Yuri Kim ermənilərin başını sığallayır - RƏY

Amerikalılar daha böyük şövqlə haypərəstlik edirlər

Azərbaycan torpaqları işğal olunanda bizə qarşı 907-ci düzəlişi tətbiq edənlər qətiyyən dəyişməyiblər

  ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin vəzifələrini icra edən Yuri Kim erməni lobbisi ilə korrupsiya əlaqələrinə görə hazırda istintaq altında olan senator Bob Menendezin 14 sentyabr 2023-cü ildə Senatda təşkil etdiyi dinləmələrdə anti-Azərbaycan bəyanat verib. Amerika rəsmisi Laçın yolunun dərhal açılmasını tələb edərək “Dağlıq Qarabağın əhalisinə qarşı” güc tətbiqini qəbul etməyəcəklərini bildirib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib ki, Yuri Kimin səsləndirdiyi, ümumiyyətlə, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqları əks etdirməyən fikirləri isə sadəcə məyusluq doğurur. “Blokada və humanitar vəziyyət” ilə bağlı iddiaların əsassız olduğu ABŞ tərəfinə yaxşı məlumdur: "Ermənistan və Azərbaycan arasında müharibənin bitmədiyini iddia edən xanım Kimə xatırlatmaq istərdik ki, 10 noyabr 2020-ci il tarixində imzalanmış Üçtərəfli Bəyanatdan sonra tərəfimizdən hər iki dövlətin ərazi bütövlüyü və suverenliyi əsasında qarşı tərəfə sülh təklif edilib. Təəssüf ki, müharibə və münaqişə bitsə də, Ermənistanın 30 ilə yaxın işğal dövründə olduğu kimi danışıqların imitasiyası və davamlı hərbi-siyasi təxribatlar ilə məşğul olmasıdır. ABŞ tərəfinin timsalında beynəlxalq ictimaiyyətə, Ermənistanın qarayaxma kampaniyasına uymayaraq, bölgədə qeyri-sabitliyə töhfə verən bu kimi addımların bir parçası olmamağı tövsiyə edirik". Şübhəsiz, ABŞ hökumətinə yaxşı məlumdur ki, Laçın yolu bağlı deyil. Bu yoldan istifadəyə süni əngəl törədən Ermənistan hökuməti və onun Azərbaycanın Qarabağ bölgəsində hələ də dəstəklədiyi qanunsuz rejimin tör-töküntüləridir. Sülhdən dəm vuran ABŞ hələ də Ermənistandan öz ordusunun qalıqlarını Azərbaycan ərazilərindən çıxarmağı, qanunsuz erməni silahlı dəstələrinin tərksilah edilməsini tələb etmir. Yuri Kimin əmr şəklində danışıq tonu da yersizdir. Azərbaycanın suverenliyi heç bir ölkənin, o cümlədən xanım Kimin təmsil etdiyi ABŞ-nin suverenliyindən əskik deyil.
  Millət vəkili Sahib Aliyev "Sherg.az"a deyib ki, ABŞ Senatındakı dinləmə göstərdi ki, amerikalıların adı terrorla həmişə qoşa çəkilmiş Ermənistanla birgə hərbi təlimlər keçirməsi təsadüfi deyil. Deputatın sözlərinə görə, Azərbaycan torpaqları işğal olunanda bizə qarşı 907-ci düzəlişi tətbiq edənlər qətiyyən dəyişməyiblər:

"Əksinə, Rusiyanın bu regionda mövqelərinin zəiflədiyini görüb onu tam əvəzləmək üçün daha böyük şövqlə haypərəstlik edirlər. Yəni 100 il bundan öncə Qafqazla bağlı nə planları vardısa, indi içimizdəki "qrantcanlı"lardan da faydalanmaqla onu reallaşdırmağa çalışırlar. Bununla yanaşı, birgə təlim keçirməklə bərabər Arazdəyəndə haylara tikdikləri metallurgiya zavodunu söküb başqa yerə köçürmələri təsdiqləyir ki, yeni "vudro vilsonçu"ların da planları alınmayacaq. İlk növbədə ona görə ki, Azərbaycan xalqı öz dövlətinin və Müzəffər Ali Baş Komandanın yanındadır".
  Siyasi şərhçi Asif Nərimanlı da "Sherg.az"a açıqlamasında Yuri Kimin "“Qarabağ xalqı”na qarşı heç bir əməliyyata və hücuma dözməyəcəyik, bu çox aydındır" cümləsinə etirazını bildirib:

"Birincisi, “Qarabağ xalqı” yoxdur, orada erməni əhali var. Yuri Kimin fikirlərini ABŞ-nin Cənubi Qafqaz siyasətində son günlər anti-Rusiya mövqeyini gücləndirən Ermənistana ağırlıq verməsindən irəli gələn mövqe hesab etmək olar. Digər yandan Azərbaycan Qarabağdakı erməni əhalisinə yox, separatçılara və qanunsuz silahlı dəstələrə qarşı əməliyyat keçirə bilər. Bu artıq qaçılmaz prosesdir və olmayacağı müddətdə problem həllini tapmayacaq, o baxımdan, alternativ yol qalmayıb. Həmçinin amerikalıların “dözməyib, nə edə biləcəkləri” də maraqlıdır. Azərbaycana qarşı bəyanat verməkdən başqa heç nə etməyəcəklər. Çünki Vaşinqton İrəvana rəğmən, Ankara faktorunu və Bakı ilə münasibətləri kənara qoymayacaq. Azərbaycan separatçılara qarşı əməliyyata başlasa, Vaşinqton, eləcə də digər mərkəzlər eyni tipli bəyanatlar, açıqlamalar verəcək. Lakin praktik müstəvidə nəticəyə təsir edə biləcək addım atacaqları gözləntisi azdır".