Peskov unudub... - Yaxud bilərəkdən sənədin imzalanma tarixini "cavanlaşdırıb"


"Biz həmin tarixin qısa müddətdə geridə qalmasını istəyirik ki, Rusiya hərbi kontingenti ərazimizi tez tərk etsin”

  Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan-Ermənistan arasında artan gərginlikdən danışıb. Peskov vurğulayıb ki, Moskvanın Bakı və İrəvanla təmasları davam edir. Onun sözlərinə görə, Kreml Bakı ilə İrəvan arasında gərginliyin səngiməməsindən və bəzi bölgələrdə gərginliyin artmağa meylindən narahatdır: “Gərginliyin səngiməməsindən və hətta bəzi sahələrdə artmağa meyilli olmasından narahatıq”. Putinin sözçüsü diqqətə çatdırıb ki, Rusiya təhlükəsizliyin etibarlı təminatçısı olaraq qalır. Peskov onu da əlavə edib ki, Bakı və İrəvanla təmaslar davam edir: “Əlbəttə, biz hər iki tərəfi təmkin nümayiş etdirməyə və 2 il əvvəl imzalanmış həmin üçtərəfli sənədlərin ruhunda, əlbəttə ki, o vaxtdan bəri ortaya çıxan yeni reallıqları nəzərə alaraq hərəkət etməyə çağırırıq”. O qeyd edib ki, Rusiya Laçın yolu ətrafında vəziyyətin nizamlanması üçün müxtəlif variantlar üzərində işləyir: "Moskva məlum məsələ üzərində həm Bakı, həm də İrəvanla çalışır".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, 44 günlük savaşa son verən üçtərəfli sənəd iki il deyil, 2020-ci ilin noyabrında imzalanıb, təxminən ay yarımdan sonra 3 ili tamam olacaq.
  Analitikin sözlərinə görə, Peskov unudub, yaxud bilərəkdən sənədin imzalanma tarixini “cavanlaşdırıb":

 "Biz həmin tarixin qısa müddətdə geridə qalmasını istəyirik ki, Rusiya hərbi kontingenti ərazimizi tez tərk etsin. Peskovun “yeni reallıqlar nəzərə alınmalıdır” açıqlamasını isə belə yozmaq olar ki, Ermənistan Laçın yolunda sərhəd məntəqəsinin reallığı ilə barışmalıdır. Çünki Ermənistan rəsmiləri daima Kremli bu məsələyə görə tənqid edirlər. Bu, Rusiya və Ermənistanın qəbul edəcəyi reallıqlardan yalnız biridir. Növbəti reallıqlar Ağdam-Xankəndi yolunun daimi istifadəyə açılması, separatçıların tərksilahı və Qarabağ ermənilərinin Azərbaycan qanunları ilə yaşamaları olmalıdır".