“Demokratiyadan “dərs” verən ATƏT yumşaq bir tənqidə dözmədi”- Aygün Attar “Şərq”ə danışdı


“Təşkilatın Azərbaycanla bağlı işlətdiyi ifadələr, verdiyi məlumatlar qərəzli idi”


 Mərkəzi Seçki Komissiyası (MSK) bu gün parlament seçkiləri ilə bağlı iclas keçirib. Məlumata görə, iclasda seçkilərlə bağlı müraciətlərə, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının müraciətinə baxılıb.
Qeyd edək ki, fevralın 11-də ATƏT/DTİHB fevralın 9-da keçirilən Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya məktub daxil olub. Missiya rəhbəri müraciət edib ki, müşahidəçilərdən biri – Aygün Attarın akkreditasiyası ləğv edilsin.Müzakirələrdən sonra MSK tərəfindən Aygün Attarın akkreditasiyası ləğv edilməsi məsələsi səsverməyə çıxarılıb və qəbul edilib.

Akkreditasiyasının ləğv edilmə səbəbləri barədə "Şərq"ə danışan  A.Attar  bunları söylədi:

- Mən hazırda Türkiyədəm. Seçkilərdən sonra Türkiyə qayıtdım. ATƏT/DTİHB-nin Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində müşahidəçi qismində iştirak etmək üçün Türkiyədən dəvət etdiyi  təmsilçi idim. Seçkilər bitdi və mən də Türkiyəyə qayıtdım. Akkreditasiyamın ləğv edilməsinin səbəbini söyləyə bilərəm. ATƏT/DTİHB seçkilərdən 2-3 gün öncə, müşahidəçilər üçün toplantılar keçirdi. Həmin tədbirlərin birində ATƏT/DTİHB-nin Azərbaycanla bağlı işlətdiyi ifadələr, verdiyi məlumatlar qərəzli idi.

Mən də onların bu qeyri-obyektiv münasibətlərinə dair etirazımı ATƏT/DTİHB-nin rəhbərinə yazılı şəkildə çatdırdım. Onların seçkilərlə bağlı obyektiv olmadılarını bildirdim. Digər müşahidəçilərə Azərbaycandan olan bəzi radikal və müxalif olan bloqerlərin fikirlərini yansıtmalarına və həmin adamların fotolarını göstərərək yönləndirmə etmələrinə narazılıq ifadə etdim. Onları obyektiv olmağa çağırdım. Çünki onların bu davranışları məndə seçkilər boyunca və seçkidən sonra da obyektiv olmayacaqları qənaətini formalaşdırdı. Mən də etirazımı həm türk, həm ingiliscə yazıb, rəhbərliyə ünvanladım.

Fevralın 8-də ATƏT/DTİHB-nin rəhbərinə müraciət etmişəm. Fevralın 9- da seçkilərə gedib, müşahidəçi qismində iştirak etmişəm. Vəzifəmi layiqincə yerinə yetirmişəm. Fevralın 11-də “Marriott” hoteldə baş tutan dəyərləndirmə toplantısında əvvəl mənə dedilər ki, sizin  akkreditasiyanızı ləğv etmişik. Səbəb kimi isə rəhbərliyə məktub yazmağımı göstərdilər. Baxın, Azərbaycana insan haqları və demokratiyadan “dərs” verməyə çalışan ATƏT/DTİHB-nin özü xəfif bir tənqidi həzm edə bilmədi.

Bu yumşaq və obyektiv tənqidə dözümlü yanaşa bilmədi. Bizi niyə tənqid etmisiniz deyib, mənim akkreditasiyamı ləğv etdilər. Mən müşahidəçi idim, obyektiv şəkildə müşahidələrimi apardım. Görəvimi layiqincə yerinə yetirdim. Başqa ölkələrin xarici işlər nazirləri də mənimlə birgə müşahidələr aparırdılar. Onların da bir müşahidəçi olaraq mənə qarşı etirazları yoxdur. Mən işimi obyektiv yerinə yetirmişəm. ATƏT/DTİHB mənim akkreditasiyamı sırf onların obyektiv olmadıqlarına etiraz etdiyim üçün ləğv etdilər”.