"Taxıl sazişi"ndə razılıq mümkündür?  - AÇIQLAMA

Putinin Türkiyə səfərində Ukrayna ilə mümkün danışıqlar prosesinin başlanması müzakirə ediləcək

Kiyev Moskva ilə yalnız rus qoşunlarının Ukrayna ərazisindən çıxarılacağı halda danışıqlara hazır olduğunu söyləyib. Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib ki, müharibə və diplomatiyanın birləşməsi yolu ilə məqsədə nail olmaq mümkündür. Onun sözlərinə görə, Ukrayna generalları Rusiya qüvvələrini geri çəkilməyə sövq etməli, Xarici İşlər Nazirliyi isə imkan daxilində dialoqla məşğul olmalıdır”. Məlumat üçün bildirək ki, Türkiyə Milli Təhlükəsizlik Şurası Rusiya və Ukraynanı müharibəni dayandırmağa çağırıb. Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən MTŞ-nin iclasının yekunlarına dair bəyanatda bildirilib ki, Qara dənizdə gərginliyin artması heç kimin marağında deyil: "Ona görə də tərəfləri danışıqlar masası arxasına oturmağa və dərhal müharibəni dayandırmağa çağırırıq".
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a açıqlamasında deyib ki, iki ölkə arasında ziddiyyətlər o qədər dərindir ki, birbaşa dialoqun baş tutması mümkün görünmür. Analitik diqqətə çatdırıb ki, Ukraynanın əks-hücumları intensivləşir və hər gün Rusiyanın ərazilərinə PUA hücumları təşkil edilir: 

"Rusiya Prezidenti Vladimir Putinin Türkiyə səfərində Ukrayna ilə mümkün danışıqlar prosesinin başlanması müzakirə ediləcək. Putin artıq Türkiyə ilə danışıqlarda maraqlıdır. Türkiyə prezidentindən yenidən vasitəçilik xahiş etməsi də istisna deyil. Çünki Ukraynanın əks-hücumları effektli olaraq Rusiya qoşunlarının geri çəkilməsinə, təchizatında ciddi problemlərin yaşanmasına gətirib çıxarır. "Taxıl sazişi"nin müzakirə edilməsi və razılığın əldə edilməsi də mümkündür. Türkiyənin vasitəçiliyi ilə Ukrayna-Rusiya arasında danışıqların baş tutmasına gəldikdə isə Ukrayna indiki şərtlər daxilində danışıqlara getməyəcək. Ukrayna və Rusiya danışıqları Zaporojye, Mariuopol və Azov dənizi sahili işğaldan azad olunduqdan sonra baş tuta bilər. Bundan sonra Rusiya güzəştlərə getməyə hazır olacaq".