"Ekoloqların tələblərinə müsbət cavab verilmir"


Toğrul İsmayıl: "Azərbaycan dövləti bütün ərazilərində nəzarəti tam ələ keçirməlidir"
  Azərbaycan ekoloqları və digər qurumların nümayəndələrindən ibarət heyət Rusiya sülhməramlıları ilə növbəti görüş keçiriblər. Monitorinq qrupunun rəhbəri Məsim Məmmədov bildirib ki, Rusiya sülhməramlılarının qərərgahında keçirilən görüşdə təqdim edilən yol xəritəsinə uyğun olaraq “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış həyata keçirilməsi, müvafiq monitorinq və inventarizasiya işlərinin təşkili məsələləri müzakirə olunub. Əfsuslar olsun ki, monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb. Ekoloqlar bir daha qeyd ediblər ki, yataqların qanunsuz istismarı dayandırılmalı, ərazidə kompleks monitorinq işləri həyata keçirilməlidir.
  Ankara Universitetinin professoru, politoloq Toğrul İsmayıl "Şərq"ə açıqlamasında deyib ki, son yaşanan hadisələr göstərdi ki, Rusiya sülhməramlıları öz missiyalarını icra etmir və davamlı olaraq səlahiyyətlərini aşırlar. Professor vurğulayıb ki, Qarabağda qanunsuz erməni silahlılarının açıq-aşkar fəaliyyəti, separatçıların özlərini "müstəqil" qurum kimi təqdim etmə cəhdləri, Azərbaycan toponimlərinin təhrif olunması və s. təxribatlar məhz Rusiyanın gözü qarşısında baş verir: "İndi də Rusiya sülhməramlıları Azərbaycan ekoloqlarının tələblərinə müsbət cavab vermir və öz hərəkətlərini davam etdirirlər. Bu, yolverilməzdir. Azərbaycan dövləti bütün ərazilərində nəzarəti tam ələ keçirməlidir. Əks halda bənzər təxribatların ardı kəsilməyəcək. Sülhməramlıların əsas missiyası bölgədə təhlükəsizliyi təmin etməkdir, qurumların öz işini görməsinə mane olmaq yolverilməzdir. Etiraf etmək lazımdır ki, rus sülhməramlıları özlərini "ağa" kimi aparırlar. Bu problemin həlli yolu siyasidir. Azərbaycan və Rusiya rəhbərliyi, o cümlədən müvafiq qurumlar arasında mütləq anlaşma imzalanmalıdır. Rusiya sülhməramlılarının fəaliyyət istiqamətləri, çərçivəsi və əhatə dairəsi qəti şəkildə müəyyənləşməlidir. Sülhməramlıların fəaliyyət forması haqqında qanuni əsaslar yoxdur. Ona görə də torpaqlarımızda özbaşınalıq edirlər".
  T.İsmayıl vurğulayıb ki, indiki məqamda sülhməramlılar öz davranışları ilə üçtərəfli sazişin müddəalarını pozurlar: "Sazişin təməlində dəhlizlərin qarşılıqlı şəkildə açılması dayanır. Əgər erməni tərəfi Zəngəzur dəhlizini istəmirsə, Laçın yolunun da açıq qalması qəbuledilməzdir. Buna rəsmi Bakının tam hüququ var. Azərbaycanın bütün dövlət qurumları öz torpaqlarımızda qanuni vəzifələrini icra etmək, proseslərə nəzarət etmək ixtiyarına sahibdir. Onların sərbəst fəaliyyətinə qeyd-şərtsiz imkan yaradılmalıdır. Çünki DİN, "Azərişıq", "Azəriqaz", "Azərsu", "Azərenerji", o cümlədən ekoloqlar və başqa qurumlar ermənilərin təhlükəsizliyinə hansısa təhdid yaratmır. Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşıdır".