Utan, dünya: Bir qab yemək almaq üçün saatlarla növbə gözləyirlər

Təxminən 4 aya yaxındır ki, İsrailin Qəzza zolağına havadan və qurudan hücumları fasiləsiz olaraq davam edir. Bombardman altında olan Qəzza xalqı həm müharibə, həm də aclıqla mübarizə aparır. Onlar sığındıqları Rəfah şəhərində yemək almaq üçün saatlarla uzun növbələr gözləyirlər. Bu dəhşətli görüntülər dünyanın bir sıra media orqanlarında görüntülənib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Qəzza əhalisi oktyabrın 7-dən bu yana hücumlarla mübarizə aparmağa çalışır.

Fələstin xalqı bir tərəfdən hücumlara müqavimət göstərməyə çalışır, digər tərəfdən də aclıq və susuzluğa qarşı durmağa çalışır.
İnsanlar özlərinə və ailələrinə yemək almaq üçün darvazaların müxtəlif yerlərində yerləşən yeməkxanaların qarşısında saatlarla gözləməli olurlar.
İsrail ordusu fərq qoymadan bombalamağa davam edərkən, Qəzzada insan itkiləri günü-gündən artır. Müharibə başlayandan bəri davam edən hava, quru və dəniz hücumlarında həyatını itirən fələstinlilərin sayı 27 minə yaxınlaşıb.

Ən azı 11 mini uşaq və 7 min 500 qadın olmaqla, təxminən 66 min adam yaralanıb.