurğulanıb ki, rəsmi Bakı İranın Şiraz şəhərində günahsız insanların həyatına son qoyan terror aktını şiddətli şəkildə qınayır: "Azərbaycan terrorizmdən əziyyət çəkib və onun bütün formalarını və təzahürlərini pisləyir. Bu hücumun qurbanlarının ailələrinə, İran hökumətinə və xalqına başsağlığı veririk”.

“Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Sherg.az"a bildirib ki, İŞİD terror təşkilatı 2013-2015-ci illər ərzində daha çox Suriya və İraqda dəhşətli qətliamlar törətməklə yaddaşlarda qalmışdı. Analitikin sözlərinə görə, bir müddət sonra İŞİD-in birdən-birə sanki buxarlandığını, yoxa çıxdığını gördük: 

"Sonra məlum oldu ki, terrorçu qruplaşma Əfqanıstan ərazilərində fəaliyyət göstərir. İndi də İrana yol tapıblar. Görünür, müəyyən qüvvələr İran daxilində vəziyyəti daha da gərginləşdirmək, qarışıqlıq yaratmaq niyyəti güdürlər. Ancaq düşünmürəm ki, qarşıdurma yaratmaq fikrində olanlar, sadəcə, İranın xaricində olan güclərdir. İranın öz daxilində də qarışıqlıq arzulayanlar var. İŞİD-in əliylə törədilən terror hadisəsi İran rejiminə açıq mesajdır. Tehran hökumətinə mesaj verirlər ki, "əgər bölgədə terror təhdidi yaratsan, bunu sənin öz daxilində edərik". Sirr deyil ki, İran özü müxtəlif vaxtlarda başqa ölkələrdə terrorçuların "əməyindən" yararlanıb. Məsələ ondadır ki, İŞİD-in daha çox bağlı olduğu ölkələr - Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyidir. Son dövrlərdə Səudiyyə Ərəbistanı ilə İranın əlaqələrində normallaşmanın yaşandığını nəzərə alsaq, teraktın üçüncü maraqlı dairələr tərəfindən törədilməsi ehtimalı da var. İstənilən halda İŞİD-in aktivləşməsi hansısa güclərə sərf edən amildir. Reallıq budur ki, zaman-zaman bəzi ölkələr terrorçulardan öz məqsədlərinə çatmaq üçün istifadə edirlər".