Eynşteynin beynini oğurladı

Doktor beyni iki hissəyə bölüb və şüşə qabın içində, zirzəmidə saxlayıb

  Albert Eynşteynin beyninin bu gün də gizli bir yerdə, xüsusi nəzarət altında saxlandığı, dahi alimin beyni üzərində davamlı tədqiqatlar aparıldığı haqqında bu gün müxtəlif şayiələr dolaşmaqdadır. Halbuki A.Eynşteyn vəsiyyət etmişdi ki, vəfat etdiyində meyiti yandırılsın və ondan geriyə yalnız külləri qalsın. Çünki dünyanın onu mifləşdirməsinin, bütləşdirməsinin əleyhinə idi və beyninin necə bir yapıya sahib olmasının da hər kəsin marağında olduğunu da bilirdi. Amma belə olmadı. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən dahi alimin beyni barədə baş verənləri təqdim edir. Albert Eynşteyn 18 aprel 1955-ci ildə 76 yaşında vəfat edib. Onun vəfatından dərhal sonra kəllə qapağı açılaraq beyni çıxarılıb və bir şüşə bankanın içinə qoyularaq illərlə səyahət etdirilib. Hadisə belə olub: Eynşteyn vəfat edərkən xəstəxanadakı növbətçi patoloq doktor Tomas Harvey tibbi ekspertiza zamanı alimin kəllə sümüyünü kəsərək beynini çıxarıb. Bunun üçün o, kimsədən icazə də almayıb. Məsələ məlum olanda onu xəstəxanadan xaric ediblər. Lakin işdən çıxarılan doktor alimin beynini də özüylə Filadelfiyaya aparıb. Deyilənə görə, doktor beyni iki hissəyə bölüb və şüşə qabın içində, zirzəmidə saxlayıb. Tomas Harveyin həyat yoldaşı onun bu hərəkətindən xəbər tutub və müvafiq orqanlara xəbər verəcəyini bildirib. Bu zaman T.Harvey beyni də götürərək ölkənin qərbinə yol alıb. T.Harvey bir müddət Kanzas ştatında bioloji test laboratoriyasında çalışıb və alimin beynini soyuducunun altında bir qutunun içində gizlədib. Sonra Missuri ştatına gedib və orada tibb təhsilini təkmilləşdirmək istəyib, lakin nəticə əldə etməyib. Və yenidən Kanzasa qayıdıb. Müxtəlif işlərdə çalışıb. Yazar Villiam S. Burouj ilə dostlaşıb. Onun evində tez-tez qonaq olan T.Harvey alimin beyni ilə bağlı hekayələr uydurub. Yazar da qonaqlarına “istədiyiniz zaman sizə Eynşteynin beyninin hissələrini sata bilərəm”, deyərək lovğalanıb. Bu müəmmalı vəziyyət 1978-ci ilədək davam edib. Taki Steven Levi adlı müxbir doktor Harvey ilə tanış olanadək. Steven Levi peşəkar müxbir kimi T.Harveyi dilə tutaraq Eynşteynin beyni barədə məlumatlar əldə edib. Və beləliklə, həqiqət üzə çıxıb. Məlum olub ki, alimin beyni hissələrə ayrılmazdan öncə fotosu çəkilib, bunun üçün 35 mm-lik kameradan istifadə edilib. Harvey və Kaliforniyada birgə çalışdığı əməkdaşlar 40 il beyin üzərində tədqiqat aparıblar. Tədqiqatların nəticəsi olaraq açıqlanan sənəddə bildirilib ki, alimin beynində 2 növ hüceyrələr – neyronlar və glia anormal səviyyədədir. Alimin beyni digər insanların beynindən fərqli görünüşə sahibdir. Lakin bunların heç biri alimin fövqəladə zəkasının səbəbini müəyyənləşdirmək üçün yetərli olmayıb. Uzun illər heç nə əldə etmədiklərini görən “tədqiqatçılar”, nəhayət, alimin beynini varislərinə təslim edib. Onlarsa, alimin beynini Filadelfiyadakı “Mütter” Tibb Muzeyinə bağışlayıblar. Eynşteynin beynini oğurlayıb, lakin heç nə əldə etməyən T.Harvey isə 2007-ci ildə vəfat edib.