Fəlakət anonsu: Rusiya xəyanət yolunu tutmuş Paşinyan hakimiyyətini devirəcək


  "Rusiya ilə mübahisə Ermənistan üçün fəlakətdir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, Rusiya ümid edir ki, Ermənistan rəhbərliyinin iki ölkənin xalqının arasını vurmaq üçün fəlakətli planları yoxdur: "Ümid edirəm ki, bu, baş verməyəcək. Səmimi qəlbdən ümid edirəm ki, Ermənistan rəhbərliyində heç kimin belə bir məqsədi və vəzifəsi yoxdur. Çünki fikrimcə, bu, məhz Ermənistan üçün fəlakətli olardı”. O xatırladıb ki, Rusiya tarixən Ermənistanın və erməni xalqının etibarlı müttəfiqi, dostu, ən yaxın tərəfdaşı kimi özünü hər zaman təsdiqləyib, ən çətin anlarda köməyə gəlib və dəstək olub. Zaxarova vurğulayıb ki, Rusiya da hər zaman Ermənistanın nailiyyətlərinə sevinib və hansısa qərarlarını bölüşməsə belə, onun seçimini qəbul etməyi bacarıb: "Qəbul edib, çünki bu ölkənin suveren seçiminə hörmət etdiyi üçün bunu edib". Rusiya XİN sözçüsü Ermənistana bu cür münasibətdən imtina etməyin həm bu ölkəyə, həm də xalqa fayda gətirəcəyindən əmin olmadığını da söyləyib: “Bu cür münasibətləri bir ilə, beş ilə qurmaq olmaz". Zaxarova həmçinin qeyd edib ki, Azərbaycanın Qarabağda hüquqlarını tanıyan Rusiya deyil, bunu Ermənistan rəhbərliyi edib: "İrəvanda qəbul edilən qərarların günahını və məsuliyyətini Rusiyanın üzərinə atmağa ehtiyac yoxdur. Rusiyada düşmən axtarmağa ehtiyac yoxdur. Rusiya heç vaxt Ermənistanın düşməni olmayıb və olmayacaq".
  Politoloq Elçin Xalidbəyli "Sherg.az"a açıqlamasında deyib ki, son vaxtlar Paşinyan hakimiyyəti Rusiyaya qarşı siyasi-ideoloji savaş açıb. Analitikin sözlərinə görə, üstəlik, yalnız Baş nazir Nikol Paşinyanın açıqlamaları deyil, həm də rəsmi İrəvanın atdığı bütün addımlar birmənalı şəkildə Rusiyanın əleyhinə yönəlib: "Paşinyan hakimiyyəti Rusiya Prezidenti Vladimir Putinə qarşı həbs qərarı vermiş Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmaq üçün Roma statutunu Ermənistan parlamentində ratifikasiya etməyə hazırlaşır. 

Bu, o deməkdir ki, beynəlxalq hüquqa görə, Ermənistan Prezident Vladimir Putini həbs etmək öhdəliyi götürmək niyyətindədir. Digər tərəfdən, rəsmi İrəvan ABŞ-Ermənistan hərbi təlimləri keçirir. Rusiyanın hərbi müttəfiqi və KTMT-nin üzvü olan Ermənistanın bu addımı Kreml üçün qəbuledilməzdir. Üstəlik, nəzərə almaq lazımdır ki, hazırda ABŞ ilə hərbi təlimlər keçirən Ermənistan KTMT-nin hərbi təlimlərindən imtina etmişdi. Bura KTMT-nın israrlı müraciətinə baxmayaraq, rəsmi İrəvanın öz hərbi müttəfiqlərinin əvəzinə Ermənistanın sərhəd bölgəsində Avropa Birliyi mülki müşahidə missiyasını yerləşdirməsini də əlavə etmək olar".
  Ekspert vurğulayıb ki, ümumiyyətlə, Rusiya və Ermənistan arasında kifayət qədər ciddi ziddiyyətlər var: "Artıq iki müttəfiq ölkənin münasibətləri açıq qarşıdurma mərhələsinə keçməyə başlayıb. Rəsmi İrəvan son vaxtlar hətta Rusiyaya qarşı ittihamları açıq mətnli təhqirlərlə də əvəzləməyə xüsusi həvəs göstərir. Və Rusiyanı Ermənistanın təhlükəsizlik sistemi üçün yararsız müttəfiq kimi təqdim etməyə çalışır. Belə anlaşılır ki, Ermənistan Rusiyadan uzaqlaşmaq niyyətində olduqca ciddidir. Böyük ehtimalla rəsmi İrəvan hazırda KTMT-dən çıxmaq üzrə hüquqi prosedurları da aktuallaşdırmağa çalışacaq. Görünən odur ki, Paşinyan hakimiyyəti Rusiyanın çökməsinin qaçılmaz olduğu qənaətinə gəlib və ona görə də Qərbdən gələn bütün təlimatları icra etməyə çalışır. Ancaq bu, Ermənistan üçün olduqca təhlükəli bir geopolitik oyundur. Rəsmi İrəvanın Rusiya ilə belə böyük qarşıdurmaya heç bir resursu yoxdur. Sadəcə, Paşinyan hakimiyyəti Kremlin Ermənistanda dövlət çevrilişinə qərar vermiş ola biləcəyindən də duyuq düşüb. Ona görə də mümkün qədər Rusiya ilə qarşıdurmanı dərinləşdirib, bunun qarşılığında ABŞ və Qərbdən siyasi dəstək qazana biləcəyinə ümid bəsləyir. Çünki əslində, hazırda qarşıdurma birbaşa Rusiya və Ermənistan arasında deyil. Bu qarşıdurma sadəcə, Kreml və Paşinyan hakimiyyəti arasında aktualdır. Böyük ehtimalla Kreml Paşinyan hakimiyyətini devirməyə nail olacağı təqdirdə, Rusiya xəyanət yolunu tutmuş Ermənistan üzərində öz hegemon mövqeyini bərpa edəcək və indiki qarşıdurma da tədricən arxa plana keçirilməyə başlayacaq".